Dilim adını pıçıldayır... - Yeni Şeirlər

Manera.az İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir:
İşıqlı xatirələr
Xatirəsiz ömür yavandı,
balı süzülmüş şanın tayıdı...
Xatirə çaya qatılan şəkər,
qaranlığa düşən işıq payıdı.
Haçan xatırlansan
üzüm-gözüm nurlanır...
Sevgi nuru Tanrı nurudu, -
həmərsin çiçəyi kimi ətirli,
daş suyu kimi durudu.
Sonda ömür boşa çıxır,
adama xatirələr qalır -
sular lil daşıyır, xatirən işıq.
Xatirənin bir adı da var –
qaranlıdqan ötürən işıq.
06.03.2020
Tellim
Şairin pay boxçasına
Qələmi söz düyər, tellim.
Sevən sevənin yolunu
Qaydadı gözləyə, tellim.
Barmaq sayında yaşam var,
Göydə Tək, Yerdə qoşan var...
Hər işi düzüb-qoşan var,
Nə deyim düzgüyə, tellim?!
Baş qırıldı künə qaldı,
Qalan ağzıgünə qaldı.
Hər xatirən mənə qaldı,
Sən özün özgəyə, tellim.
15.04.20 20
Ayrılığın sabahı
Pəncərədən baxıram,
dilim adını pıçıldayır...
Adın dilimə gələndə
dodağım yüz yerdən çat verir,
dodağım uçuqlayır.
Sən gedəndən ölmüşəm
görünən də şəkildi, -
bunun niyəsi yoxdu!
Xəncərin qını, sapı var,
ağzı, tiyəsi yoxdu.
Eşq kor əlində çəlikdi,
o çəliyi apardın.
Aşiqə Haqqdan mükafat
köləliyi apardın.
Qırmızı gey, nəzir de -
qaragünlü qarabəxt
hələ sənə əsirdi...
Sevgidən söhbət düşəndə
məni belə xatırlama -
“Bədbəxt oğlu bədbəxt,
sevgi üstə əsirdi!”.
Pəncərədən baxıram,
dilim adını pıçıldayır...
Adın dilimə gələndə
dodağım yüz yerdən yarılır,
dodağım uçuqlayır.
01.04.2020
Qarğışa gəlmək
Bu necə qarğışa gəlməkdi, fələk,
Bunun arxasında Şeytan olmasın?!
Anatək sevəsən yurdu - di gəl ki,
Sevgisi ürəyə yatan olmasın.
Görən hara qaçır o qarşı qaçan?!
Kimin naləsidi bu ərşi aşan?!
O günə qalasan – kor qarışqacan
Vətən deyiləndə butan olmasın.
Qor sönsün, gözlərin külə dikilsin,
Yükün ağır bassın, dizin bükülsün.
Davada üstünə millət tökülsün
Sənə əl yetirən, tutan olmasın!
24.03.2020
ÖYRƏNDİM
1
Yetim ögey anaya
öyrəşən kimi
yoxluğa öyrəşdim.
Quraqlıq illərinin
quşlarıtək
qıtlığa öyrəşdim.
Ramazan oldu-olmadı
oruc tutmağı,
səhər içdiyim
şirin çayın üstə
axşam evə dönməyi
öyrəndim.
Ayaqqabılarımı geyəndə
balalarıma vəd verməyi,
soyunanda bəhanə deməyi
öyrəndim.
Sən demə,tamah ucundan
div xəlbirlə suya gedərmiş.
adam şapalaqla
üz qızardarmış-
Borc eyləyib toya gedərmiş.
2
Yerdən əli üzüləndə
adam niyə göyə baxır,
Göydəki niyə susurmuş?
öyrəndim.
Kəndirdən asılanlar
özünü yox,
göydən dərdini asırmış...
öyrəndim.
Öyrəndim
dünyada ən yüngül şeyin,
ən ağır şeyin bir adı var-
qəfəsdi.
...yaxşı ki,yaşamağa
içimiz var,
Adam öz içində
haraçan desən,sərbəstdi.
Öyrəndim yaşamaq nədi-
qum üstündə şəkil çəkmək,
Axırda da"gəldi-getdi"sini
daşa,dəmirə köçürmək.
Hamının bir peşəsi var-
Mirzə kimi
alın yazısını
ömrə köçürmək....
Yanvar, 1999