manera.az
manera.az

Allah, nolar, əlini uzat, Günəşi yandır! - Yeni şeirlər

📅 05.01.2021 09:17

Allah, nolar, əlini uzat, Günəşi yandır! - Yeni şeirlər

Qulu Ağsəs

Qarabağın qəzası

Göyə dəyərdi başı, bəlkə, Allah rizası,
Bir az da böyüsəydi Qarabağın qəzası.
İslaq günəş, quru yel, alovlu su diyarı,
Durnası da köçməzdi qürbətə bu diyarın.
Gecənin qapısını erkən örtərdi səhər,
Toxumdan tez bitərdi torpağa tökülən tər.

Burda özgə nə gəzir, burda yad nə karəydi?
Xanı özündən xandı, bəyi özündən bəydi!
Bir ovuc kafir gəldi hayandansa yol azıb -
Qəzaya düşdü o gün Qarabağın qəzası...
Üzü də sıyrılmadı, sınmadı bir yeri də
Qəzaya düşməyindən olmadı xəbəri də.

Qarabağ əldən gedir - bir səhər durdu, gördü
Qurd oğlu torpağına daraşan qurdu gördü.
Ovcunda saxladığı yağı minib boynuna
Damarında durmadı, qan sıçradı beyninə.
Dedi, bunlar nə alçaq, necə bədəsildilər,
Yumruğunu sıxınca ovcunda əzildilər!
...Bu bir ilahi hökm, bu bir Tanrı cəzası,
Bir də qəzaya düşməz Qarabağın qəzası!..
23 dekabr 2020

Noyabr

İsti otaqda
dişi dişinə dəyirdi,
titrəyirdi çənəsi:
"Allah, nolar,
əlini uzat,
Günəşi yandır!"
- yalvarırdı əsgər nənəsi...
28 noyabr 2020


Baxış sayı - 845 | Yüklənmə tarixi: 05.01.2021 09:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031