Onlayn müsahibələrin ilk mərhələsi başa çatdı
Dekabrın 14-dən başlayan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi dünən başa çatıb.
Manera.az xəbər verir ki, hər gün fəndən və komissiya sayından asılı olaraq, maksimum 258 nəfər dəvət olunub. Müsahibələrdə 98-100 faizlik iştirak davamiyyəti müşahidə edilib.
Belə ki, dəvət olunan 2209 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb. Onlardan 2196 namizəd müsahibələrdə iştirak edib. Müsahibələrə qatılmayan 13 nəfərin hamısı hərbi xidməti davam edənlərdir.
Hazırda hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.
Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət heyətlə təmsil olunan onlayn komissiyalar hər namizədə ümumilikdə 15-20 dəqiqə vaxt ayırıb. /muallim.edu.az/