manera.az
manera.az

Gözlərim şəklindən asılı qalıb - Yeni İmza

📅 18.12.2020 18:11

Gözlərim şəklindən asılı qalıb - Yeni İmza
MANERA.AZ "Yeni İmza" layihəsində gənc şair Azər Ərzinin şeirlərini təqdim edir:

Gözlərim şəklindən asılı qalıb

Sən yoxsan, asılıb şəklin divarda,
Gözlərim şəklindən asılı qalıb.
Nə vaxtdır, əlindən tuta bilməyir,
Əllərim qoynuma qısılı qalıb.

Töküldü həsrətin başıma dən-dən,
Səndən incimirəm, küsmüsən məndən,
Necə inciyərəm mən axı səndən
Mənimlə bəxtim də küsülü qalıb.

Bu dərdin qəddini əyə bilmədim,
Bu qədər utandım niyə, bilmədim,
Dilimə gətirib deyə bilmədim,
Sevgim varaqlarda yazılı qalıb.

Boş imiş bütün bu yazı-pozular,
Şeirlə bitməzmiş ağrı-sızılar,
Təəssüf, olmadı gerçək arzular,
Yenə də ürəyim arzulu qalıb.

Bəs o elədiyin əhdin hardadır?!
Ürəyim dərddədir, intizardadır,
Gözüm gözlərindən uzaqlardadır,
Əlim əllərindən üzülü qalıb.

Uzatdım əl, kəsdin sən ətəyini,
Məhv etdin qəlbimin hər diləyini,
Süzmədin camıma vüsal meyini,
Göz yaşım gözümdən süzülü qalıb.

Yamanca əcəlin gəlib

Yamanca əcəlin gəlib,
Çək torpağı başına, yat.
Torpağın altında səni
Eləməz heç kim narahat.

Qarışma heç nəyə, baxma
Bu səs-küy, bu qovğa nədir.
Durma daha məzarından,
Oyanma, dincəl əbədi.

Qorxma, soyuq dəyməz sənə,
Arxayın yat bütün günü,
Başdaşın başında durub
Arada örtər üstünü.

Kağız

Uzaqlaşın yanımdan, nəyə gərəksiz axı?!
Məni yalqız buraxın bu bir parça kağızla.
O qədər uzaqlaşın, daha heç rastlaşmayaq,
Nə qədər ki, var yazın məsafəsi payızla.

Bu bir parça kağızdır mənim ən yaxın dostum,
Vaxt olub ki, onunla küsmüşəm, barışmışam.
Mənim bir dərdimi də dinləməmisiniz siz,
Hər nə dərdim olubsa, tək ona danışmışam.

Rahatlıqla tək ona hər sözümü demişəm,
Tək odur agah olan ürəyimin sirrinə.
O mənim ən yaxınım, o mənim ən doğmamdır,
Necə qoyum özgəni axı onun yerinə!

İlahi, nə güclüymüş bu bircə parça kağız,
Nə qəm yüklədim ona, daşıdı heç dinmədən.
Hələ də heyrətdəyəm, bax bu boyda adamlar
Əl boyda kağız qədər dözümlü olmur, nədən?!

Şəhər və mən

Eyni qalıb burda hər şey,
Yenə o yol, həmin küçə,
Əvvəlkitək gün açılır,
Əvvəlkitək düşür gecə.

Yenə də eyni maşınlar
Eyni şosselərdən keçir,
Bə'zi tanışlar da mənə
Əl eləyib hərdən keçir.

Park da olduğu kimidir,
Fəvvarəsi, skamyası,
Orta yaşlı bir dayının
Kola, popkorn satması.

Eynidir dəmiryolu da,
Eynidir mavi Xəzər də.
Səndən sonra tək dəyişən
Mən olmuşam bu şəhərdə.

Darmadağındır ürəyim,
İtib təbəssüm üzümdən.
Həyatımdan çıxıb getdin,
Həyat da düşdü gözümdən.

Gündüzlər də darıxıram,
Gecələr də darıxıram,
Bir vaxt birgə gəzdiyimiz
Küçələrdə darıxıram.

Hanı bəs o günlərimiz?!
Şossedə maşınlar vurdu?!
Yoxsa o əl yelləyənlər
Tutub əlindən apardı?!

Görən danışsam dərdimi,
Fəvvarələr qurumaz ki?!
Həsrətimin çəkisindən
Skamyalar qırılmaz ki?!

Kənardan satıcı dayı
Çağırır: “ Gəl, kola verim?”
Deyirəm: “Bir şey ver mənə,
Qəlbin odunu söndürüm.”

Hardadır xoşbəxtliyimiz?
Qatarmı apardı, getdi?
Bəlkə çoşub-daşıb Xəzər
Öz sularında qərq etdi.


***
Dalınca hər şeyi bir gün qoyub, çıxıb gedəsən,
Nə çıxsa qarşına, bir-bir vurub, yıxıb gedəsən.

Yığışdırıb bütün ol yazdığın qəzəllərini,
Atıb alov içinə, yandırıb-yaxıb gedəsən.

Oyatmasın gərək heç kimsəni sənin gedişin,
Xəfif yel tək əsib, su kimi axıb gedəsən.

Deyib yalandan o cananə: –Sevmirəm səni mən–
Dönüb məhəbbət ilə arxaya, baxıb gedəsən.

Ürəkdə saxlayıb, Ərzi, nihan məhəbbətini,
Bu gizli dərd ilə öz qəlbini sıxıb gedəsən.


***
Çəkirəm rəsmini sözlə ən həzin duyğuların,
Yayıram hər yana qəlbin bu gözəl arzuların.

Ürəyim cuşə gəlib car eləyir şe'rü qəzəl,
Qoşuram nəğməsinə şe'rimi çılğın suların.

Qəlbimin arzusuna gəldi güc hicran dərdi,
Aşiqin qəm bölür, ey gül, gecələr uyğuların.

Gözəlim, möhnəti-hicranın elə qorxuludur,
Heybətiylə elədi məhv o ölüm qorxuların.

Azəra, çaldı sənin qəlbini yar oğru kimi,
Sən şərindən saqın hər vaxt bu cür oğruların.


***
Nə çoxdu dərdimiz, heç kəs onun sayın bilə bilməz,
Onun öz ölçüsü vardır, ədədlə ölçülə bilməz.

Gülüşlərim ürəyimdən gələn deyil, bunu bil ki,
Ürəkdə dərdi olanlar ürəkdən heç gülə bilməz.

Nə vaxt ölərsəm əgər, bil ki, öldürüb məni hicran,
Fərağ dərdi çəkən başqa dərddən ölə bilməz.

Sənin bu dərdini, daşdırsa qəlbi sevgili yarın,
Onun lap eşqinin uğrunda can fəda elə, bilməz.

Әgər ki, yoxdur o yarım, nə xeyri var bu şərabın,
Qübarı, dərdi ürəkdən şərab, mey silə bilməz.

O yarı mən elə sevdim, nə məndən öncə var idi,
Nə sonra mən kimi aşiq bu aləmə gələ bilməz.

Gözlər

Gözlər... O məhəbbət dolu, sevda dolu gözlər,
Məndən-məni almış da, bu atəşlərə salmış.
Şair oturub yol qırağında səni gözlər,
Min fikrə onun yaşla dolan gözləri dalmış.

Gözlər... Məni, bir gör, necə məst eylədi meysiz,
Bir qıyqacı baxmaqla alıb ağlımı başdan.
Salma araya həsrəti, hicranı gərəksiz,
Çəkmə üzərimdən gözünü, sevgili canan.

Tapmışdı o gözlərdə gözüm sevgi-məhəbbət,
Getdin, gözümü gözlərinə saxladın həsrət,
Әvvəlki kimi, gəl, oturaq göz-gözə təkrar.

Dön, gəl mənə, canlansın o gözlərdəki sevgi,
Öz aşiqin əvvəlki kimi, gəl, yenə sev ki,
Sevdalı ürək, qoy gələ, yarım, sözə təkrar.

Dal yenə bu gecə xəyala

Dal yenə bu gecə xəyala, şair,
Uzaqlaş dünyanın dərdi-sərindən.
Bilmə kədər nədir, dərdü-qəm nədir,
Keçmə bu həsrətin həndəvərindən.

Unut bir gecəlik qəmi, kədəri,
Yaşa xəyallarda xoşbəxt, gülərüz.
Dadma bir bu gecə hicran zəhəri,
Camına xoşbəxtlik şərabını süz.

Düşün ki, bilmirsən sən, həsrət nədir,
Belə bir hissi heç yaşamamısan,
Qəm-kədər yükünü daşımamısan.

Düşün, həsrət səndən xeyli gendədir,
Bəsləyir sevdiyin məhəbbət sənə,
Yoldaşdır həmişə səadət sənə.

Gedirəm

Daha bu şəhərdə axtarma məni,
Izim də qalmayıb heç bir yerində.
Tərk edib buranı, çıxıb gedirəm,
Bəlkə qayıdaram günün birində.

Bəlkə də bir daha qayıtmaram heç,
Təsəlli taparsan şəkillərimdə.
Mən isə sadəcə qələm tutaram
Həsrətdən yazmağa bu əllərimdə.

Gedirəm, çalış ki, darıxma mənsiz,
Mənə fikir vermə, şair adamam.
Sənsiz darıxaram, ağlayaram da,
Gülməklə elə də yox mənim aram.

Yığıb hər şeyimi mən bu şəhərdən
Gedirəm izsiz bir meşəyə sarı.
Bəlkə xəyallarda tamamlayaram,
Tale eşqimizi saxladı yarı.

Özümə kiçik bir ev tikəcəyəm,
Nə rəfi olacaq, nə də sobası.
Qoyacam sadəcə içində onun
Taxtadan düzəlmiş yazı masası.

Bir qələm, bir dəftər bəsim olacaq
Düşünüb yazmağa keçən günləri.
Elə yazacağam, təsvir edəcəm
O qəmli keçmişə köçən günləri.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 125 | Yüklənmə tarixi: 18.12.2020 18:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031