manera.az
manera.az

Səndən qaçmaq sənə dönməkdi.. - ŞEİRLƏR

📅 24.04.2018 18:46

Səndən qaçmaq sənə dönməkdi.. - ŞEİRLƏR
Manera.az tanınmış şair İlham Qəhrəmanın şeirlərini təqdim edir:

SƏNDƏN QAÇMAQ SƏNƏ DÖNMƏKDİ

Mən elə bilirdim mən dizi bərkəm,
Bu gün o inamım qırıldı
həsrətin mənə güc gəlir...
Quşa qanadının yerini
heç nə verməyən kimi
Sənin də yerini heç kəs vermir,
Tanrı məni sənə möhtac qoydu.
Özümə söz verdim səndən qaçım...
Əllərinə xına qoy -
səndən qaçmaq da sənə dönməkmiş...

Həsrətin mənə güc gəlir,
Heç kəs sənin yerini vermir.
Nə bilim axı – bəlkə elə sən
o yeri heç kəsə vermirsən.

SƏN MƏNİ GÖZƏL UNUDARSAN

Səndən yaxşı tanıyanım yox,
Məni səndən yaxşı kimsə unutmaz...
Dinmədən, danışmadan,
sakitcə - lal unut, tellim,
Xatirələri dəyməyə qoyma
eləcə kal unut, tellim.

Məni bir ağac hesab eləsən,
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin
görüş yerini unudarsan,
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı,
öpüş yerini unudarsan.

Unut məndə nə gördünsə,
Sənə çəkdirdiyim acıları,
dilimdən çıxan zəhəri unut,
Zəng edib danışa bilmirdim
boğazıma tıxanan qəhəri unut.

Məni səndən gözəl heç kəs unutmaz
Axşamlar balaca eyvanında
tamaşasına durduğumuz
şəhəri, seyri unut,
səni mənə sevdirən sirri-xudanı,
sehri unut,
Heç nəyə rəhm eyləmə -
sənə yazdığm şeiri unut.

Hər görüşdə
yeddi illiyimizi geri salan qorxunu,
Fələyin amansız hərlənən
çarxını unut.

Pünhan gətirdiyim xrizantemi, -
sevdiyin gülünü unut,
Adımı “Dəli” qoymuşdun -
mən adlı dəlini unut.

DARIXMAQ

Sənə necə deyim, necə anladım
darıxdığımı?!
Dad desən dadı yoxdu,
Şəkli, boyu, adı yoxdu -
deyəm ki, budu darıxmaq…
Gözlər yaş paltar kimi sıxılar
görərsən üzünü yudu darıxmaq.

Tək ayaq adamın çəkməsinin
geyilməyən tayı necə darıxar…
Yəqin belə xaraba Ağdamda
boş küçə darıxar.

Bilməzsən necə darıxıram…
Qanadı sınıb dəstədən ayrılan
durnanın darıxmağını desəm,
sən denən azdı,
Bu darıxmaq başında tükü biz-biz edən
yalquzaq ulartısındakı avazdı.

DOST, SƏNİ SEVDİYİN QADIN AĞLADIR

Gözünün bulağı islaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.
Qara sevdalar var yasaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.

Sinəni odlayıb keçən ahın var,
Bəlkə unutmusan bir günahın var,
Əfv üçün molla var, keşiş, kahin var…
Dost, səni sevdiyin qadın ağladır?!

Payız hardan çıxır, qış hardan gəlir,
Ayaq hara gedir, baş hardan gəlir,
Gözündən bir belə yaş hardan gəlir
Dost, səni sevdiyin qadın ağladır.

Sən tapan dərdidi tapdı Kərəm eyy,
O Kərəm hardadı indi görən eyy?!
Boynuna almırsan – and içərəm eyy,
Dost, səni sevdiyin qadın ağladır.

Nə tale gözləyir geridə səni,
Belə ki çəkirsən - əridər səni…
Kimin əlindədi kiridə səni?!
Dost, səni sevdiyin qadın ağladır.

TƏKCƏ O QADININ ŞAİRİYƏM MƏN

Nə üzün görmüşəm, nə yerin billəm,
Yazdı... Yazdıqları kövrəltdi məni.
Don vurmuş hissləri laxlatdı bir-bir,
Bir qadın nə yaman tərpətdi məni.

Söz saldı təklikdən, sərt taleyindən,
Oxuyan gözlərdən su əskilirdi...
Məndə mizin üstə salfet var idi,
Görən o gözlərin nəyə silirdi?!

O başdan bir sınıq ürək yazırdı,
Bu başda bir yaşlı göz oxuyurdu.
Üç nöqtə qoyurdu sözün yerinə
İlk dəfə nöqtədən söz oxuyurdum.

Yazdıqca bir sarı simə çıxartdı -
Könlümü qəm üstdə köklədi qadın.
Canımın qaçmağa yeri qalmadı,
Məni öz dərdiylə təklədi qadın.

"Şairim" yazırdı yeri gəldikcə,
Bir köhnə xırmanam, söz yeriyəm mən, -
Bəlkə də dünyada bir şair kimi
Təkcə o qadının şairiyəm mən.

Görməzə-bilməzə yazıldı şeir,
İşığa çıxacaq - qorxuram, Allah!
İsanın çarmıxa hopdu ağrısı,
Mən də bu qadına çarmıxam, Allah!


* * *
Kim halından halı bilər
bu halı, haldan olmuşun?!
Nə sağı haraya yetər,
nə solu, soldan olmuşun.

Həsrət sevgi sazağıdır,
əriməyən buz dağıdır.
Bizim dağlar göz dağıdır,
yox yolu yoldan olmuşun.

Sel çayda həşir qoparır,
dalğalar enir, qabarır...
Həm körpünü sel aparır,
həm salı saldan olmuşun!

ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ

Bu yola vaxtsız buruldun
Niyə belə tez yeridin?!
Ağacın alt budağıydın,
Əlimiz çatan yer idin.

Yığışıb yazarların
Küçəsindən getmisən.
Səni sevən dostların
Kisəsindən getmisən.

Haqqı-salam sənlə idi
Haqqı-salamın itməzdi,
Sucuq yerdən ot yaşılı,
Səndən xoş sifət getməzdi.

Sən ki, orda yaxındasan
Bizdən pıçılda Tanrıya.
Qapın məscid qapısıydı
Açıq olardı hamıya.

Bakının ortasında
hər səni görəndə
Adamı vurardı kəndin ətiri.
Yanına gələni əyləşdirərdin
Qızlara deyərdin bir çay gətirin.

Sən baxan səmtə baxanda
Başda Vətən gəlir, -
Kür, Araz, Həkəri görünür.
Siqareti külqabına qoyub
Aldığın salamın yeri görünür.

...Birər-birər gəzdim bu dağı,
Dərəsi, təpəsi, tapı qalmadı.
Ağac yıxılanda səmtinə aşar
Səndən sonra bizə aşacaq yer,
Açılacaq qapı qalmadı.

SƏNİ DÜŞÜNMƏK

Səni düşünürəm, səni haçandır...
Bir acı söz söylə xətrimə dəysin,
Bir acı söz söylə qəlbimi sındır.

Mən səni sevdimsə, əl çəkməyəcəm
Mən sənə vurulsam, vermərəm məhəl,
Zəhləni tökəcəm hər axşam, səhər.

Bir sevən gördünmü heç yanılmaya,
Bir ürək gördünmü qapısı olsun,
Kimsə gəlib döyə, açan olmaya?!

Ağlına da gəlməz, xəbərin yoxdu,-
Sənin işləklərin öldürür məni,
Gözümün altında göl durur mənim.

Ağlına da gəlməz hansı ürəkdə
Axşamı salmısan, gecələmisən,
Bir tanrı bəndəsin gic eləmisən.

Bir Allah şahiddir bu yer üzündə
Sevginin ən bədbəxt girinci mənəm,
Sevgidən dərd gəlsə, birinci mənəm.

Sən elə qəddarsan, elə zalımsan,
Yiyəli bir mülkə köç eləmisən,
Tövbəli ürəyə güc eləmisən.

Məni nə günlərə qoyubdu canın...
Mənə nə etmisən - barmağım azdı,
Deyərəm..., demərəm... hayıfdı canın.

Mənim vurulmağım çox ağır olur,-
Ağır keçirirəm qızılca kimi,
Məni sevən qadın qan-bağır olur.

Səni düşünürəm, səni haçandır...
Bir acı söz söylə xətrimə dəysin,
Bir acı söz söylə qəlbimi sındır.

Bir acı söz denən qırılım gedim,
İlan qabığından, qılınc qınından
Sıyrılıb çıxantək sıyrılım gedim.

İKİMİZ ÜÇÜN YER

Duraq bu yerlərdən ayaq götürək,
Gedək gözlərimiz tutan bir yerə,
Gedək könlümüzə yatan bir yerə.

Bütün idmiləri buraxaq qalsın,-
Getməsin bir qanun, bir tabu biznən,
Bir bəndə çəkməsin hesabı biznən.


Doğmadan ayrılaq, yaddan ayrılaq,
Gilizdən ayrılan güllələr kimi -
Bu bizə qoyulan addan ayrılaq.

Mən orda adını Həvva çağırım,
Sən mənim adıma Adam deyərsən,
Bütün tabulara “qadam!” deyərsən.

Ataq əynimizin paltarını da,
Təzə paltar geyək yarpaqdan, otdan,
Bir adam baxmasın bizə gözaltdan.

Bir qaya altını bəyənək evtək,
Adəmlə Həvvanın evidi deyib,-
Səliqə-səhman et, o evə əl çək.

Bir çayın ləpəsi döyən yer olsun,
Səhərlər o çaya qarmaq sallayaq,
Axşamlar əyləşib ayaq sallayaq.

Dolanaq quşumuz qonan yer tapaq
Ora bizdən başqa kimsə getməsin
Elə yer olsun ki, alma bitməsin.

Ayrı haramız var, hara üz tutaq?!
Duraq bu yerlərdən ayaq götürək,
Bir ayaq dəyməyən yerə üz tutaq.


Baxış sayı - 2 351 | Yüklənmə tarixi: 24.04.2018 18:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031