manera.az
manera.az

Darıxan qadın şəklidir payız - Aybəniz Əliyarın şeirləri

📅 25.09.2019 16:33

Darıxan qadın şəklidir payız - Aybəniz Əliyarın şeirləri
Manera.az "Xaqani Poeziya Evi"nin rəhbəri, şair Aybəniz Əliyarın şeirlərini təqdim edir:

39 yaşın şeiri

Kim dedi ki, vardı hər şey,
Yoxdan gedir gələn ömür.
Bəndə işi deyil bu rəy,
Haqdan gedir gələn ömür.

Nə etməli? Ömür budu!
Çalış tanı dostu, yadı.
Gün dediyin vaxtdı adı,
Vaxtdan gedir gələn ömür.

Tanrı bir pay kəsib indi,
Kam aldınsa nəsibindi.
Bəxt padşahdı, susub indi,
Taxtdan gedir gələn ömür.

Daha sevinmirsən yaşa,
İllər dönür uçan quşa.
39 çatır başa,
40- dan gedir gələn ömür.


***
Ürək susanda yazılan
ŞEİRDƏN
bir də yazılmaz...
Şeirlər göydə yazılır,
Şeirlər yerdə yazılmaz.

Yazarsan, daşdan yazarsan,
Bahardan, qışdan yazarsan.
Dərdə alqışdan yazarsan,
Şeirlər dərdə yazılmaz.

Yatıb bir yuxu görərsən,
Ömrünü eşqə verərsən.
İkili həyat sürərsən,
Arada pərdə, yazılmaz.

Düşünmə, nə etsən, olar...
Sular bulanar, durular...
Savab bu dünyada qalar,
Günah qəbirdə yazılmaz.


***
Ömürdən dərd arıtlayıb,
Lap azca şad olmaq da var.
Çox yada dost-doğma ikən,
Doğmaya yad olmaq da var.

Ömür də bir qəm oyunu,
Kimsə bilməz ki, huyunu.
Yıxıb könül sarayını,
Tamam bərbad olmaq da var.

Biri üçün solan çiçək,
Biri üçün xoş gələcək,
Biri üçün xatirətək
Ağızda dad olmaq da var.

Yaman yandırıb anamı,
Eşqlə aldılar canımı.
Çöldə xanımlar xanımı,
Evdə arvad olmaq da var.

Unutduğun biri

sinən altda ürəkmidir döyünən?
kim yatırıb, xəbəri yox, oyada...
barmağını dişləyirsən yenə də,
unutduğun biri varmı, qayıda?

yaman yerdə saxlamısan atını,
bir yuva qur, dilək bağla, gəl indi...
sevişdiyin, tamsındığın qadının
bir üzü qız, bir üzü də gəlindi...

bu durnalar nə vaxtdı ki, payızdı,
gözlərinin qatarından köçübdü...
baxışlarım əllərinə susuzdu,
dur bir çay qoy, sevişməkdən keçibdi...

bir kəs bilməz, sevdiyimsən gizlicə,
nə olsun ki, baxammıram gözünə.
nə bilirsən, bəlkə elə bu gecə,
gəldim səni qaytarmağa özünə.

Səndən danışar

Bu vərəqlər adam olsa,
Dil açsa, səndən danışar.
Qara daşlara gün doğsa,
Gül açsa səndən danışar.

Şərabı yox piyaləmin,
Dodağı qandı laləmin.
Əlimdən qaçsa qələmim,
El aşsa səndən danışar.

Payız gəldi, batma yasa,
Bir pillə var qışdan yaza.
Tanrı belə, aramıza
Yol açsa səndən danışar.

Əlindənmi yağır

Daha üşütmədi bu gecə məni,
Sübhədək yağsa da lopa-lopa qar.
Son dəfə adınla çağırdı səni,
Həsrət yangısıyla gülən dodaqlar.

Gizləndi xəyalın gözdən düşərək,
Çəkildi göydəki ağ buludlara.
Əlinin işığı Ay işığı tək,
Qondu saçımdakı ağappaq qara.

Yağdı dayanmadan, hey yağdı elə...
Doldurdu yenə də yolu, küçəni.
Əlindənmi yağdı bu qarlar belə?
Bəlkə ona görə üşütmür məni?


***
Böldüm, topladım yenə,
vurdum, çıxdım özümü.
Özüm öz gözlərimdən
axır yıxdım özümü.

Qalxdım, gözüm yoxuşda,
Bəxtim tənbəl qarışqa.
Götürüb bu vuruşda
yerə çaxdım özümü.

Yolu yoldan saxladım,
durub bivaxt ağladım.
Bir eşqə sancaqladım,
ipə taxdım özümü.

Dizim kündə, gözüm şiş,
Ollam buna da vərdiş.
Özüm baxtıkəsməmiş,
Kəsdi baxtım özümü.


***
Nə vaxtdı ki, vaxt da o vaxt deyilmiş,
Gecələri dərdin ömrün uzatmış.
Əqrəbləri daşa dəyib əyilmiş,
Gün həminmiş, saat özgə saatmış.

Düşünməkmiş beynin tək bir əməli,
Ürək isə ruh ekizin çağırmış.
Yaşayanlar bunu gözəl bilməli,
Birtərəfli darıxmaqlar ağırmış.

Kim deyir ki, yalan çıxmış nağıllar,
Kimsə düşməz zaman düşən qorxuya.
Bir qaydadır, gedən varsa, gələn var,
Gethagəllər dünyasıdır bu dünya.

Ayaqlar da baş olurmuş, vaxt o vaxt,
Belə yerdə vaxt dizinə döyürmüş.
Öz vaxtında yatıb saat, işə bax,
Nə vaxtdı ki, vaxt da o vaxt deyilmiş.


***
Darıxan qadın şəklidir payız...
Sarı donlu,
incə belli,
qızılı telli.
Əsl qadındı,
Sevən, sevdirən, ağladan...
Adından bəlli...
Ağlayan qadın şəklidir payız,
Üzü divara çəkilib,
Əlləri qoynunda...
Müəmmadır çöhrəsi,
sirdir duruşu,
möcüzədir sevdası...
Amma yenə də tam bir qadındır.
Solan qadın şəklidir payız,
nəfəs-nəfəs ölər,
addım-addım itər...
Yavaş-yavaş əriyib yox olar xəyalı...
Baxdıqca doymaszan rənglərindən,
"üzünu bəri çevir" deyə yalvararsan bəzən,
yalvararsan eşitməz...
Laldır o qadın...
Laldır payızın gəlişi...

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 1 933 | Yüklənmə tarixi: 25.09.2019 16:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031