manera.az
manera.az

Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Yeni imzalar, yeni nəfəslər - Şeirlər
MANERA.AZ "Yeni imzalar, yeni nəfəslər" layihəsində 10 gənc şairin şeirlərini təqdim edir:


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Həsən KÜR

PƏNCƏRƏ

Oğlu müharibədə itkin düşən analara ithaf edirəm

Yenə həmin pəncərə
Yenə həmin intizar
Nə ölüsün gətirən
Nə "diridir" deyən var

İyirmi dörd yaşı var
Ağrısı-acısının
Əlləri tir-tir əsir,
Üzünə qırış düşüb.
Küçəyə boylanmaqdan
Gözünə qırış düşüb

Səhər yediklərini
Axşam çağı unudur
Hərdən yerə yıxılır,
Evin divarlarından
Yapışmağı unudur

Nə yaşını düz bilir
Nə yetmiş illik adın
Bircə...
Oğlunun getdiyi gün
"Gül kimi" yadındadı

Təqvimin rəqəmləri
Amansız cəllad kimi
Hər gün bir az öldürür
Nə zəng gəlir, nə məktub
Nə həyətdə it hürür

Yazıq əldən düşdüyün
Cana doyduğun bilir
Nə oğlunun yerini
Nə də şəkillərini
Hara qoyduğun bilir

Heç kim ondan danışmır
Hamı onu unudur
Ən yaxın bildiyi də
Bir gün evin nömrəsin
Bir gün yolu unudur

Ayda-ildə bir dəfə
Qəfil qapı döyülür
Qonşunun kiçik qızı
Duz istəyib qayıdır
Yenə həmin pəncərə
Yenə həmin intizar
Sabah gün doğacaqsa
Demək hələ ümid var


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Əfsanə RƏVAN

BAŞIM, GÖZÜM ÜSTÜNƏ


Dəli darıxmaq gəlir,
Sən düşəndə yadıma.
Heç kim təsəlli olmur,
Özün yetiş dadıma.

Gör haçandı görmürəm,
Xəyalın da nazlanır.
Sən tərəfə uçacaq,
Ürəyim pərvazlanır.

Havalar da soyuyub,
Əllərimdən buz düşür.
Görəsən bircə dəfə,
Yadına bu qız düşür?

Gəl, bir anda yox eylə,
İllərin həsrətini.
Vallah qorxma, cəhd elə,
Bir addımdı çətini.

Bütün darıxmaqları,
Bir gecəyə sığışdır.
Bu dağınıq ömrümü,
Gəlişinlə yığışdır.

Gəl, bax fani dünyadı,
Altı nə ki, üstü nə.
Bütün olar-olmazın,
Başım, gözüm üstünə.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Sahib ALTAY

CANLI TABLO


Bu dünya bir rəssamın,
bənzərsiz əl işidir.
İnsan onun ən zərif,
və ən gözəl işidir.

Bir böyük ailəyə
güzgüdür sənin adın.
Ürək – mülayim qadın,
beyin – ciddi kişidir.

Xəyallar həqiqətin,
görünməyən üzüdür.
Sevgi – “kişi sözü”dür,
qadın nəvazişidir.

Hər acı bir sevincin,
təbəssümün özəyi,
Kiminsə, gələcəyi,
Kiminsə, keçmişidir.

Sükutunu duyan yox
aşağıda, hamı kar,
Yuxarıda biri var,
Pıçıltını eşidir.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Qəmər SÖZAY

DAĞILDI ADDIMLARIM AYRILIĞIN ÜSTÜNƏ

İncinmiş duyğularım daha büküb boynunu,
Gizlənib qəlb evimin soyuq künc bucağında.
Həsrətinə sarılıb, axtarıram kölgəni,
Axtarıram bu eşqin kül olmuş ocağında.

Yollar da yorğun düşüb, həsrət qalıb izinə,
Yollar da ağrı çəkir, yadların addımından.
Heçmi göynəmir adam, sol yanının qibləsi,
Bu qədər asanmıydı vaz keçmək qadınından.

Sığınır gecələrim zülmətlərin qoynuna.
Göz yaşım sığal çəkir sevgimizin büstünə.
Yoxluğun kədər biçdi, ömrün qara donuna,
Dağıldı addımlarım ayrılığın üstünə.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Qızbəsti SULTAN

SƏN BİLMƏYƏN DARIXMAĞIM


Mənim sən bilməyən darıxmağım var,
Cismim yalanlaşır bu həyat kimi.
Sənə uzaq düşən qəlbim kişnəyir,
Yarası duzlanmış dərdli at kimi.

Mənim sən bilməyən darıxmağım var,
Qəlbimi üşüdüb buza döndərir.
Ruhumu möhkəmcə sevgimə büküb
Hər gecə yarısı sənə göndərir.

Mənim sən bilməyən darıxmağım var,
Alıb boşluğunu üzümə vurur.
O qədər vicdansız darıxmaqdı ki,
Səhərlər məndən tez yuxudan durur.

Mənim sən bilməyən darıxmağım var,
Edib ev küncünün dustağı məni.
Sevgini qoluma zəncir tək vurub
Beləcə dağıdır bütün aləmi.

Mənim sən bilməyən darıxmağım var,
Əl çəkmir məndən heç, evi yıxılsın.
O da hər kəs kimi arzulayır ki,
Sevginin mən boyda divi yıxılsın.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Səfail AQİLOĞLU

MƏNDƏN QAÇAQ DÜŞDÜ BÜTÜN SEVGİLƏR

Bütün "salam"larım, cavabsız qaldı,
Bir quru baxışın möhtacı oldum.
Sənin gözlərindən yuvarlanarkən,
Özgənin həmişə baş tacı oldum.

Qədrimi bilirmiş, o yad adamlar,
Gözümü kor etdim özgəyə, yada.
Bəlkə də hardasa mən səhv edirdim,
Bəlkə də kəm imiş bəxtim dünyada.

Gizlədim dərdimi, kiridim hər an,
Biri yalan deyil sözlərimdəki...
Bəhanə uydursan mənim adıma,
Canımı alsan da söz demərəmki.

Sevdirə bilmədim özümü sənə,
Nədir ürəyində bu hikkə, bu kin.
Hər dəfə saymadan keçdin önümdən,
Önünü kəsməyə çatmadı ərkim.

Nigaran ötürdüm bütün illəri,
Üzümdə gülüşlər, saxta cizgilər...
Sənə ürəyimdə sevgi bəslədim,
Məndən qaçaq düşdü bütün sevgilər.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Qüdrət MÜRVƏTLİ

***
Bu ömür deyil ki dar ağacıdır.
Ruhumun havada quş yuxusudur.
Uçurum kimiyəm,uçurum kimi;
Gözümdən tökülən daş yuxusudur.

Sən mənə inanma,mənə güvənmə
Mən hələ özümə qəribəm,yadam...
Bir gözə görünməz divara düşən
Xəyali kölgədir gördüyün adam.

Səsim də yalandır, sözüm də yalan
Sarılıb durmuşam məzar daşıma.
Yaşamaq dediyin nə iş imiş..
Nəfəsdən nəfəsə ölüm daşıma.

Min ildir, nə gələn olub,nə gedən.
Mən sənin yadına düşən cığıram.
İçimdə qarışır keçən keçənə
Ovcumun içinə zaman yığıram...

Ayrılıq gözümün yaşını içib
Nahaq arzuladı su ömrü mənə
Deyəsən, günahım çox böyük imiş
Tanrı bağışlayıb...bu ömrü mənə...


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Aqil ALTUN

İLAHİ


Heçmi xəta etməmisən, İlahi,
İndiyəcən heçmi xətan olmadı?
Bu dünyada yaddan çıxıb ölməyən,
Bu dünyada itib-batan olmadı?!

Minib hamı belindədir kürənin,
Büdrəyərmi heç altında sürənin?!
Gedənlərin arxasınca hürənin
Heç biri də adam tutan olmadı.

Sürüsünü çoban sürüb keçəndə,
Karvan durdu itlər hürüb keçəndə.
Hamı qovdu arzusunu içində,
Arzusuna tamam çatan olmadı.

Xəstəsidir hərə bir cür azarın,
Basdıracaq yerə bir cür azarın.
Öz əliylə qazan oldu məzarın,
Öz xoşuyla girib yatan olmadı.

Bu həyatın altın üstə çevirdim,
Xəyalımı gerçəyimlə devirdim,
Mən atamı Tanrı bilib sevirdim,
Atam öldü, Tanrı atam olmadı…

…Mən yazıram, məni Allah eşidir,
Dünya beş gün-sabah ayın beşidir.
Basdırarlar, deyib kimin leşidir
-Mən öləndə bəlkə matəm olmadı.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Elçin MƏMMƏDOV

***
Bu yaşam deyil ki, əzabdı, çərdi,
Allah bəla verib, gör nə qədərdi?
Bitmir e bu ömrün ağrısı, dərdi,
Payız yola salır, qış qucaqlayır.

Küləklər üşütdü yaman telləri,
Dərd yoldu o qara, ilan telləri,
Ağrıdan dən düşən, solan telləri,
Yastıq sığallayır, baş qucaqlayır.

Bu ağrı kor etməz hansı gözləri?
Kim silər yaşını onsuz, gözlərin?
Yollara dikilən cansız gözləri,
Kipriklər ovudur, qaş qucaqlayır.

Sızlayar yanağın yaş qalan yeri,
Üşüyər bir ömrün qış qalan yeri,
Gecələr birinin boş qalan yerin
Gözlərdən süzülən yaş qucaqlayır.

Dil açar, alışar, yanar şəkillər,
Əvvəlin şəkillər, sonun şəkillər.
Vermir e yerini onun şəkillər,
Gündə milyon dəfə boş qucaqlayır.

Allah dərd danışdı nağıl yerinə,
Bir də çətin dönə ağıl yerinə.
Mən ana görmüşəm oğul yerinə,
Məzarda buz kimi daş qucaqlayır.


Yeni imzalar, yeni nəfəslər - Şeirlər

Ülvi SƏMAZƏN

BƏZƏN


Bəzən kipriklərindən illər intihar edər,
Bəzən də xatirələr bulaşar göz yaşına,
Bəzən də üşüyərsən ən soyuq küçələrdə,
Qar öpər saçlarını, qış dolanar başına.

Bəzən də qocalarsan, yorğunluğun əlindən,
Buz kimi divarlarda qırışar əl izlərin,
Saçlarında taleyin bəyazları qocalar,
Şəkillərdən üzünə boylanar əzizlərin..

Dəliyə çevrilərsən tənhalıqdan gecələr,
Bəzən ovuclarına qəm damlayar gözündən,
Bəzən də oturarsan öz-özünlə baş başa,
Dəli tək danışarsan, öz-özünə, özündən..

Qəlbinin səhrasına hopar göz yağışların,
Bütün xatirələrə yaş qarışar içində,
Bəzən də keçmişini xatırlayıb anarsan,
Bəzən də doğmaların, başqalaşar içində..

p.s: layihə hər bazar günü yayımlanır

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930