manera.az
manera.az

Dərdi ürəyimdə xal eyləmişəm - Şeirlər

Dərdi ürəyimdə xal eyləmişəm - Şeirlər
Ağrı yolları

Məhəbbət ətirli misralarım var,
Mən bir oxunmamış kitab kimiyəm.
Ürəklər öyrənsin vəfa dərsini,
Sevgi dünyasına xitab kimiyəm.

Həsrət yanğısını basıb bağrıma,
Özümdən özümə yol eyləmişəm.
Yadlar əzabımı görməsin deyə,
Dərdi ürəyimdə xal eyləmişəm.

Çiçəkli anlarım xəzana dönüb,
Ələnib bəxtimə fələyin qarı.
Hələ də ilk görüş yerindən keçir,
Ömrümün ağrıdan keçən yolları.

Arzular üşüyür

Qəlbim ağrılara əsir düşübdü,
Bir dərdin içindən min sirr düşübdü.
Ömrümdən bəxt payım kəsir düşübdü,
Dəryalar tökülür gözümdən, Allah.

Bu sevgi könlümdə var oldu yoxdan,
Qan damır bəxtimə sancılan oxdan.
Ruhum bədənimdən uçubdu çoxdan,
Xəbərim olmayıb özümdən, Allah.

Qəfil uralanıb bəhərim, barım,
Yandırır sinəmi dərdim, qubarım.
Sənin pay verdiyin sərvətim, varım,
Talanıb dağımdan, düzümdən, Allah.

Həsrətə doğmayam ,vüsala yadam,
Dərd dolu sevgidir günahım, xətam.
Məni misra -misra oxuyan adam,
Gözlərin nəm çəkər sözümdən, Allah.

Ülkər, qərib-qərib sızlayır ürək,
Bəxt bir əlçim duman, taleyim külək.
Sinəmdə bir ocaq qalayıb fələk,
Arzular üşuyür közümdən, Allah.

Burax bu misranı…

Yamyaşıl misralar uçur havada,
Birinin üstünə adım yazılıb.
Açıb oxuyuram göz yaşlarımı,
“Sənin məktubunu aldım”yazılıb.

Hopub üst-başıma qürbət qoxusu,
Tanrıya yazıram bu gileyimi.
Bir misra üzümə çırpır özünü,
Bu dünya şairə vətən deyilmi?!

Susur dilimdəki “azadlıq” sözü,
Azadlıq meydanı susduğu kimi.
Ele gülümsəyir kədər üzümə,
Leyli öz əhdini pozduğu kimi.

Bu yaşıl misranın gözlərinə bax,
Çevir həqiqəti bayraq üzünə.
Görən bu misranın günahı nədir,
Niyə həsrət qalıb varaq üzünə?!

Burax bu misranı, qoy uçub getsin
Dincəlmək vaxtıdır, daha gecədir.
Mənə inanmırsan, özün bilərsən
Soruş ağaclardan saat neçədir?

Qürbət məktubu

Bu gördüyün suyun üzü
Gözlərim tək nəmdi, anam.
Bir adımı sən qoymusan,
Bir adım kı, qəmdi anam.

Mənə çaldığın laylanın,
Duzu bir az çox düşübdü.
Bəxt hamıya bir şey verib,
Mənə isə “yox” düşübdü.

Bu köynəyi qanlı ümid,
Hansı bəxtin güzgüsüdü?!
Üzünə adam çilənib
Gözü dolmuş güzgü-sudu.

Üst-başı qürbət qoxulu,
O adamı çağır, anam.
Göz yaşını borc ver ona,
Qoy sevinsin fağır, anam.

Əli xınalı əcəlin,
Ovcunda bir anam, anam.
Mən bir qürbət misrasıyam,
Dodağımda: anam, anam.

Ülkər NİCATLIБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031