manera.az
manera.az

Üçüncü dünya savaşı

📅 24.06.2020 04:30

Üçüncü dünya savaşı
MANERA.AZ tənqidçi Əsəd Cahangirin doğum günü münasibəti ilə yeni şeirini təqdim edir:

Koronavirus üçüncü dünya savaşıdır.

Öncəki savaşlar günbatanda başlamışdı, bu gündoğanda.
Öncəkilər texniki idi, bu, bioloji.
Öncəkilər xalqı birliyə səsləyirdi, bu xalqları.
Öncəkilər insanı uzaqlara aparırdı, bu, özünə qaytarır.
Öncəkilər meydanlarda gedirdi, bu, xəstəxanalarda.
Öncəkilər tarixin oyunu idi, bu, insanın.
Öncəkilər qanlı idi, bu, qansız.
Öncəkilər canlı idi, bu, cansız.

Öncəkilərin əsgərləri vardı, bunun xəstələri.
Öncəkilərin topu-topxanası varıydı, bunun gopu-gopxanası.
Öncəkilərin gülləsi vardı, bunun virusu.
Öncəkilərin ikinci cəbhəsi vardı, bunun ikinci dalğası.

Öncəkilərə inanmayan yoxdu, buna inanan.

Öncəkiləri törədirdilər ki, dünyaya ağalıq etsinlər,
bunu törədənlər dünyaya ağalıq edirlər.

Öncəkilərdə torpaqlar tutulurdu, bunda adamlar.
Öncəkilərdə sərhədlər açılırdı, bunda bağlanır.
Öncəkilərdə qulaqlar səsdən batırdı, bunda səssizlikdən.
Öncəkilərdə cavanlar qırılırdı, bunda qocalar.
Öncəkilərdə bizimkilər və düşmənlər vardı, bunda sağlamlar və xəstələr.
Öncəkilərdə adamı özgələr öldürürdü, bunda özününkülər.
Öncəkilərdə həkimlər arxada gedirdi, bunda qabaqda.
Öncəkilərdə kiminsə sığortası vardı, bunda heç kimin.
Öncəkilərdə yaralanırdın, bunda yoluxursan.
Öncəkilərdə ölənlər şəhid olurdu, bunda meyit.
Öncəkilərdə “çölə çıx” deyirdilər, bunda “evdə qal!”
Öncəkilərdə evə qaçanı güllələyirdilər,
bunda evdən çıxanı cərimələyirlər.
Öncəkilərdə kaska taxırdın, bunda maska!

Öncəkilərdən çıxış varıydı, bunun çıxışı hələki görünmür!

Koronovirus üçüncü dünya savaşıdır.
Öncəkilərdə də ölüm vardı, bunda da!
Nə öncəkilərin Allahı vardı, nə bunun!
Öncəkilərə də lənət, buna da!

Əsəd Cahangir
Üçüncü dünya savaşı


Baxış sayı - 1 215 | Yüklənmə tarixi: 24.06.2020 04:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031