Rəssam - şairlərdən şeirlər | MANERA.AZ
27 fevral - Dünya Rəssamlar Günü kimi qeyd olunur.Manera.az bu münasibət ilə Azərbaycanın iki tanınmış rəssam-şairinin şeirlərini təqdim edir:
MƏMMƏD DƏMİRÇİOĞLU
***
Adam olan- edam olur dünyanın
Qəpiyinə, quruşuna bənd olub.
Eşq əhlinin gözü, könlü durulur,
Bir çiçəyin duruşuna bənd olub.
Sevən kəsin gözlərində çay gözəl,
Ürəyinə oxlar atan yay gözəl…
Bir dərdimi çəkəmmədin, ay gözəl,
Dəli könlüm bir qoşuna bənd olub.
Sevə-sevə oxşayasan Kürə sən,
Axa-axa könüllərə girəsən.
Hara gedir Dəmirçoğlu görəsən,
Bu yolların yoxuşuna bənd olub?
Dərd əhlinə avazı xoş neylərin,
Eşq əhlinə yer dayazdı, göy dərin.
Axır bir gün uçacağam, göylərin
Alabəzək bir quşuna bənd olub.
***
Evinizin pəncərəsi bağçaya,
Pəncərə tək açılıbdı bağ çaya.
Məni sorsan, çıx bağçaya, bax çaya
Çayda batan çilik-çilik ay mənəm.
Yuyub getdi o dağların daşını,
Görəmmədin gözlərimin yaşını.
Bağçanızın ayağını, başını
Yarpız-yarpız öpüb gedən çay mənəm.
Qərib gecə ayrılığa yoldu, bax,
Qara-qara saçlarını yoldu bax,
Pəncərədən durna səsi doldu, bax,
Köçüb gedən qatarını say - mənəm.
***
Sevda quluyam, azmışam,
Sevginə tuş eylə məni.
Sıx köksünə, sal könlünə,
Qəfəsdə quş eylə məni.
Neynirəm şəkəri qəndi,
Neynirəm şəhəri, kəndi,
mənim işim könülnəndi,
Könül ver, nuş eylə məni.
Qərq oldum sevda sehrinə,
Baxma qəhr olmuş təhrimə.
Qonaq gəl könül şəhrimə,
Gəl də, bihuş eylə məni.
ADİL MİRSEYİD
***
Bir dəli şeytan deyir
Sən də at şeirin daşını
Çıx get qara Afrikaya
Rembo kimi qat başını.
Öpülməmiş bir qız tap
Bir də köndələn daxma
Heç kimə məktub yazma
Güzgülərə də baxma
Nə din, nə dil, nə də Vətən
Hamısı çıxsın yadından
Amma bir gün uçan yerdə
Vursunlar qanadından
Qar eskizi
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır
...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır
gecə yağışı
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım
nə tüfəng asılıb divardan nə saz
bəlkə öz ömrümü uydurmuşam mən
bəlkə yüz il əvvəl oynamalıydım
bəlkə bu yuxudan gec durmuşam mən
nə bir at kişnəyir nə köpək hürür
divar saatı da susub qorxuda
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ