Sevgisiz bəndə lələk kimidi, içi bom-boş olur | YENİ ŞEİRLƏR

İT ULARTISI
-Həyətdə it saxlayırsız? -
Qonşum soruşur.
-Yox, necə bəyəm? -
Mən soruşuram.
-Gecə siz tərəfdən ulartı gəlir, -
Qonşum deyir.
Laçının həsrəti itə dönübdü...
Nə əlac eyləyim keçə bu həsrət?!
Bu dərd ulamasa, bağrı çatlayar,
İt olub ulayır gecə bu həsrət.
28.08.2018
XATİRƏLƏR SƏRGİSİ
Sənli xatirələrim olan yerə
baş çəkdim bu axşam,
Sətəlcəm adama titrətmə kimi
Bu cana sevginin əsəri gəlir...
Mənim başıma xeyir -
Hələ sevgidən məstəm, sərxoşam.
Məzara baş çəkənlər kimi...
Gözlərim doludu, əlləri boşam.
Saata baxıram - səkkizə qalır...
Mətbəx pəncərədən qaraltın keçir.
Yəqin yenə çayın qaynayır
Mən olsam deyərdim - dur altın keçir.
Evinizin hər tərəfində
Xatirələrin sərgisi qalıb.
Həm iliyə işləyən qışın sazağı,
Həm yayın qovuran bürküsü qalıb.
Xatirəsiz bir yer yoxdu,
Bax burda bir dəfə dilin“gəl” dedi,
Bax burda bir dəfə “bir ayaq saxla”.
Deyirdin maşını tanıyırlar
daldaya çək, uzaq saxla!
İkimiz bir yerdə görünmədik heç
Tanrı verən eşqi gizlin yaşadıq.
Görəsən Tanrıya biz neyləmişdik -
Bu eşqin ucundan məzlum yaşadıq?!
Sən bir az təşərdin, bir az cilvəli,
Maşında güzgüdə dil çıxardırdın...
Elə gəlməliydim kimsə duymasın,
Qapıdan içəri girirdim sonra
Paltomun altından gül çıxardırdım.
Dağıldı dörd yana xatirələr
Küçədə, maşında, güzgüdə qaldı.
Yığıb topalaya bilmədik,
Heyf! Xatirələr sərgidə qaldı.
01.01.2019
AĞDAM
Qarqardan bir söz göndər,
Qoy Qarqar oda düşsün.
Kim ki, səni unudub
Qoy belə yada düşsün.
Bir salamat künc varmı? -
Göz dağıdı hara baxsan.
Sən bizim üz qaramız,
Gözəlliyə xarabasan.
Bir dolu şəhər idin
Quru divar qalmısan.
Niyə bəri durmursan, -
Orda nə var qalmısan?!
Səndən özgə kim olsa,
Baxmaz biz olan yerə.
Şəhidləri qucaqla,
Dizini yerə bərk dirə.
O yan-bu yanı yoxdu -
Vahiməsən, ürküsən,
Düşmənin bizə olan
Nifrətinin görküsən.
Güllələrə sinə verib,
Sinəsi deşili gəlmədik.
Durub cəm olub - elliklə -
Arvadlı-kişili gəlmədik.
Qarqara bir söz söylə...
Qarqar səndən gen axır.
Tələyə düşən qurd kimi
Biləyindən qan axır.
Gəlin köçən qızlara
Cehiziydin, bəzəyiydin.
Şəhərlərin ən pullusu,
Qarabağın özəyiydin.
Quru divarlarına əl çəkdiyim,
Daşlarını öpdüyüm olaydı.
Başı çalmalı kişilər
şuma toxum səpən kimi
Həsrətimi küçələrinə səpdiyim olaydı.
Dəli kimi səni deyim,
Yolların ağına çıxım.
Qarqara bir söz pıçılda
Durum qabağına çıxım.
06.12.2018
MƏKTUB
(Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin Laçındakı heykəlinə)
Səni xatırlayanda xəcalətimdən
ölüb yerə girirəm, Həşimin oğlu!
Adamı xatırlayana
belə xəcalət verərlərmi, kişinin oğlu?!
Vətəni səni kimi sevəcəyimizə
and içirdik pionerə, komsomola keçəndə.
Tanrı hər şeyi görk elədi -
ağ yalanlarımız ağardı
gecənin üstünə səhər ağaran kimi...
Biz qaçdıq sən çiynində avtomat,
Laçın adlı yurdunla əsir düşdün.
Səndən bir az yuxarı - abidənin altda
Ana heykəli dizinin üstündə körpəsi
arxamızca baxa-baxa qaldılar.
Gözlərindən yayınaq deyə
çoxumuz Laçından gecə çıxdıq,
Elə o çıxan-bu çıxan -
nəfəsimiz üstümüzdə heçə çıxdıq.
Laçından çıxandan sonra bildim -
daş olsa da heykəllər də qanır,
Heykəllər də içində çəkir,
içindən doğranır.
...Laçında qış soyuq olur,
əllərini ovuşdurmaq, isitmək isdəyirsən.
Bir də salam yazmadım,
bilirəm salamı oxumaq yox,
dilimizdən eşitmək isdəyirsən!
22.12.2018
TƏBƏSSÜM
Şəkil göndərdin -
dodaqlarında bir topa təbəssüm
bir topa çiçək kimi...
Ovqatım təzələndi,
yoxa çıxdı incikliyim, umu-küsüm.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək əvəzi,
Stola qoyulmaz, meydan istəməz,
Hər yerdə yanımdadı -
su istəməz, güldan istəməz.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək kimi,
Ətri sardı dörd yanımı...
Təbəssüm küsü saxlamaz!
Şəhərin heç bir gül satanı
belə buket bağlamaz.
03.08.2018
XALLIM
Tanrım elə şans tanıya,
Nazını mən çəkəm, xallım.
Mən varam - mən olan yerdə -
Sənin dərdlərin kəm, xallım.
Basdıqca yanına qədəm
Doğma adamtək ərk edəm, -
Səni öpüşə qərq edəm,
Zəhləni də tökəm, xallım.
Kim olar ki, sən busatda?!
Yaranmısan xoş saatda.
Həm sevgidə, həm həyatda
Mən Tək oğlu Təkəm, xallım!
18.08.2018
QARIŞQA QISQANCLIĞI
Sənə zəng gəldi...
Nə bilim hansı qohumdan,
hansı kəmfürsətdən
görüş yarımçıq bitdi,
Çaya da vaxt olmadı...
Süfrə alt altdan qaldı, üst üstdən.
Ayrılanda bağının əncirindən
pay qoydun – üstü qarışqalı.
Mən də yarımçıq görüşün acığına
yolboyu qarışqasıyla yedim payını.
Qarışqalardan biri fürsət tapıb
dilimi dişlədi - verdi “vay”ımı.
Qarışqa ya sənin qisasını alırdı,
ya əncirinizin.
Əncir olmasaydı deyərdim qarışqa acdı,
Qohumlarının adı çıxıb,
Qarışqaların qohumlardan qısqancdı.
20.08.2018
AYDINLIQ
Gedirsən uzaqlara,
gerini düşünmədən, -
gedirsən arxayınca.
Üzülmə ağlamıram -
gözlərim vərdiş edib
su səpirlər ardınca.
20.10.2018
DUA
Ağaclar barıynan,
dağlar qarıynan,
Göylər quşuynan xoş olur.
Tanrım, heç kəsi sevgisiz qoyma,
Sevgisiz bəndə lələk kimidi, -
içi bom-boş olur...
18.08.2018
BİR QADIN OLA
Bir qadın ola, -
Sevib sonra dalaşasan,
Küsdürəsən, küsəsən...
Barışanda hönkürüb ağlayacaq qədər
səni sevdiyinin şahidi olasan.
Həm özünü qınaysan,
Həm də bığ altından güləsən,
Belə bir qadın ola
Özünü xöşbəxt biləsən...
15.08.2018
SƏN GÖNDƏRƏN ŞƏRQİ
Sən göndərən şərqi bükdü dizimi,
Mən çətin dikələm qalxam bir daha.
Agah olmaq üçün belə yığvaldan
Gərək vaxt eliyəm çıxam Allaha.
Bu bəxt ilmə-ilmə necə toxundu,
Bu ömür-günü kim qavğardı belə?!
Niyə bu sevgiyə bir yol görünmür,
Niyə dörd yanımız divardı belə?!
Talenin işindən baş açmaq olmur,
Görmədim yetişə dada sevgisi.
Sevgini göndərir divar da çəkir,
Ya divarı qalsın, ya da sevgisi.
Səni gözləyərəm - gözüm yol çəkər,
Amma, mənə gələn qədəmin olmaz.
Gəmiylə doludu çaylar, dənizlər,
Bizi də götürən bir gəmi olmaz.
Bizi də götürsə, göyərtəsinə
Yolboyu həsrəti suya çəkərdik.
Sevginin şəklini gündüz günəşə,
Gecələr boylanan aya çəkərdik.
O gəmi uzağa götürə bizi,
Nakam sevgilərin yeri ağlaya...
Sən göndərən şərqi səslənə birdən
Bir gözümüz gülə, biri ağlaya.
Sən göndərən şərqi şeirə döndü,
Misranın, sətirin budu düzümü.
Sən göndərən şərqi su imiş, zalım,
Sən göndərən şərqi yudu üzümü.
14.06.2018
***
Bu gün ağlamışam səni düşünüb...
Məndən utanır, -
sevginin üzümə çıxacaq üzü,
Ağlatmışam -
gözümün gözümü görəcək gözü yoxdu.
14.06.2018
CANIN SAĞ OLSUN
Əllərini ziyarətə
Qoymadın - canın sağ olsun!
O əllərdən bir salamı
Qıymadın - canın sağ olsun!
Canım atəşi sevgini,
Bağrım badaşı sevgini,
Hər şeyin başı sevgini
Duymadın - canın sağ olsun!
Gah duman, gah sisdə gəldin,
İlham üçün qəsdə gəldin,
Hər gün bir az üstə gəldin,
Doymadın - canın sağ olsun!
15.06.2018
SEVGİ ACLIĞI
Nə ad qoyulur qoyulsun -
bütün korluğum, aclığım
Sevgi adına korluğumun,
yanında heç nədi, tellim.
Bircə sevgi aclığım
sən olmayınca keçmədi, tellim.
Göz sevginin ardınca yaşarır, tellim,
Sevgi aclığı nəfəs aclığı kimidi
Almasaq içimiz boşalır, tellim!
18.08.2018
SOLMAZ MÜƏLLİM
Solmaz müəllim,
dikdaban ayaqqabıda,
qıssa saçlarda
Laçının baş küçəsiylə
şax qədəmlə yeriyən
gənc tarix müəllimi yadındamı?!
Bəs sinifdə körpə cücələr kimi
civildəşən o uşaqlar necə?!
Sən içəri girən kimi səs xırp kəsərdi...
Yadındadımı küçəyenişə,
küçəyoxuşa cökə ağaclarıyla
əl tutan, salamlaşan uşaqlar?!
Solmaz müəllim, küçənin o tayında
Bir uşaq səni görəndə
tez başından papağını çıxardardı,
Amma, sən onu görməzdin.
And olsun o uşağa papağı
başdan çıxardan hissin adına
O uşaq paxla çubuğa dolaşan kimi
hələ də dolaşıb qalıb Laçında.
Solmaz müəllim, bax Laçının
küçələrinin yadından o şax yeriş,
o şux baxış çıxmayıb hələ...
O şax yerişin, gözəl baxışın
hələ dadı damağındadı Laçının.
İnan mənə, Solmaz müəllim.
Hələ də 8 illik məktəbdə
O uşaqlar o sinifdə cücə kimi
civildəşirlər.
Hələ də cökə ağacları
o uşaqların salamını gözləyirlər.
Solmaz müəllim,
bu nədi başımıza gəldi,
kim səhv etdi, kim karıxdı?!
Solmaz müəllim, Solmaz müəllim,
bu necə tarixdi?!
24.08.2018
MANERA.AZ