Şairin vətəni sevgidi, tellim - İlham Qəhrəmanın şeirləri

MANERA.AZ şair, publisist İlham Qəhrəmanın 60 illik yubileyi münasibəti ilə şeirlərini təqdim edir:
ÇIXMADI
(60 yaşıma)
Adımın üstündə yarpaqtək əsdim,
El-oba içində xatam çıxmadı.
Bağ saldım, payıza barın gözlədim,
Söyüdlər boy verdi, badam çıxmadı.
İnanmazsan – nəyin nəfini çəkdim?!
Mən ancaq kədərin kefini çəkdim.
Dərdi “car” etməyin ipini çəkdim,
Cınqırım olmadı, sədam çıxmadı.
Gedər-gəlməzlərə yollandım elə...
Şeirdən nuş etdim hallandım elə.
Çoxunun cildinə allandım elə,
Adam bildiklərim adam çıxmadı.
TƏBƏSSÜM
Şəkil göndərdin -
dodaqlarında bir topa təbəssüm
bir topa çiçək kimi...
Ovqatım təzələndi,
yoxa çıxdı incikliyim, umu-küsüm.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək əvəzi,
Stola qoyulmaz, meydan istəməz,
Hər yerdə yanımdadı -
su istəməz, güldan istəməz.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək kimi,
Ətri sardı dörd yanımı...
Təbəssüm küsü saxlamaz!
Şəhərin heç bir gül satanı
belə buket bağlamaz.
SƏN GÖNDƏRƏN ŞƏRQİ
Sən göndərən şərqi bükdü dizimi,
Mən çətin dikələm qalxam bir daha.
Agah olmaq üçün belə yığvaldan
Gərək vaxt eliyəm çıxam Allaha.
Bu bəxt ilmə-ilmə necə toxundu,
Bu ömür-günü kim qavğardı belə?!
Niyə bu sevgiyə bir yol görünmür,
Niyə dörd yanımız divardı belə?!
Talenin işindən baş açmaq olmur,
Görmədim yetişə dada sevgisi.
Sevgini göndərir divar da çəkir,
Ya divarı qalsın, ya da sevgisi.
Səni gözləyərəm - gözüm yol çəkər,
Amma, mənə gələn qədəmin olmaz.
Gəmiylə doludu çaylar, dənizlər,
Bizi də götürən bir gəmi olmaz.
Bizi də götürsə, göyərtəsinə
Yolboyu həsrəti suya çəkərdik.
Sevginin şəklini gündüz günəşə,
Gecələr boylanan aya çəkərdik.
O gəmi uzağa götürə bizi,
Nakam sevgilərin yeri ağlaya...
Sən göndərən şərqi səslənə birdən
Bir gözümüz gülə, biri ağlaya.
Sən göndərən şərqi şeirə döndü,
Misranın, sətirin budu düzümü.
Sən göndərən şərqi su imiş, zalım,
Sən göndərən şərqi yudu üzümü.
DUA
Ağaclar barıynan,
dağlar qarıynan,
Göylər quşuynan xoş olur.
Tanrım, heç kəsi sevgisiz qoyma,
Sevgisiz bəndə lələk kimidi, -
içi bom-boş olur...
VİOLENDƏ SƏN
Violendə hicran çalır Pərviz Yahəqqi,
Bütün hicran nəğmələri səni səsləndirir
Amma, bu zalım səni bir ayrı çalır, -
Hicranın səsindən sən yaranırsan.
Mən indi sevginin musiqi fəslindəyəm,
Qış ilin sərt fəsli olan kimi
Musiqi fəsli ən kədərli çağıdı sevginin...
Violendə hicran dil açan kimi
gəlib durursan gözümün qarşısında
Yaxanın iki düyməsi açıq, saçı dağılmış,
Diz-dizə, göz-gözə, iki əllərim əlində...
Suallarına yalan uydurmalıyam,
Elə yalan ki, şirin olsun, könlünə yatsın, -
Asan deyil...
Bilirəm sən də Allaha yalvarırsan
yalan uyduranda çaşmayım...
Belə məqamda böyrümdən çıxasan -
Gözlərimi görsən inanmarsan,
Sahibsiz it gözündəki kədər muştuluq olar.
Violenin səsi su torpağa hopan kimi
Hopur canıma səninlə bir yerdə -
Sən hopan suda rəng kimisən.
Mən indi sevginin musiqi fəslindəyəm,
Heyf! Sən ona qulaq asmırsan.
AĞDAM
Qarqardan bir söz göndər,
Qoy Qarqar oda düşsün.
Kim ki, səni unudub
Qoy belə yada düşsün.
Bir salamat künc varmı? -
Göz dağıdı hara baxsan.
Sən bizim üz qaramız,
Gözəlliyə xarabasan.
Bir dolu şəhər idin
Quru divar qalmısan.
Niyə bəri durmursan, -
Orda nə var qalmısan?!
Səndən özgə kim olsa,
Baxmaz biz olan yerə.
Şəhidləri qucaqla,
Dizini yerə bərk dirə.
O yan-bu yanı yoxdu ki, -
Sən qorxusan, ürküsən,
Sən düşmənin bizə olan
Nifrətinin görküsən.
Güllələrə sinə verib,
Sinəsi deşili gəlmədik.
Durub cəm olub - elliklə -
Arvadlı-kişili gəlmədik.
Qarqara bir söz söylə...
Qarqar səndən gen axır.
Tələyə düşən qurd kimi
Biləyindən qan axır.
Gəlin köçən qızlara
Cehiziydin, bəzəyiydin.
Şəhərlərin ən pullusu,
Qarabağın özəyiydin.
Quru divarlarına əl çəkdiyim,
Daşlarını öpdüyüm olaydı.
Başı çalmalı kişilər
şuma toxum səpən kimi
Həsrətimi küçələrinə səpdiyim olaydı.
Dəli kimi səni deyim,
Yolların ağına çıxım.
Qarqara bir söz pıçılda
Durum qabağına çıxım.
MƏKTUB
(Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin Laçındakı heykəlinə)
Səni xatırlayanda xəcalətimdən
ölüb yerə girirəm, Həşimin oğlu!
Adamı xatırlayana
belə xəcalət verərlərmi, kişinin oğlu?!
Vətəni səni kimi sevəcəyimizə
and içirdik pionerə, komsomola keçəndə.
Tanrı hər şeyi görk elədi -
ağ yalanlarımız ağardı
gecənin üstünə səhər ağaran kimi...
Biz qaçdıq sən çiynində avtomat,
Laçın adlı yurdunla əsir düşdün.
Səndən bir az yuxarı - abidənin altda
Ana heykəli dizinin üstündə körpəsi
arxamızca baxa-baxa qaldılar.
Gözlərindən yayınaq deyə
çoxumuz Laçından gecə çıxdıq,
Elə o çıxan-bu çıxan -
nəfəsimiz üstümüzdə heçə çıxdıq.
Laçından çıxandan sonra bildim -
daş olsa da heykəllər də qanır,
Heykəllər də içində çəkir,
içindən doğranır.
...Laçında qış soyuq olur,
əllərini ovuşdurmaq, isitmək isdəyirsən.
Bir də salam yazmadım,
bilirəm salamı oxumaq yox,
dilimizdən eşitmək isdəyirsən!
YIXILASAN
Əlibıçaqlı qova səni,
Qapı ağzında yıxılasan.
Nazlanır nazın nazdan naza,
Səni nazından yıxılasan.
Mən aşmadığım nə sədd qaldı?!
Ürəyim yenə həsrət qaldı.
Kimsən, oxuyan? - cəsəd qaldı,
O avazından yıxılasan.
Sözün varmı, adam şəkilli?!
Həm dərdlisən, həm də fikirli,
Qışdan çıxıb dili şükürlü, -
İlin yazında yıxılasan.
XATİRƏLƏR SƏRGİSİ
Sənli xatirələrim olan yerə
baş çəkdim bu axşam,
Sətəlcəm adama titrətmə kimi
Bu cana sevginin əsəri gəlir...
Mənim başıma xeyir -
Hələ sevgidən məstəm, sərxoşam.
Məzara baş çəkənlər kimi...
Gözlərim doludu, əlləri boşam.
Saata baxıram - səkkizə qalır...
Mətbəx pəncərədən qaraltın keçir.
Yəqin yenə çayın qaynayır
Mən olsam deyərdim - dur altın keçir.
Evinizin hər tərəfində
Xatirələrin sərgisi qalıb.
Həm iliyə işləyən qışın sazağı,
Həm yayın qovuran bürküsü qalıb.
Xatirəsiz bir yer yoxdu,
Bax burda bir dəfə dilin“gəl” dedi,
Bax burda bir dəfə “bir ayaq saxla”.
Deyirdin maşını tanıyırlar
daldaya çək, uzaq saxla!
İkimiz bir yerdə görünmədik heç
Tanrı verən eşqi gizlin yaşadıq.
Görəsən Tanrıya biz neyləmişdik -
Bu eşqin ucundan məzlum yaşadıq?!
Sən bir az təşərdin, bir az cilvəli,
Maşında güzgüdə dil çıxardırdın...
Elə gəlməliydim kimsə duymasın,
Qapıdan içəri girirdim sonra
Paltomun altından gül çıxardırdım.
Dağıldı dörd yana xatirələr
Küçədə, maşında, güzgüdə qaldı.
Yığıb topalaya bilmədik,
Heyf! Xatirələr sərgidə qaldı.
ƏSGƏRLƏRİMİZƏ
Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
Parçalanmış yurdu bir yerə yığmaq, -
Sizdən bundan özgə nə umuruq biz.
Bir Allah bilir ki, hər gələn gecə
Sizə umud olub göz yumuruq biz.
Nə qədər meydanı daraldı onun, -
Qoy şaxı açılsın – o bayraq üç rəng!
Onun bir adı da sevinc göz yaşı, -
Ondan gözəl olmaz gözümdə heç rəng!
Nə vaxt döyüş olur, torpaq qayıdır,
O bayraq sizinlə irəli gedir.
Əsgər yoldaşının son nəfəsidi -
Bax o da dayanmır, yaralı gedir.
İllərdi ürəkdə bir arzumuz var, -
Düşmənin burnunu əzəsiniz bir!
Tanrı çox görməsin – qalxsın bu töhmət-
Papağı yan qoyub gəzəsiniz bir!
Yan-yana sıx durun düşmən önündə,
Amandı sıranız olmasın seyrək!
Tağbənd körpülərin daşları kimi
Biri-birinizdən bərk yapışın, bərk.
Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
SƏNİ UNUTMAQ OLMUR
Məhbusun illər sonra
unutmadığı təkadamlıq
məhbəs kimi,
Şimşəkdən sonra
ağlımıza gələn səs kimi
Səni unutmaq olmur.
Elə bilmə yad kimisən...
Güllərdə bildiyim ətir,
Meyvələrdə tanıdığım
dad kimisən
Səni unutmaq olmur.
Bir misal deyim, -
Çınqılda necə gəzər,
nəyi unutmaz ayağıyalın?!
Hər vaxt xatırlanan
ölüm kimisən, zalım,
Səni unutmaq olmur.
GİZLƏNPAÇ
Məniydim, Əliydi, Vəliydi,
Kərimiydi, bir sözlə çoxuyduq,
bir də Laçınıydı.
Gizlənpaça yığışmışdıq...
Yummaq püşkü tərs kimi Laçına düşdü...
O yumdu biz gizlənmək adıyla qaçdıq.
Divarın dalından iki əliylə
gözünü qapamış Laçının səsi gəlirdi -
-Gözümü açım?
Səs get-gedə geridə qalırdı
Amma, cavab verən olmadı...
Mən bilmirəm Laçın gözünü açdı ya yox?!
Kaş heç açmaya –
açsa, namərdliyi görüb
bağrı çatdıyacaq.
SEVGİYLƏ ÖLMƏK
Sevgiylə ölmək istəyirəm mən,
Sən məni sevgiylə öldür, İlahi,
Son anda təbəssüm qonsun üzümə, -
Körpə uşaq kimi dodağım qaçsın,
Son anda sən məni güldür, İlahi.
Sevgiylə ölmək istəyirəm mən,
Hər işdə arada mən səni gördüm,
Axı hər şey sənin qüdrətindədi
Sevgini dilə tut, qoy lap ərk olsun...
İbrahim peyğəmbər öz doğmasının
Başına bıçağı necə çəkdisə,
Ölümüm sevgiylə mübarək olsun.
Sevgiylə ölmək istəyirəm mən,
Sevgi ilə kədər qucaq-qucağa,
İçimdə qarışıq bir hissim olsun.
Qoy məni sevənlər şivən qoparsın,
Qoy mənim üzümdə təbəssüm olsun.
Sevgiylə ölmək istəyirəm mən.
İlahi, çoxmu şey istəyir bəndən?!
ŞAİRİN VƏTƏNİ SEVGİDİ
Uzaqdan qapını döyürlər, ürək,
Yenə də sevgidi həyat istəyən.
Ah, mənim ürəyim bağça kimidi,
Mənəm bağçasında sevgi bəsləyən.
Şad olsun sevgiyə tapşıran məni,
Məndən tək sevgilər muğayat oldu.
Özümə həyatda bir yer olmadı,
Ürəyim sevgiyə bağ-bağat oldu.
Ruhun da yaddaşı olur, deyirlər, -
Qəsdimdi, ruhuma içirəm səni.
Köynəkcək olasan bir mələk kimi,
Mən də gözlərimə köçürəm səni.
Sənin hər istəyin gözlərim üstə, -
De, tellim, göndərim – nəmənə gəlsin?!
Qadanı alaram, qoy mən darıxım,
Sənin darıxmağın qoy mənə gəlsin!
Görəsən, kim bilir, gizli sevgilər
Tanrının yanında hansı qatdadı?!
Ömrümdə heç kimə yenilmədim mən,
Mənim dizlərimi sevgi qatladı.
O qədər şadam ki, mən bu sevgidən
Görəndə soruşma - nədi bu halət?!
Şairin vətəni sevgidi, tellim,
Sevgidi dünyada azad məmləkət.
AŞIQSAYAĞI
Aşıq deyər qəribliyə salmayın,-
Sevən ürək yara tərəf təpir hey.
Yardan qalma yaraları göynəyir,
Gah üfürür, gah da sudan səpir hey.
Ağac idi, yerində bir çəkil var,
Elə yanıb, nə kömür var, nə kül var,
Döş cibində bir saralmış şəkil var -
Gizlin-gizlin oxşayır hey, öpür hey.
İlham demir bu tək nədi, cüt nədi,
Vaxt əlində tək də, cüt də heç nədi.
Çox yer gəzdi, ya Rəbb, əlac etmədi,
Nə loğman hey, nə ocaq hey, nə pir hey.
SƏN MƏNİ GÖZƏL UNUDARSAN
Səndən yaxşı tanıyanım yox,
Məni səndən yaxşı kimsə unutmaz...
Dinmədən, danışmadan,
sakitcə - lal unut, tellim,
Xatirələri dəyməyə qoyma
eləcə kal unut, tellim.
Məni bir ağac hesab eləsən,
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin
görüş yerini unudarsan,
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı,
öpüş yerini unudarsan.
Unut məndə nə gördünsə,
Sənə çəkdirdiyim acıları,
dilimdən çıxan zəhəri unut,
Zəng edib danışa bilmirdim
boğazıma tıxanan qəhəri unut.
Məni səndən gözəl heç kəs unutmaz
Axşamlar balaca eyvanında
tamaşasına durduğumuz
şəhəri, seyri unut,
səni mənə sevdirən sirri-xudanı,
sehri unut,
Heç nəyə rəhm eyləmə -
sənə yazdığm şeiri unut.
Hər görüşdə
yeddi illiyimizi geri salan qorxunu,
Fələyin amansız hərlənən
çarxını unut.
Pünhan gətirdiyim xrizantemi, -
sevdiyin gülünü unut,
Adımı “Dəli” qoymuşdun -
mən adlı dəlini unut.
ÖMÜR
Bu evdi, bu da buxarı,
Tüstüsü ömür çıxarı...
Həyat qarışqa cığırı -
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
Arılar pətək ucundan,
Dodaq da öpmək ucundan...
Bir loxma əppək ucundan
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
Yatdın oyandığın yerdə,
Su axdı yandığın yerdə...
Elə dayandığın yerdə
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ