Xocalıya həsr olunmuş şeir müsabiqəsinin qalibləri açıqlanıb
Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən elan edilən "Xocalı faciəsi ədəbiyyatda" şeir müsabiqəsinin qalibləri elan edilib.
Kitabxanadan Manera.az-a bildirilib ki, keçirildiyi 14 gün ərzində müsabiqəyə çoxlu sayda iştirakçı qatılıb. İştirakçıların sayının çox olmasını nəzərə alaraq, Respublika Gənclər Kitabxanası öncədən qeyd edildiyi kimi, iki yox, üç qalibin seçilməsinə qərar verib. Qaliblər onlayn səs çoxluğu əsasında ("Bəyənmə" sayına görə) müəyyən edilib.
Beləliklə, şeir müsabiqəsində 1709 nəfər səs çoxluğu ilə Nihad Əlimuxtarov birinci, 911 nəfər səs çoxluğu ilə Gülay Hacızadə ikinci, 732 nəfər səs çoxluğu ilə müsabiqənin ən gənc iştirakçısı 4 yaşlı Sirac Məmmədov üçüncü yerə layiq görülüb.
Qaliblər kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.