manera.az
manera.az

Xatirənin bir tərəfi nisgildi - Şeirlər

Xatirənin bir tərəfi nisgildi - Şeirlər

MANERA.AZ Rafael Həbiboğlunun şeirlərini təqdim edir:

O da mən..

Dərdlərinin üstə çıxıb, hövkələ,
Həsrətinlə donub qalan heykələm.
Gecə-gündüz qulağına hey gələn,
Səda mənəm, səda mənəm, səda mən..

Qasırğadır, sunamidir dörd yanın,
Gəmi yanır, yelkən yanır, dor yanır.
Tufanından qurtulmaqçın dəryanın,
Ada mənəm, ada mənəm, ada mən..

Yaxınımdın, nolar, indi dön yada,
Ərşə çatan günahları sal yada.
Qazandığın bir savab var dünyada-
O da mənəm, o da mənəm, o da mən..

Nə yaxşı ki, birdi Allah!

Adəmdən üzü bu yana,
Hamımız uyduq Şeytana.
Yenə rəhm etdi insana,
Yenə möhlət verdi Allah.

Qərar vermə şərikinə,
Yapışma daşın bərkinə.
Yüz ömür çatmaz dərkinə,
Möcüzədi, sirdi Allah.

Ömrümüzün ziyasıdır,
Ruhumuzun qidasıdır.
Qəlbimizin duasıdır,
Dilimizin virdi Allah.

Parçalardıq, tikə olsa,
Yeyilərdi, kökə olsa.
Neyləyərdik iki olsa?
Nə yaxşı ki, birdi Allah!..

Çəkirəm..

Səni görəndə, həsrətin
Sinəsinə dağ çəkirəm.
Dilənçiyə pay verirəm,
Çörəyinə yağ çəkirəm.

Şirin canı bezdirirəm,
Dua-bitik yazdırıram.
Nə vaxtdı dərd gəzdirirəm,
Hey aran-yaylaq çəkirəm.

Qəmindən alnım qırışıb,
Dərdindən duşum qarışıb.
Görmürsən başım qarışıb?
Gecə-gündüz ah çəkirəm...

Gəlib çıxdıq bu vədəyə,
Məndən sənə bir hədiyyə.
Burdan quş uçacaq göyə,
Tərpənmə...
dur...
bax...
çəkirəm!..

Xatirələr..

Xatirələr uçundurur adamı,
Şimşək kimi qamçılayır beynini.
Yada düşür ən kiçik bir xatirə,
Yağış yağır, damcılayır beyninə...

Külək qəfil uğuldayır arada,
Gün şaxıyır, üz-gözünə tər gəlir.
Səni səndən alıb gedir yaddaşın,
Sıxılırsan, dünya sənə dar gəlir.

Xatirənin bir tərəfi nisgildi,
Bir tərəf də göynərtili hıçqırıq.
Gecə keçir, ürəyinə ox batır,
Ox yerindən qızıl qanın fışqırır...

Özüm..

Özüm özümdən olmuşam,
Özüm özümə yolmuşam.
Özüm özümü yolmuşam,
Özüm özümə kirkidəm*..

Sındırıram öz-özümü,
Dondururam öz-özümü.
Yandırıram öz-özümü,
Özüm özümə kibritəm...

Özüm özümdən naçaram,
Özüm özümdən qaçaram.
Özüm özümə açaram,
Özüm özümə kilidəm...
* kirkid- xalça toxumaqçün işlədilən alət, dişli döyəc

Dünya..

Dünya bir kotandır, biz də zəmiyik,
Xışlaya-xışlaya gedir bu dünya.
Yığıb xurcununa doldurub bizi,
Boşlaya-boşlaya gedir bu dünya..

Dağlara çıxırıq, düzənlər qalır,
Sözü inci kimi düzənlər qalır.
Dünya zərbəsinə dözənlər qalır,
Daşlaya-daşlaya gedir bu dünya..

Bir gözü əyridir, bir gözü düzdür,
Gah zülmət gecədir, gah da gündüzdür.
Həyat dedikləri qupquru sözdür,
Yaşlaya-yaşlaya gedir bu dünya..

Rəfail, ömür də şimşək çaxışı,
Bu dünya bizlərə verməz naxışı.
Yaz gəlsə, deyərdik "ayə, nə yaxşı...",
Qışlaya-qışlaya gedir bu dünya..
20.02.2021.

Qıpqırmızı qan..

Səni də dişimə vurdum,
Baxdım da sənin dadına.
Ürək qanımla bir kitab,
Yazdım da sənin adına.

Məndən sənə gələn səsim,
Səndən mənə qayıtmadı.
Göyə bülənd olan naləm,
Hayıf, səni oyatmadı.

Ağzımda turş tamın qalıb,
Boğazımı qovuşdurur.
Yuxuda hər gecə Tanrım,
Səni mənə qovuşdurur...

Bir zamanlar uçurmuşuq..

Heç kim bizi sıxammazdı,
Bu sıxma-boğmalar kimi.
Dünya kimə cənnət olar,
Talayıb-yağmalar kimi...

Gözümüzdən düşən yaşlar,
Yerə düşcək, gül bitirər.
Uzaqları yaxın eylər,
Dosta salamlar yetirər-
Nur dolu damlalar kimi...

Bizdən öncə kim var idi?
Kim qalar bizdən sonraya?
Sözdən öncə kim var idi?
Kim qalar sözdən sonraya?
Söz kimi damğalar, kimi?..

Deyirlər ki, qanad çalıb,
Bir zamanlar uçurmuşuq...
Nə yazıq ki, sən görən o
qalaları uçurtmuşuq...
Özümüz də uçulmuşuq-
Yiyəsiz daxmalar kimi...

Kəfən ən gözəl köynəkdi..

Uşaq idik, nə biləydik?
Onda da hər şey beləydi...
Bütün təzələr təzəydi,
Bütün köhnələr köhnəydi...

Vaxt gəldi, böyüdük, amma,
Sevincimiz böyümədi.
Təzə dərdlər yarandıqca,
Arzularımız köhnəldi...

Tanrı nəyi vermişdisə,
Bircə-bircə geri aldı.
Görmək, eşitmək, yerimək...
Bir tək deyinməkdi, qaldı.
Uçub gedən durnalar da,
Dimdiyindən bir ah saldı-
Baxdıq, sinəmiz göynədi...

O durnalar dönməz oldu,
Gedəmmədik dağlara da.
Orda qoyub gəldiyimiz,
Viran olmuş bağlara da.
Qarışmadıq ölənlərə,
Qoşulmadıq sağlara da.
Dərd dəli-dəli kişnəyən,
Göylə əlləşən köhləndi...

Daşam ha, dəmir deyiləm,
Dəmiri başa geyirəm.
Xudam buyursa: "Döy görüm!",
Başımı daşa döyərəm.
Göz yumub-açınca bitdi,
Adına "ömür" deyilən.

Bu dünya əzəldən, vallah,
Billah, köhnədən-köhnəydi.
Elə, yaxşısı, yığışıb,
O biri dünyaya getməkdi-
Kəfən ən gözəl köynəkdi...

Alma oğurluğu..

Gərək dərməyəydik bu almaları,
Rahatca gəzəydik cənnət bağında.
Kaş can atmayaydım mən sənə sarı,
Yanıb-qovrulsam da həsrət dağında.

Bu nəydi, sən niyə belə elədin?
Sən niyə yolumdan döndərdin məni?
Bilmirdin bu eşqin sonu belədi?
Alma gətirməyə göndərdin məni...

Kim səni çıxartdı mənim qarşıma?
Üz-üzə gəlib də törətdik qəza.
Tanrı buyruğuydu, barış-barışma,
Əməl eləmədik, kəsildi cəza...

"Həvva", mən sən adda qadına baxdım,
Görürsən başımdan çıxan tüstünü?
Bircə yol almanın dadına baxdım,
Əncir yarpağıyla gəl ört üstümü...

Afətin vəsfi..

"-Vəsf et məni, şair!
-Vəsf zamanı deyil, Afət..."

("Zamanı deyil" desə də, ürəyi dözmədi şairin...)

Cahana yaraşıq verən gözəllər,
Cahanın özündən min qat gözəldir.
Səni bu dünyaya gətirən Tanrım,
Görən, bildimi ki, gözəl düzəldir?..

Dağlardan ucasan, zirvədən başsan,
Yerin ürəyimin ən üst qatında.
Məqamın alidir Haqq dərgahında,
Ülviyyət, qüdsiyyət sənin zatında...

Hurisən, Pərisən, Mələksən, nəsən?
Eşqin maqnit kimi ruhumu çəkir.
Tanrının ən gözəl əsəri sənsən,
Dünyaya gəldiyin günə min şükür!..

Atəşsən, ocaqsan, tonqalsan, odsan,
Könül cazibənə düşüb oynayır.
Mən yoxam, heçliyə çəkilib cismim,
Gördüyün ruhumdur, coşub-qaynayır...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031