manera.az
manera.az

Elə bil, dağları itirdim - Nəriman Əbdülrəhmanlı yazır... | MANERA.AZ

Elə bil, dağları itirdim - Nəriman Əbdülrəhmanlı yazır... | MANERA.AZ

Dağlar qoynu Daşkəsəndə yaşayan dostum, el şairi Namazalı Paşa Haqqa qovuşdu...

İyunun bürkülü son günlərinin birində bu xəbəri alıb Daşkəsənə üz tutanda nə qədər çalışdımsa, dağları əvvəlki kimi vüqarlı, gülümsər, gözoxşayan təsəvvür eləyə bilmədim. Elə bil, dağlar hüznə bürünmüşdü, bir insan, söz adamının itkisindən bir az da hüznlü olmuşdular.

Namazalı Paşa 1942-ci il fevralın 5-də Daşkəsənin ən səfalı guşələrindən birində – Zivləndə doğulmuşdu. Onunla 80-ci illərin əvvəllərində, bir qış günü necə tanış olduğumuz yadımdadı. Aradan keçən illər, Sözün saldığı körpü bizi bir-birimizə yaxınlaşdırdı, ailəvi dosta, sirdaşa çevirdi. Ünsiyyətdə olduğumuz az qala 35 il ərzində münasibətimizə zərrə qədər də olsun kölgə düşmədi. Həmişə ərkyana ünsiyyətini, məndən ötrü narahatlığını, yolumu gözlədiyini hiss elədim, bu duyğularının qarşılığını imkanım daxilində verməyə çalışdım.
On il əvvəl Namazalı Paşanın birinci kitabını hazırlayanda heç özüylə məsləhətləşmədən adını “Dünya mənə yar olmadı” qoymuşdum. Əlbəttə, bu deyimdə dünyadan şikayətdən çox dünyayla barışmamaq vardı: Namazalı Paşa taleyin gərdişiylə hüquq mühafizə orqanlarında çalışmışdı, xidmət göstərdiyi illərdə çox çətinliklə də olsa, təmiz adını, insanlığını, ləyaqətini qoruyub saxlamağı bacarmışdı. Təqaüdə çıxıb gün-güzəranla əlləşdiyi çağlarda da yolundan dönməmişdi.

Namazalı Paşanın 2006-cı ildə işıq üzü görən “Dünya yaman dəyişib” kitabında toplanmış şeirlərsə onun könül dünyasındakı təlatümlərdən xəbər verirdi. Şəxsən tanıyandan zorla, ya da şan-şöhrət xətirinə şeir yazmadığına qəlbən inandım, əgər bunun əksi olsaydı, qələmindən gurultulu, partiyanı, vəzifə adamlarını tərənnüm eləyən şeirlər çıxardı. O, dağlardan, çeşmələrdən, qartaldan, nərgizlərdən, bənövşədən, insanı insan eləyən hisslərdən yazırdı, xəbis duyğularla yaşayan adamları sözlə qamçılayır, işıqlı gələcəklə bağlı arzularını qələm alırdı. Elə buna görədi ki, indiyəcən Namazalı Paşanın imzasına xələl gətirən şeirinə rast gəlməmişəm.

Sözün ləyaqətini həmişə uca saxlayan Namazalı Paşa Allahın söz vergisi verdiyi insan idi. Bəlkə bu səbəbdəndi ki, hər yerində deyilmiş sözdən təsirlənməyi, kövrəlməyi, qol-qanad açmağı, həm də naqolay sözdən sarsılmağı, kədərlənməyi, dünyadan əlini üzməyi vardı. Ən yaxşı şeirlərini də ömrünün belə məqamlarında – şad və kədərli günlərində yazmışdı. Şeir ondan ötrü yaşadığı hisslərin formasıydı – süçəkən kimi qəlbinə təsir eləyən duyğuları özünə çəkirdi.

Namazalı Paşanın şeirləri rayon qəzetindən tutmuş respublika mətbuatınacan yol keçmiş, radio dalğalarında səslənmişdi, bununla belə, şeirlərinin çapı heç vaxt onun qarşısında öhdəlik qoymamışdı. O, bilirdi ki, şeiri quraşdırmaq yox, yaza bilməyəndə qələmə almaq lazımdı, zorla kağıza köçürülən şeir elə kağızdaca ölüb gedəcək, kimsənin qəlbini tərpədə bilməyəcək. Şübhəsiz, Namazalı Paşanın şeirlərindəki təbiilik, səmimilik, aydınlıq da elə burdan qaynaqlanır, dərhal da oxucunun qəlbinə yol tapır. Onun şeirlərində yerinə düşməyən sözə, misraya rast gəlmək olar, amma boğazdan yuxarı deyilən fikirlə rastlaşmaq olmur, çünki hamısı səmimi duyğulardan yaranıb.

Neçə illərdi ki, mən Namazalı Paşanın şeirlərini mən ucalıq – insan ucalığı, dağların ucalığı, hisslərin ucalığı – haqqında dualar kimi oxuyuram. O, üzünü həmişə Günəşə, zirvələrə, qayalara, qartallara, uca duyğulara tuturdu. Bəlkə də bu səbəbə görə şeirlərinin əksəriyyəti elə bu mövzulardadı. Amma onun dağları da, qayaları da, qartalları da əlçatmazlıq yox, əzəmət, vüqar rəmzidi, taleyin gərdişindən uzaq düşən adamın o ucalıqlara yetmək istədiyindən xəbər verir.

Namazalı Paşa canı-qanıyla Daşkəsən torpağına – saf, sədaqətli, etibarlı adamları olan yurd-yuvasına bağlıydı. Alın yazısından qaça bilməyib, elindən-obasından bir müddət ayrı düşəndə də, qoynunda göz açıb, boya-başa çatdığı yurd-yuvasını unuda bilmirdi. Bəlkə elə buna görədi, hətta bir neçə günlüyə Bakıya gələndə belə darıxır, tələm-tələsik dağların qucağına qayıtmağa can atırdı. Həmin vaxtlarda onu özünün də baş açmadığı duyğuların tərpətdiyini başa düşürdüm. “Qoşqar nəğmələri” Daşkəsən ədəbi antologiyasını tərtib edib çapa hazırlayandasa onun təəssübkeşliyinin, Söz yaddaşımıza sevgisinin bir daha şahidi oldum. Namazalı Paşa antologiyanın sanballı alınması üçün əlindən gələni əsirgəmədi.

Namazalı Paşa şeiri şairlik statusu almaq, adamlardan fərqlənmək, başqalarının yanında qürrələnmək üçün yazmırdı, heç uzun müddət çap olunmağa meylini də hiss eləməmişdim. Şeir yazmaq ondan ötrü əziyyətli iş idi, bilirdi ki, yazıb-boşalmasa, rahatlıq tapmayacaq. Narahat olduğu vaxtlarda yeni bir şeirinin yarandığını hiss eləyir, sonralar o tanış ovqatın cizgilərini oxuduğum şeirlərində tapırdım.

Onun evi həmişə Daşkəsəndə ziyalıların ziyarət elədiyi ocaq sayılırdı. Ömür-gün yoldaşı Çimnaz xanım və övladlarıyla birgə bura yolu düşən yaradıcı adamlara öz qonaqpərvərliyini göstərməyi, qəlbi kimi geniş süfrəsini bol-bol açmağı həmişə özünə borc bilirdi. Elə mənim dostlarım əməkdar incəsənət xadimləri Zaur Məhərrəmov, Ağalar Mirzə, Nizami Abbas, qələm adamları Nurafiz, Əhməd Oğuz, Rafiq Hümmət, Fəxri Uğurlu onun səmimi ailəsini həmişə yad edirlər.
O məndən ötrü həmişə dağların rəmziydi. Telefonda səsini eşidəndə belə yadıma dağlar düşür, dağların mehrini duyurdum.
Məkanın cənnət olsun, əziz Dost! Sən həmişə ucalıqlarda qalacaqsan!


Nəriman Əbdülrəhmanlı


QAYITMAZ

Nələri itirdim fani dünyada,
Vermişəm ömrümü bada, qayıtmaz.
Qalıbdı gözümdə həftələr illər,
Çox gəlib başıma qada, qayıtmaz.

Düşüb eldən-elə sözüm-söhbətim,
Açılıb, tez solub eşq-məhəbbətim.
Üzü dönük olub, küsübdü bəxtim,
Desəm də dərdimi yada, qayıtmaz.

Namazalı, oldum qəmlərlə yoldaş,
Çəkirsən köçünü, çək yavaş-yavaş.
Desələr, yaşayıb bir şair qardaş,
Yanıb Kərəm kimi oda, qayıtmaz.

BU SAZ

Həm könül oxşayır, həm də yas tutur,
Dil açıb, elə bil, dil deyir bu saz.
Əl vurma tellərə, dad-aman çəkir,
Nə sirri var qara don geyir bu saz.

Ağlayıb, ağladır aranı-dağı,
Ulu babalardan verir sorağı.
Dayanır səsinə dağlar bulağı,
Yana-yana, Allah, nə deyir bu saz.

Namazalı, hərdən coşub-çağlayır,
Onun bir ahı var, sinə dağlayır.
Kərəm nalə çəkir, Dilqəm ağlayır,
Nə qədər qəmlənir, qəm yeyir bu saz.

ÇƏKİRƏM

Bizdənmi danışır çöllər, meşələr,
Hürkək-hürkək baxan tər bənövşələr.
İnanma, ay gözəl, hər nə desələr,
Həsrətini, vallah, yaman çəkirəm.

Düşübdü tarixə bizim sevgimiz,
Yaşayır illərlə sönməz eşqimiz.
Kimlərə bəlləidi, kimə dərdimiz,
Yük olub belimə zaman, çəkirəm.

Sənə ki bəllidi sevginin dadı,
Vallah, yalan olub Məcnunun adı.
Namazalı – həmin Namazalıdı,
Bu eşqin yükünü hər an çəkirəm.

GEDƏR

Qocalığa olsa dözüm,
Nə xeyri var yersiz sözün.
Xəyal dolu yollar uzun,
Verib ömrü başa gedər.

Seçə bilsən ağ-qaranı,
Başa yağan qar-boranı.
Kim tutar ki, bu dünyanı,
Çatmamış o yaşa gedər.

Namazalı, agah olsan,
Dərd bilənə sirdaş olsan.
Taxta çıxıb şah da olsan,
Adın düşüb daşa, gedər

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031