manera.az
manera.az

Günəşə, Dənizə, Şeirə oxşayan

📅 04.05.2020 06:30

Günəşə, Dənizə, Şeirə oxşayan
Hərdən yaşıl gözlərinin təbəssümü üzünə yayılır. Belə vaxtlarda damarlarından qan yerinə ŞEİR axır. Ya dilində çiçəkləyir, ya da barmaqlarının ucunda tumurcuqlayıb vərəqə süzülür...

Dünyada heç nə onu SÖZ qədər xoşbəxt eləmir, SÖZ qədər duyğulandırmır, SÖZ qədər ovutmur. Sözün içində yaşamaq, sözün havasını udmaq, sözə könül vermək – onun dünyası başdan-başa rəngli, ətirli, işıqlı sözlərdəndi.

Bu sözlərlə yaşantılarının rəsmini çəkir, dərdin başını sığallayır, kədərin könlünü alır, sınıq budağa, adamsız küçəyə, köçündən ayrı düşən durnaya şeir deyir. Damarlarından şeir axır...

Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam.
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma.

(“Bilirsən söz adamıyam”)
Günəşə, Dənizə, Şeirə oxşayan
Sözün urvatdan düşdüyü bir vaxtda sözə can atan gənclərə qahmar çıxır, qanadı altına alır, söz haqqı olanların haqqını qoruyur, öz ömrünü yox, söz ömrünü yaşayır.

Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm, anam.
Verdiyin ömrü varağa
Misra-misra düzdüm, anam.

(“Böyümədim, uşaq qaldım”)

İllər keçsə də, içindəki uşaq saflığını, şıltaqlığını ört-basdır edə bilmir. Sözlə bağ salır, ev tikir, arzusunu, istəyini, keçmişini, gələcəyini sözə pıçıldayır.

Bilənlər bilir, yağı daşsa da, işini yarımçıq qoyub söz məclisinə qaçır. Söz məclisində heç kim onun kimi ürəklə, ərklə, səmimiyyətlə danışmır.

Saatlarla şeir deyir, özündən yox, özgələrdən. Deyir ki, unudulan bir şairin bir misrası kölgədə qalmasın, deyir ki, sözlər inciyib küsməsin.

Saatı çox sevsə də, qolundakı saatla ruhundakı saat üst-üstə düşmür. Ruhunun saatı günün 24 saatı ŞEİR VAXTINI göstərir.

Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin.
Üçbəndli şerimi üçbucaq edin,
Siz məni qoymayın şair olmağa...


Hər yerə tələsir: dostlarla görüşə, səfərlərə, şeir deməyə, bircə yaşamağa tələsmir...

Ədəbiyyatımızda “Təndir” qalayan, “19 fevralın şeiri”ni yazan, “Payızın yanında gözlərsən məni” vədini verən, “Daşyonanla söhbət” edən, “Şairin yaşı olmur” – deyən Fərqanə Mehdiyevanın 55 yaşı tamam olur. Damarlarından şeir axan, Günəşə, Dənizə, Şeirə oxşayan ŞEİR QADININ...

Təranə VAHİD


Baxış sayı - 1 092 | Yüklənmə tarixi: 04.05.2020 06:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031