Sən şairsən, nağıl qəhrəmanı deyilsən... | MANERA.AZ
MƏSLƏHƏTLƏRƏ SON...
1. Dayan, 40-cı qapının ağzında sən də dayan! Fəqət heç zaman içəri keçmə... Sən şairsən, nağıl qəhrəmanı deyilsən...
2. Divin (Və ya Mətnin!) canının şüşədə olduğunu biləndən sonra qəhrəmana çevrilib özündən çıxma! Metaforaların ayaqlarını “qıdıqlama”, qoy onlar yuxulu-yuxulu üstünə yeriməsinlər...
3. Ağzı qapanmış bütün quyularda bir “Yandım!!!” fəryadı vardır! Kəndirini kəsən qardaşlarını sev, çünki onlar səni Həqiqətin üstünə yolladılar.
4. Heç kəsdən ənam gözləmə! Bütün gözləntilərini xarakiri et!!!
5. Dənizləri, çay və bulaqları sev! Suyu sev! Heç vaxt Su-dan soruşma ki, o, səni sevirmi?!
6. Ədəbiyyat naminə heç nə etmə! Səni aldadıblar!!!
7. Almalardan uzaq qaç! Heç bir zaman Alma Ağacını gözləmə! Unutma: Almalar Divlərindi...
8. Bilirəm, bu Həhəng Düzəni küll halında sevmək sənə çətindi! Ona görə də Natürmortlardan başla!
9. Sözlər də qadınlar kimidi, onların arxasınca düşüb uzaqlara getmə, onlar səni xoşbəxt eləməyəcək! Xoşbəxtlik sözlərdən əvvəl olub!
10. Şeir nə qədər dərin olsa da, şair onda “bata bilmir!”O boğula bilmir! Mətn onu uda bilmir! O, hər an “görünür” Nasir isə öz mətnində “bata bilir!” Birindən diri çıxırsan, o birisindən “ölü”... Seçim sənindi: Diri ilə ölünün yerini hər dəfə dəyişə bilərsənsə, yaz... yaz...
11. Yazarkən Allahını unutma! Hər şeyin gözəlini O bilir... Hətta Sözün də Gözəlini...
12. Ədəbiyyat kürəyinə nizə sancılmış korrida öküzüdü... Amanın günüdü, qırmızı donlu balalarını onun qarşısına çıxarma!!!
13. Və... həmişə 13-dən başla... İnsanların qorxduğu yerdən..
MANERA.AZ