Şakir Xanhüseynli şeirinin gül ləçəkləri - Rəşid Bərgüşadlı
Heç kim Ədəbiyyata öz xoşuyla gəlmir. Bir də gözünü açıb görürsən ki, nəsə yazırsan. Yan-yörənə boylananda isə görürsən ki, bir tərəfdə it hürür, bir tərəfdən işıq gəlir...
Ədəbiyyata gəlişimdən sonra anladıqlarımdan biri bu oldu ki, heç bir vəchlə Sözü qəfəsə salmaq, qəlibə oturtmaq, onu cilovlamaq, cidarlamaq olmaz. Hətta, bunları bacarsan, bu, əvvəlki dövr kimi xüsusi sənətkarlıq, cəngavərlik sayılmır. Çatdırmaq istədiyin ideyanı ustalıqla qısa mətn vasitəsilə (şeir formasında) demək var, bir də ideyanın miqyasını nəzərə alaraq mətni qat-qat dərinə (nəsr janrlarında) işləmək var. İdeya nöqteyi-nəzərindən usta şair usta nasirdən daha ucadadır, Sözün dilini şair nasirdən daha yaxşı bilir. Çünki, nasir sözlərdən tablo, mənzərə çəkirsə, şair, həm də Sözü cilalayır və ondan buta toxuyur, sözə naxış vurur, sözün enerjisinə toxuna bilir, sözlə həssas danışa bilir. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması sehrli surə kimi dili sığallayır və əzbərlənmək istəyir.
Hansı janr olursa olsun, ədəbiyyatın inqilabi vəzifəsi insanlığa insanlığı öyrətməkdir. İnsanlığın baş şüarı sevgidir – Sözə, Allaha, İnsana sevgi. Kim öz əliylə özü, sevdikləri, sevənləri və nəhayət xalqı, bəşəri haqqında pis bir şey arzulayar ki? Yazsaydı belə, hansı vətən, ya xalq ustad Məmməd Araza “Oğul” deyərdi ki...
Bəli, qafiyələnmiş, ahəngdar və vəznli mətn qulağa şirin gəlir, ruha dinclik verir, asan əzbərlənir və ya asan yadda qalır. Bu təkcə şeirin bəzəyi deyil, həm də Sözün öz çəkisidir, gözqamaşdıran nurudur, ruhumuzla qovuşan enerjisindən irəli gəlir. Şairin əsas ustalığı əlahəzrət Sözün mətini, qabığını paralayıb içindəki çəyirdəyi göstərməyindədir – sehli əllər, kəskin zəka, tilsimli qələm peşəkarlığıdır bu. Bunu ancaq Sözü görüb ona vurulanlar, ona toxuna bilən aşiqlər bacarar. Şeir, şairin Sözə olan eşqidir. Gözəl şeir şairin Sözdən kam almağıdır, onunla qovuşmağıdır. Və, sevən öz aşiqindən heç nəyi gizli saxlamaz, aşiqin üzü sevdiyində görünər. Necə ki, Məmməd Araz deyir:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm.
“Könül sevən göyçək olar” deyiblər, hər şair Sözə bir cür vurulur. Sözün gözəlliyinə şəbədə qoşmaq günahdır, adama deyərlər – “Sən o Sözə şairin gözləriylə bax!”. Sözün yaraşığı onun dərinliyində, obrazlı, məzmunlu, axıcı və azad olmağındadır. Axı Sözün də dəbi var – dünən üçün yaraşıq meyarı olan nimdaş, güllü köynəyi şeir bu gün əyninə geymir. Şeir hayqırır ki, - “Mən əzbərlənmək üçün deyiləm, məni anlamağın üçün, səni Sən etmək üçün yaranmışam!”. Hə, oxucuya lazım olan əsas enerji ideyadır – onun ruhunu azad edəcək, onu O edəcək İdeya! Sanballı ideyanı kiçicik mətnə sığdırmaq... – bax bu əsl sənətkarlıq, ustalıqdır!
“Toxun acdan xəbəri olmaz” – bu məsəl şair üçün gözəl mövzudur, haraya qədər istəsən dartıb uzatmaq olar rezin kimi. Amma görün Şakir Xanhüseynli bunu bircə bənddən ibarət “İki bir” adlı tabloda (ənənəvi şeirin nimdaş qəlibi ilə desək – “kupletdə!”) necə yerləşdirir:
...sürətlə çıxdım evdən,
içəridə qalan da elə mən oldum....
...içəri güclə saldım özümü
və gördüm çöldə qalan da elə özüməm...
Bu tablodakı üçnöqtələrin Yol nişanı kimi həm geriyə, həm də irəliyə anlatdığı o qədər məna var ki... Bu sətirlərin arxasında sayrışan kölgələri görmək azımdır! Gözünüzün qarşısına fikri korafəhim şagirdlərinin (Xalqın gələcəyi!) yanında qalan, qarnı ac-gözütox bir müəllimi gətirin, onda anlarsınız şeirin ideyasını, müəllim-şairin ürək çırpıntılarını. Ya da əlindəki tikəni günlərlə qazanı qaynamayan qonşudan gizlətməyə “çalışan” bir adi insanı düşünün. O insanı ki, soyuq şorbasına gözyaşını axıdıb qaşıqlayan abırlı ziyalıdır... Amma şair çəkinir, əminəm ki, o, belə düşünür, – “Oxucu bunları anlayacaqmı?..” və “1”-in açmasını (elə buna görədir şeirin adının “İki bir” olması!) da verir:
mən toxam, sən ac,
mən acam, sən tox –
yox, belə yox, belə yox...
Fikir verirsiniz, artıq acılımın əvvəlindəki üçnöqtələr də yoxdur?.. Bu acılımı verməkdə şairin “məğlubiyyəti”, “faciəsi” var – Oxucunu yetişdirmək əndişəsi. Müəllimimin mənə nəsihəti cingildədi qulağımda, – “Ən kamil qələm adamı belə oxucunun səviyyəsi üçün yazmamalıdır, o, sadəcə mahir müşahidəçi kimi fərqli eksperimentlər aparmalıdır, təfəkkürlə həyati faktları birləşdirməlidir – reallıq və irreallıq arasındakı sərhəddi vurub dağıtmalıdır, mətni eninə yox, dərininə işləməlidir. Oxucu çaşmalıdır, – “Bu, həqiqətdir, yoxsa təxəyyül?!”. Onsuz da oxucu əsəri oxuyub qurtarandan sonra heyrətlənsə də, özünün natamam səviyyəsini gizlətmək ücün belə deyəcək, – "Bu nə cəfəngiyyatdır yazıb?!". Əslində isə o, bunu etiraf etmiş olur ki, – “Belə əsərlər mənlik deyil” – amma gözü geridə qalacaq, bundan əmin ol!”. Razılaşırsınızmı, Şakir müəllim? Razılaşın, yoxsa, başqa cür çox çətindir. Oxucunuz qoy 100-150 olsun, amma sizi anlayan, duyan olsun. Əminəm ki, oxucu sarıdan korluğunuz yoxdur.
Onsuz da qədrini bilmədiyimiz canımızın şah damarını da İblisə məskən vermiş Allahın işlərindən baş açmaq qüdrətində deyilik. Bizə qalan, o biri dünyaya aparacağımız, sığınacağımız, şəfaətçimiz, kölgəsində dincələcəyimiz tək ağac elə ruhumuzdur. Şair ruha məlhəm yazan loğmandır. Siz demişkən:
…Necə gözəl olar, həkim,
Deyəsən – qurtara adam –
Lap yazdığın həblər kimi;
Bir söz səhər, bir söz axşam…
Sizin ürəyinizdə doğan günəş, şeirinizdə parlayan ay, ruhunuzda sayrışan ulduzlardan bizim ruhumuz da öz payını götürür. Sizin nəmli kipriklərinizdən axan göz yaşları “quru” görünsə də, bir ağac dibində, ya bulaq başında dizlərini qucaqlayıb oturmuş, – “Bəlkə mən o yerlərin birindəyəm elə...” deyən və sizin “ahla” çevirdiyiniz hər ömür səhifənizi maraqla izləyən sevənləriniz var.
Söz gül kimidir – min çeşnili naxışı var. Yaxşı şeir gül çələngidir – min cür xoş qoxusu var. Şakir Xanhüseynlinin şeirləri elə rayihəli güllərdən toxunur ki, çoxları xoşgörülü gülə qaçarkən bu gözəlliyi sezməyib, hətta, ayaqlayıb üstündən keçib. O isə, tapdanmış Sözün könlünü alır, gözünün yaşını silir, o gülü bəsləyib güllərin ən gözəlinə çevirməyi bacarır.
“Qulağa xoş gələn axıcı mətnə şeir deyilir”, “Ruhumuzu narahat edən mətn bədii əsərdir”, “İnsanı düşündürməyə vadar edən hər bir əsər ədəbi hadisədir”... – hər kəsin öz baxış bucağı var ədəbiyyata. Hardasa, yapışdıqları haqlı qulp yeri da var. Amma yaxşıların yaxşısını, fərqlisini yaratmaqdır ustalığa gedən Yol. Siz sübut edə bilmisiniz ki, hecanın adi, ənənəvi qəlibində axıcı, vəznli, yaddaqalan şeirlər yarada bilirsiniz. Ancaq yapışdığınız Sözün möhtəşəmliyi o dar qəliblərə sığmır, yəhər-yüyən görməmiş mustanq kimi sizi tərkinə alıb alışmadığımız cığırlara, öz ulduzlu məkanındakı dərinliyə doğru səyirdir sizi.
Cığır açanlar həmişə daşlanıblar, onlara eyzan dodaq büzüblər. Ancaq müdrik adamın nurunu qapamaq mümkün deyil. Bilmirəm, Azərbaycanın harasındansınız, peşəniz nədir, amma Siz tərəfdən gələn İşıq-Enerji Ədəbiyyatımız üçün lazımlıdır.
Yolunuz açıq olsun,Şakir müəllim.
Rəşid Bərgüşadlı,
19 yanvar 2017-ci il.