manera.az
manera.az

Sən həmişə mənimləsən - Nazir Rüstəmin şeirləri

Sən həmişə mənimləsən - Nazir Rüstəmin şeirləri
MANERA.AZ aktyor, şair Nazir Rüstəmin şeirlərini təqdim edir:

***
Ya gün olsun, ya da yağış,
Ya yay olsun, ya da ki qış...
Yeri-göyü naxış-naxış
Çəkirəm bir ağ varağa.

Torpaq altda itən kimi,
Boy çıxarıb bitən kimi,
Dərdi cücərdib dən kimi
Əkirəm bir ağ varağa.

Yol gedirəm ölümümlə,
Kədərimlə, dərd-qəmimlə.
Söykəndiyim qələmimlə
Çökürəm bir ağ varağa.

Yollar yorur dizlərimi,
İllər silir izlərimi.
Sənsizlikdə gözlərimi
Tikirəm bir ağ varağa.


***
Mənə qəmli nəğmə oxu-
Ağlat məni, çıxım, gedim.
Oxu, kəlmə-kəlmə oxu-
Aldat məni, çıxlm, gedim.

Sirri var dağın-daşın da,
Buludun da, yağışın da.
Ağla, gözünün yaşında
Ovut məni, çıxım, gedim.

Bu ayrılıq birdən gəldi,
Yeridi, hər yerdən gəldi,
Göydən gəldi, Yerdən gəldi-
Unut məni, çıxım, gedım.

Bu nəğməni kim oxudu?
Bu ilməni kim toxudu? -
Deyirsən bu bir yuxudu...
Oyat məni, çıxım gedim.


***
Heyif ötən günlərə,
Bir də çətin qayıda.
Ötürdük bu baharı,
Qurtardıq bu yayı da.

Həsrət qaldıq dənizə,
Sahilə də, suya da...
Uçub görünməz oldu
Ağappaq qağayı da.

Qoşa baxardıq suda
Nazlanan o aya da...
Heyif, bu yay da bitdi,
Heyif, çətin qayıda.

Sən də getdin yay kimi...
Üşüdüm sənsiz, gülüm.
Bizsiz qəribsəyibdi,
Darıxır dəniz, gülüm.


***
Ürəyində sevgi varsa,
Çəkdiyin hər aha şükür.
Gecə yuxun dağılırsa,
Açılan sabaha şükür.

Nə olubsa mənə, bəsim,
Olmayıbsa, yenə bəsim.
Gedib-gəlirsə nəfəsim
Bu günə bir daha şükür.

Bic-bic baxıb, gülər naşı,
Nə qanar, nə bilər naşı?!
Yaranandan ölər naşı-
Yaradan Allaha şükür.

Yox bir arxa, yox bir pənah,
Yox pis istək, yox pis tamah.
Sevməkdirsə əgər günah,
Şükür, o "günah"a şükür.


***
Məhəmməd Hadiyə

Görən eyninə almadı,
Bilən yadına salmadı,
Yandı,heç nəyi qalmdı,
Bircə külündən savayı.

Yaşadı ömrü hər nədi,
Özgə cibinə girmədi,
Göz açdı, heç nə görmədi,
Dərddən-zülümdən savayı.

Axan sular tərsə axdı,
Göylər də baxdı,karıxdı,
Dünyada hər şey nahaqdır,
Bircə ölümdən savayı.


***
Hardan gəldin bu ömrümə? -
Ömrün-günün bu çağında.
Gəldin göylər qaralanda,
Yağışlar narın yağanda.

Hardan gəldin bu ömrümə?..
Baharımız haqdan gedib.
Vağzalı çoxdan çalınıb,
Qatarımız çoxdan gedib.

Hardan gəldin bu ömrümə? -
Günün gün batan vaxtında,
Marağımın meyə artıb,
Bəxtımın yatan vaxtında.

Hardan gəldin bu ömrümə?
Gəlmə, gəlməsən yaxşıdı.
Mən nələr çəkirəm, bilmə,
bilmə, bilməsən yaxşıdı.


***
Bu qatar da gedəcək,
aparacaq, səni də,
Hər şey yenə bitəcək,
başlanacaq yenə də.

Dəniz də üşüyəcək,
üşüyəcək sahillər.
Axşamlar gec düşəcək,
Gecikəcək səhərlər.

Yavaş-yavaş sönəcək
bu vitrinlər, reklamlar,
Qapqara geyinəcək
bu şəhərdə adamlar.

Bu qatar da gedəcək,
sönəcək bu şəhər də.
Bu nağıl da bitəcək,
bitəcək bu şeir də.


***
Mən min dərdlə dərdli adam,
Sən bəxti gül vuran qadın.
Addım - addım, aram-aram
Varlığıma varan qadın.

Baxışları sual olub,
Sevgisi dinməz, lal olub.
Gecə - gündüz xəyal olub
Gözlərimdə duran qadın.

Sənsiz mənə dardı dünya,
Sənsiz məni yordu dünya,
Sənsiz kardı, kordu dünya
Sənsiz dünya viran,qadın.


***
Sənsizlikdə itirdim
sevdiyim bu şəhəri..
Kaş getməyəydin, mən də
yazmayaydım bu şeiri.

Getdin... Hər addımından
bir xatirə iz qaldı,
Mənə bu qəmli sahil,
bu dalğın dəniz qaldı.

Getdin.. İncidi göylər,
buludları ağladı,
Yağışlar yağdı, elə
yollarımı bağladı.

Ayaq qoyduğun yerlər
indi dil-dil ağlayır,
Ürəyim tab gətirmir,
nisgil - nisgil ağlayır.

Necə sevərdim bilsən
səninlə bu şəhəri.
Kaş yanımda olaydın,
yazmayaydım bu şeiri.


***
Səni sevdiyimi kimsə bilmədi,
Səni sevdiyimi heç sən də bilmə...
Ağlımdan, duyğumdan, fikirlərimdən
Gecə də, gündüz də keçsən də bilmə.

Səni sevdiyimi mələklər desin,
Yarpaq pıçıldasın, küləklər desin,
Kəpənəklər desin, çiçəklər desin...
Səni sevdiyimi kimsə bilməsin.

Günlərim ömrümə həsrət düzümü...
Bunu kimsə bilməz, heç sən də bilmə,
Ayrılıq qaraldıb ağ gündüzümü,
Əriyib gecəmdən keçsə də bilmə.

Səni sevdiyimi kimsə bilmədi,
Səni sevdiyimi heç sən də bilmə...
Günlərin bir günü bir ər evinə
Qəmli vağzalıyla köçsən də bilmə.


***
Bacara bilmədim mən
Alnımdakı yazıyla...
Səni apardı bu yol
Bir həzin vağzalıyla.

Səni apardı bu yol...
İliyimdən, qanımdan,
Ürəyimdən, canımdan
Aldı, qopardı bu yol.

Enişi-yoxuşuyla,
Küləyi, yağışıyla,
Gözlərimin yaşıyla
Apardı uzaqlara.

İndi bu ayrılığı
Yazaq kimin adına?!
Gülüm, amma sıxılma,
Bax, sən Allah, sıxılma,
Məni salıb yadına.

Sirr kimi, sehr kimi,
Bu kövrək şeir kimi
Səni apardı bu yol...

İliyimdən, qanımdan,
Ürəyimdən, canımdan
Aldı, qopardı bu yol,
Apardı uzaqlara
Bir həzin vağzalıyla...
Bacara bilmədim mən
Alnımdakı yazıyla.


***
Ay bala, bu Vətən dediyin ki, var
Demə, elə deyib-gülmək üçündü.
Vətən həm də onu oxuyub, duyub,
Anlamaq üçündü, bilmək üçündü.

Başında bir qəza-qədəri varsa,
Sökülən hasarı, çəpəri varsa,
Bax gör gözlərində kədəri varsa,
Diz çöküb önündə silmək üçündü.

İstər yaxında ol, istər uzqda-
İstər Maqadanda, istər Qazaxda,
Boranda, tufanda, şaxta-sazaqda
Hay verib, hayına gəlmək üçündü.

Qoyma, yağıları meydan sulaya,
Gündüzlər kef çəkə, gecə ulaya.
Etibar eləmə itə, tulaya-
Vətən lazım gəlsə ölmək üçündü.


***
Sevənlər şirin qəm yeyir,
Hər gün, hər an, hər dəm yeyir..
Desin, deyənlər nə deyir-
Sən həmişə mənimləsən.

Günlərim saçda dən olsa,
Yollarım duman, çən olsa,
Ağ libasım kəfən olsa,
Sən həmişə mənimləsən.

Bu sevgi, Allah, nəyimiş?
Dili qəmli bir neyimiş...
Bu ürək yaman şeyimiş-
Sən həmişə mənimləsən.

Fərqi nə- yaş çox, ya azdı,
Ömür yazdı, ya paylzdı?!
Bu yazını Tanrı yazdı:
Sən həmişə mənimləsən.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031