manera.az
manera.az

Payız gəldi, uçdu getdi quşlar - Fikrət Qocanın şeirləri

Payız gəldi, uçdu getdi quşlar - Fikrət Qocanın şeirləri
Fikrət QOCA - 85
Xalq şairi


PAYIZ GƏLDİ…

Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Özümü aldadıb hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz...

GÖRƏNDƏ... GÖRMƏYƏNDƏ...

Səni görməyəydim mən fağır, təki, -
Səni görən yazıq, görməyən yazıq.
Görməyən dünyada nə görübdürki,
Görən nə çəkmişəm bilir mən yazıq.

Desəm ki, mənim ol, el mənə gülər,
Deyirlər, get otur qafiyə tap yaz.
Bütün yer üzündə qalan dəvələr
O qızın nazını çəkib aparmaz.

Əl göydən üzülüb, ayaq da yerdən.
Görüb öz başıma iş açmışam, iş.
"Kaş ki, görməyəydim" desəm də hərdən,
Onu görməyincə mən heç nəyəmmiş...

SƏNSİZ

Sənsiz üşüyürəm türyan istidə,
Sənsiz söhbətlərdə yersiz sözəm mən.

Bəzən haylı-küylü bir məclisdə də
Qəribəm, tənhayam, kimsəsizəm mən.

Mənə bir ömürdür bir anlığın da
Çağırsan qəbirdə dayanmaram mən.
Uyusam gözünün qaranlığında
Yeddi günəş yansa oyanmaram mən.

Bilsəm ki, sevirsən, sonsuz səhrada
Ulduzsuz gecədə, mən tək deyiləm,
Sənsiz biganəyəm, tanışa, yada,
Sənsiz özümə də gərək deyiləm.

Dostlar qayğısıyla neyləsin buna,
Kollektiv neyləsin, yalqızam, yalqız.
Mənim ürəyimin tənhalığına
Neyləsin həmkarlar təşkilatımız.

YAŞ O YAŞ DEYİL Kİ

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim sonuncu məhəbbətimsən.

Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.

Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü -
Yaş o yaş deyil ki… heyif ki, deyil.

YADIMA SƏN DÜŞƏN ZAMAN

Dağlar ayağıma enir,
Gözlərimə nur ələnir,
Arzularım pöhrələnir,
Yadıma sən düşən zaman

Qış dönüb laləzar olur,
Buzlu çöllər bahar olur,
Düşmən də dönüb yar olur,
Yadıma sən düşən zaman.

Mənim eşqim,mənim nəğməm,
Həm sevincsən,həm də ki qəm,
Ölü olsam dirilərəm,
Yadıma sən düşən zaman.

ENƏN DEYİLƏM

Səndən, özümdən də daha bezmişəm,
Özümün cəzamdı özüm dözmüşəm.
Yayından ayrılmış oxam, süzmüşəm,
Mən bir də geriyə dönən deyiləm.

Huşunu ayıldıb taleyin daşı,
Təzədən gözündə olmuşam yaxşı.
Leysana dönsə də gözünün yaşı,
Sevinən deyiləm, sönən deyiləm.

Çarxım çevrilsə də, yatsa da baxtım,
Sellər aparsa da demərəm: "axdım!"
Görsəm ki, ucalıb göylərə qalxdın,
Sən qalxan zirvəyə enən deyiləm.

SƏNSƏN

Sənsiz yaşayaram, sənsiz ölmərəm,
Sənsiz ağlamaram, sənsiz gülmərəm.
Sənsiz bu dünyanı dünya bilmərəm,
Dünya məhəbbətdi, sevgidi, sənsən.

Quşlar sənin üçün gəlir hər bahar,
Güllər sənu görüb gülür hər bahar.
Bulaqlar bilir ki, səni sevən var,
Küləklər bilir ki, tez-tez küsənsən.

Ömrümə işıqdır qara gözlərin,
Ruhumu titrədir şirin sözlərin.
Yaraşığı sənsən gülər üzlərin,
Bağlarda qərənfil, nərgiz, süsənsən.

Baxtım, varım-yoxum, qismətim mənim,
Hökmüm, ərkim, canım, ismətim mənim.
Səndədir hər sözüm, söhbətim mənim,
Sən mənim sözümü tez-tez kəsənsən.


***
Odlu baxışların şumlayır məni,
Bilmirəm sevgidi, yoxsa həvəsdi.
Məni eşqə salıb biabır etmə,
Onsuz da çəkdiyim özümə bəsdi.

Axı qəlbimdəki qasırğalara
İnadla özünü niyə atırsan.
Öz rahatlığını çəkirsən dara,
Mənim də yuxuma haram qatırsan.

Mən də könül versəm, sevilsəm əgər
Avara külək tək qalacağam tək.
Tənha ağacları bəs kim dinləyər?
Yox, səni unudam, unudam gərək.

Dalğalar, söyüdlər eh, kimlər, nələr,
Mənsiz sübhə kimi üsyan edəcək.
Bir deyil, beş deyil bu bəhanələr,
Yox, səni unudam, unudam gərək.

İKİNCİ GÖRÜŞ

Oturduq yanaşı, susduq yanaşı,
Dən düşmüş saçına baxdım arada.
Sən də mənə dedin ağarır başın,
Görməyə nə var ki, ağı qarada.

Gecikmiş məhəbbət son bahar kimi,
Həm kədərli olur, həm də ki, şirin.
Anamın çaldığı laylalar kimi
Arzuyla doludur ala gözlərin.

Qalmışıq biz odla su arasında,
Gənclik məhəbbəti, müdriklik yaşı.
Ömrün bu qəribə macərasında
Oturduq yanaşı, susduq yanaşı.

Birdən fıkrimizi elə bil gördük,
Qəmli gülümsündük bir-birimizə.
Elə bil bununla açıq deyirdik –
Bu yaşda məhəbbət yaraşmır bizə.
Ürək necə olub unudub yaşı...
Oturduq yanaşı, susduq yanaşı.

MƏHƏBBƏTDƏN SUAL

Qızlar məhəbbətdən sual verirlər,
Dünyada məhəbbət alimi yoxdu.
Bilmirəm heç nəyə vüsal deyirlər,
Axı zəhrimarın elmi yoxdu.

Yanıb-yaxılmışam eşqin oduna,
Dərəyə enmişəm, ucalıq qalıb.
Layiq deyiləmmiş onun adına,
Mənə məhəbbətdən qocalıq qalıb.

Canım yana-yana indi kül salıb,
Axırı bu imiş, ay dadi-bidad.
ÜIvi məhəbbətdən mənə bu qalıb:
Bir dəstə uşaqdı, bir qoca arvad.

YAŞAMAQ EŞQİNƏ, HƏYAT EŞQİNƏ

Qədim tarixləri aç varaq-varaq,
Acizə əyilən qəhrəmana bax.
Alim qoyun güdüb, əlində çomaq,
Yaşamaq eşqinə, həyat eşqinə.

Dostunu düşmənə əzdirən də var,
Özü öz canını üzdürən də var.
Ölümü qoynunda gəzdirən də var;
Yaşamaq eşqinə, həyat eşqinə.

Yaşamaq hər kəsə gəlməsin asan,
Ya gənc, ya qoca ol, daim yoldasan.
Uzaq ulduzları gəzəcək insan
Yaşamaq eşqinə, həyat eşqinə.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 879 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930