manera.az
manera.az

Ay məndən qaçan qismətim - Şeirlər

Ay məndən qaçan qismətim - Şeirlər
***
Ay məndən qaçan qismətim,
Mən səndən haşa düşmədim.
Açılan qola sığmadım,
Sevilən yaşa düşmədim.

Soysuzun soyun görmədim,
Əlsizin payın görmədim.
Yox, belə oyun görmədim,
Yox, belə işə düşmədim.

Oynadım - uddum, uduldum.
Son anda dosta satıldım.
Yüz dəfə qoşa atıldım
Bəxtimnən qoşa düşmədim.

Allah! Göydən atdın məni,
Od içində tutdun məni.
Sən elə yaratdın məni -
Özüm də başa düşmədim...


***
Bir az boyun uca ola
Buludlara çıxasan.
Göy üzünün əlçatmayan
Böyüklüyün yıxasan.

Bir topa bulud alasan
Ayağının altına.
Bax beləcə ucalasan
Göyün yeddi qatına.

Axatarasan səmalardan
Özünə yer seçəsən.
Şəhərlərdən yığılasan
Adamlardan köçəsən.

Sonra sakit bir guşədən
Boylanasan baxasan.
Günəş olub alışasan,
Yağış olub yağasan.

Yağasan ki torpaqdakı
Son izin də silinə.
Kəsir qalan qara bəxtin,
Ağ libasa bürünə.

Göz qoyasan səndən sonra,
Sənsiz qalan her şeyə.
Zincirdəki boz köpəyə
Taxcada ki, pişiyə.

Dünənindən bir yol seçib
Bu gününə gələsən.
Yaşadığın hər nə varsa,
Bircə-bircə görəsən.

Közərirmi pəncərəndən
Otağının işığı
Kim oyadır yuxusundan,
O, on yaşlı uşağı?

Necə keçib uşaqlığın?
Necə keçib gəncliyin.
Olubmu heç bircə dəfə
Ürək dolu dincliyin?

Baxasan ki yetim qalıb
Ayaqqabın, şalvarın.
Tək qazancın, tək güvəncin
Həsmin, dövlətin varın.

Ondan başqa hər nə varsa
Yoxluğunu anmadı.
Sənə övlad deyənlər də
Sənsiz yetim qalmadı.

Baxasan ki bulud gəldi,
Torpaq azca yaş oldu.
Sular endi çuxuruna
Qar bərkidi daş oldu.

Ağ kəpənək qanadında
Gəldi keçdi nisgilin.
Yoxluğunu unutmadı,
Anan , birdə sevgilin.

Dost, tanışlar köks ötürüb
Bir az sökdülər yaxa.
Kədərini sığdırdılar.
Üçə, yeddiyə, qırxa.

Yenə namərdin torunda,
Neçə mərdi görərsən.
Kürsülərdə, qoltuqlarda
Qeyrət dərdi görərsən.

Haqq sığınıb qaranlığa,
Doğru susub, kiriyir.
Yalan ,yanlış ən qabağa
Ayaq tutub yeriyir.

Görərsən ki,it ömrünü,
Adam necə daşıyır.
Bir dam altda məhəbbət də,
Xəyanət də yaşayır.

Xatirələr zulmət olub
Kölgə saldı bəxtinə.
Səndən sonra hey uzandı.
Əllər könül taxtına.

Bu dünyanın çox dəyişdi,
Səntək gəlib gedəni.
Sən olsan da, olmasan da,
Dəyişmədi düzəni.

Qış günündə baş qaldıran,
Gülə qalar bu dünya.
Dərd eləmə, belə gəlib
Belə qalar , bu dünya.


***
Gecə saat on iki
Və yəgin ki yatırsan.
Mənsə hələ oyağam.
Divarları dağılmış
Pəncərəsiz otağam.
Baxışlarım zillənən
Tavandakı nöqtəyə
Özüm qədər yaxınam,
Sənin qədər uzağam.

Mən baxdıqca o nöqtə,
Gözlərimdə böyüyür.
Külək döyür qapımı,
Otaq bir az soyuyur.

Köhnə ev əşyaları
Qırıq yazı masası.
Üzərində kağızlar
Bir siqaret qutusu
Bir boş qədəh
Bir şüşə
Divarımda asılmış
"Ayətül kürs" duası.

Dönür əqrəblər yenə
Şahid durur üzümə.
Ayrılıram yataqdan,
Yuxu getmir gözümə.

İki tikə çörəklə
Düşürəm ki , küçədə
bir ac iti doyuram.
Özlüyümdə beləcə
Günahımı yuyuram.

Tənhalıqdan
Çirklənib
Ayaqqabım,
Köynəyim.
Bilirəm ki əzizim!
Xəbərsizən bunlardan
Yaxın otur , mən deyim.

Mənəm indi bu saat
Kədərlərin öndəsi.
Və tanrının bəlkədə
Ən günahkar bəndəsi.

Yağır göydən ulduzlar,
ağ buludlar ulayır.
Tanrının işinə bax
azca sevinim deyə,
Bir it quyruq bulayır.

Bu günədək aldığım
Nadir tanrı hədiyyəm!!

Sağol Allah!!

Gecə saat on iki,
Sən öz şirin yuxunda
Mənsə qeyd eləyirəm.
Tənhalığın ömrümdə
Yüzüncü il dönümün.
Düşünürəm sadəcə
Səni , birdə ölümü.

Xələf AZƏRİБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031