manera.az
manera.az

Baxışlarını uzaqlara yollama - Şeirlər

📅 11.08.2018 21:30

Baxışlarını uzaqlara yollama - Şeirlər
Manera.az Saqif Zeynalın şeirlərini təqdim edir:

***
Hərdən küt ağrılar kimi
Çıxıb gedərsən
Gedərsən sevdiklərinin canından
Kor-peşman...

Hərdən unudulmağı
Ağrı kimi hiss edərsən
Təkliklər mərtəbəsinə yuvarlaqlanmış,
Yalnızlığa imzalanmış bədənində...

Və bir gün
Bu qədər gedəcək adam varkən,
İtirməyə kimsənin olmadığını anlayarsan
Bu üzüyola şəhərdə...

Hər şeyə rəğmən

Artıq boş verəcəksən hər şeyi
Əllərini də çıxarıb atacaqsan
Qəpiklər oynaşan cibindən
Ayaqlarını sıxan yolları da
Soyunub atacaqsan bir küncə...

Zülmət kimi dar etməyəcəksən dünyanı
Uçub gedəcək xəyallara yuva başına.

Oturub heç nə gözləməyəcəksən
Gəlib çıxmayan piyada səhərlərdən.
Açıb qapını özün çıxacaqsan
Çıxacaqsan aydınlıqlara gizli gecələrdən...

Başına daş kimi düşən səsinlə
Daha zorlamayacaqsan adamların
Gündə bir yalanın qoynuna girən
Pərdələri yırtılmış qulaqlarını...

Daha buraxacaqsan "necə yaşamaq “ların yaxasını,
Harada yaşamalı?!
Harada?!
Düşünəcəksən...

Artıq boş verəcəksən hər şeyi...

Uzaqları gözləmə

Bədənimdə çox soyutdum,
Çox soyutdum ayrılıqlar mərmisini.
Çox iriçaplı ayrılıqlara
Vətən oldu bədənim.

Əllərimlə tutdular,
Tutdular məni.
Əllərimlə vurdular,
Vurdular məni.

Əlim necə də ağır imiş, İlahi!
Kimsəni vurmaq üçün qaldıra bilmədim
Endi əllərim, öz başıma endi.

Ayaqlarımla çıxıb getdi gedənlər,
Məndən gedənlərin ayaqları olmadı.
Mən ayaqsızlığımın üstündə dayanaram düşündün...

Yollarımı da gözü dolusu verdim,
Verdim bütün yollarım sizin olsun, dedim
Gedin, gedin, ayağınız xeyrə işləsin...

Uzaqlara salladım baxışlarımı,
Kəsdilər, işığını kəsdilər.
Bir cüt quyuya düşdü gözlərim.

Yollama,
Baxışlarını uzaqlara yollama,
Gözləmə,
Bir də uzaqları gözləmə,
Gözləmə, qürbət bədənim...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 426 | Yüklənmə tarixi: 11.08.2018 21:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031