manera.az
manera.az

Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza

Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza
MANERA.AZ "Yeni imzalar, yeni nəfəslər" layihəsində 5 gənc imzanın şeirlərini təqdim edir:



Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza

Ülkər NİCATLI

Məktub gələcək


Qaragöz misralar yağır gözündən,
Dərdin yaşıl-yaşıl otları üstə.
Ümidin özünü yandırır hər gün,
Könlümün ayrılıq odları üstə.

O kimin adıdır can verir hələ,
Dilində titrəyən sözlər içində.
Köksündən ovcuna düşən ürəyin,
Yenə də o adi gözlər içində.

Əlini əlinə çırpır uzaqlar,
Yaxınlar üşüyür yaxın yerindən.
Bir damla göz yaşı açıb gözünü,
Ürəkdə quruyan arxın yerindən.

Bu doğma həsrətin öp əllərini,
Qoxla ayrılığı, ciyərinə çək.
Bir gün ürəyinin poçt qutusuna,
Xatirə-xatirə məktub gələcək.

Yaxşı deyil unutmaq


Haray çəkdim, harayımdan yıxıldım,
Bağışla ki, baş apardım, ay Vətən!
O uçulmuş qalaları hörməyə,
Misra-misra daş apardım, ay Vətən!

Yaddaşıma ayna tutdum ömrümü,
İndi sənin çiliklənmiş güzgünəm.
Sözüm yoxdur bu yamaqlı bəxtinə,
Ta üz vurma, qurban olum, üzgünəm.

Pəncərə tək hər gün açdım gözümü,
Qəm qoxulu ayrılığın üzünə.
Bir misraya pıçıldadım qəhərlə,
Hər gün məndən salam yetir özünə.

İndi daha unudulmaq duman tək,
Yaylığını sərib bəxtin yoluna.
Ümid elə qocalıbdır, İlahi,
Kimsə yoxdur girsin onun qoluna.

Bu rənglərin içindəki o rəngi,
Görən gözə, görən gözdən salam de.
Ürəyimi çox da belə danlama,
Üzündən öp, hərdən ona, balam,de.

Bütün yollar sona yetir, bilirsən,
Mən də yolam gəlib sona yetişdim.
Unutmusan, yaxşı deyil unutmaq,
Sən ki, mənə bir vaxt sona demişdin.


Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza

ELROMAN

"Altıncı hiss"


Bağışlama gedəni, çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni sənə xitab edənə
nə haqla dəyişmisən?

Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı, ikimizi bir Tanrı
yaratmış ola bilməz.

Sən ki gündüz getmisən, məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb "səni verənə şükür" necə deyim, əzizim?

Bu sevda nə sevdadır, əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm, gülü sulu da
dərsəm, səni mənə verməzlər.

Altıncı hissim susub, saat beşdə gedən qız,
dörd fəsildir itmisən.
Üç illik məhəbbəti iki gündə unudub
bir dəfəlik getmisən...

"Sənsizliyin baş hərfi"


Körpülərin yıxıldı, sən onu səhvlərindən
keçə-keçə unutdun.
Dünən ayaqlarına qaça-qaça sevirdin,
içə-içə unutdun.

O da səni unutdu, gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr, xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.

Elə gözəl gedər ki, göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan
bədəninə bənzəyər.

Sənsiz nə edə bildi, gözlərinin yaşını
qurutdu, qurutmadı?
Daha sevməkdən keçib, ləçəkləri qopar, de:
"unutdu, unutmadı..."

Ya da bəlkə, hələ də səni unuda bilmir
unutduğun həmin qız.
Kitabın arasında çiçəyin əvəzinə
qurutduğun həmin qız.


Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza

Səddam LAÇIN

Sən hansı fəsildəsən?


Səndə hansı fəsildir?
Məndə hələ də qışdır
Havanı soruşmuram,
Bilirəm ki, yağışdır.

Səndə hansı fəsildir?
Yazdır, yaydır, payızdır?
Heçmi dəyişməmisən?
Düzün denən,ömründə
Neçə aydı payızdır?

Səndə hansı fəsildir?
Mən bildiyim qədəri
Payız sən qədər soyuq,
Sən qədər qəddar olmur.
Başqa fəsilə bənzə,
Axı sənin kimilər
Payıza oxşar olmur.

Sən payızmı sanırsan
Bu solğun baxışları?!
Sən payızmı sanırsan
Bu quru yağışları?!

Səndə hansı fəsildir?
Heç nə başa düşmürəm,
Gündə bir şəkildəsən.
Bəlkə də sual səhvdir.
Bəlkə də deməliyəm
“Səndə hansı fəsil” yox,
“Sən hansı fəsildəsən?”

Ayrılsaq da


Sən gedirsən, mən qalıram, düz olmur
Ya bir gedək, ya bir dönək, olarmı?
Biz həsrətin can yandıran odunda
Bir yanmışıq, bir də sönək, olarmı?

Ayrılsaq da, elə et ki, darıxsam,
Yatan kimi qonaq gəlim yuxuna.
İşdi, birdən həsrətimə dözməsən
Yatmamışdan qabaq gəlim yuxuna

Kirpiklərin əl-qolumu bağlasın
Gözlərini yuman kimi gör məni.
Aramızda divar olsa nə vaxtsa
Bir daş olum, o divara hör məni.

Getmə, birdən sənsizliyə dözmərəm,
Eşqə düşdü, dəli oldu deyərlər.
Qalan əgər dəli olub qalıbsa,
Gedən qızın əli oldu deyərlər.

Sən yanımdan uşagınla ötəndə
Gizlədərsən,məni görüb qorxmasın.
Uşaqdı da, birdən gələr yaxına
Gözlərimdə səni görüb qorxmasın.

Bir dəlinin gözlərində anası,
Anasının gözlərində kədər var
Kədər nədi, bilsən mənim gözümdə
Bu uşağın görmədiyi nələr var.


Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza

Cabbar ÇƏTİN

Uzaqdaki yaxınım


Gör neçə payızdı görmürəm səni,
Gör indi düşürmü adın dilimdən
Bu dünya gözümdən düşməz bəlkədə,
Bir dəfə əl atıb,tutsam əlindən.

Uzaqlıq sevgiyə "Çin səddi" kimi,
Adamı zamansız taqətdən salır.
Dağ boyda sevənlər,qarşı-qarşıya,
"Berlin divarı"ndan sallaşıq qalır.

Hələ ki,ümidlər cücərir,bitmir,
Siqaret bitsədə,dolsa külqabı.
Bu böyük həsrəti kəsib,tökərdim,
Yatsaydı əlimə baltanın sapı.

İçki şüşəsindən şeir tökülür,
Səni düşündükcə içsəm,halaldı.
Bircə baxışınla,xoş gülüşünlə,
Bütün varlığımı əlimdən aldın.

İndi dualarım sənə söykənir,
Səcdəyə gedirəm sənin uğruna.
Sənin həyatının bundan sonrası,
Ən kiçik yanlışın,böyük doğrunam.

Div adam


Biraz da gün keçərsə,biraz da yaş axarsa,
Yadlaşaram,
Nifrətin üstün olar sevgidən.
Barışmağa nə qədər gücün varsa,gəl barış,
Tök məni gözlərindən,salxım-salxım indidən.

Nə qədər ki,əllərin bir əlcəylə isinir,
Bir ovucluq sevgimi böyütmə gözlərində.
Nə qədər ki,isti ev,çayından buxar çıxır,
Götür bir kitab oxu,soyutma süz birində.

Gecələr də qısadı,unutmağa nə var ki,
Nə var başın qatmağa sərsəri darıxmağın.
Ovuşdur əllərini,qollarını qucaqla,
Hansı günə yaraşır şəkillərə baxmağın?

Ürəyinə söz keçir,
"heç olmadı bu adam,
Heç olmadı yanımda",
-ağrıların səngiyə.
Atam mənə deyərdi:
-"Ziyanın yarısından, qayıtmaqda xeyirdi"
-üzülməyim mən deyə.

Uşaq vaxtı hamıya deyərdilər div gələr,
"Yatmasan çağıraram",
Ağla özün halına.
Başını qoy yastığa,uşaq kimi qucaqla,
Sənə görə div mənəm,gətirmə xəyalına.


Yeni imzalar, yeni nəfəslər - 5 gənc imza

Fuad SƏYYAH


***
Hardasan ay uşaqlığım, hardasan?
Səndən ötrü darıxmışam, biləsən.
Bu qocaqlıq yaman dardır əynimə,
Bəlkə geri qayıdasan, gələsən?

Qaytarasan itirdiyim günləri,
Oxuduğum məktəbi də, sinfi də.
Qaytarasan girmədiyim dərsləri,
Divarlara yazdığım baş hərifi də.

Çöldə qatım bir-birinə aləmi,
Evdə atam döysə də lap razıyam.
Anam susub bir kənarda dayansın,
Bu qəlbimə dəysə də lap razıyam.

Qaytar mənə toz-torpağa batdığım,
Çöldən evə yığışmayan vaxtımı.
Qonşu evə şikayətə gələndə,
Daşa dönüb danışmayan vaxtımı.

Heyf səndən uşaqlığım, çox heyf,
Elə getdin bir də çətin gələsən.
Bu qocalıq yaman dardı əynimə
Səndən ötrü darıxmışam, biləsən.


***
Sənə bir yol gəlir əfsus,bunu bilməklə alınmır.
Bu nə sevməklə düzəlmir,nə sevilməklə alınmır.

Elə narazısan ancaq,sözə bax:Aşiqim olmaq,
Quru səhranı sürünmək,dağı dəlməklə alınmır.

Mənə xoşdur gələrəm, lap çökərəm diz,tökərəm dil,
Qapı açmırsan əzizim, sizə gəlməklə alınmır.

Ümid ölməkdi düşündüm, o ümiddən də əl üzdüm,
O da səndən yana imiş,deyir, ölməklə alınmır.

Yeni bir şey düşün artıq, onu cəlb etməyə, Səyyah,
Xoşu gəlsin deyə boş-boş üzə gülməklə alınmır.

p.s: layihə hər bazar günü yayımlanır

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031