manera.az
manera.az

Ləyaqət - Fərid Muradzadənin hekayəsi

📅 29.08.2019 10:14

Ləyaqət - Fərid Muradzadənin hekayəsi
Səhərin açılmasını gözləyə bilməmişdi. Havanın soyuq olmasına baxmayaraq alaqaranlıqda evdən çıxmışdı. Ürəyi sıxılır, nəfəsi darılırdı. -27° soyuqda istidən sıxılırdı. Hələ bu 20 illik ömründə dünənə qədər belə sıxılmamışdı.

Dünənə qədər bu qədər acizləşməmiş, kimsənin qabağında özünü gücsüz hiss etməmiş, alçalmamışdı. Fiziki cəhətdən kifayət qədər güclü birisi idi.

Kikboksinq üzrə 3 dəfə ÜmumRusiya çempionu olmuşdu. Çox güclü zərbələri vardı. Lakin dünən elə bir zərbə almışdı ki hələ ömründə beləsini dadmamışdı. Evin tək oğlu idi. Milyonçu ailəsində doğulmuşdu. Maddi baxımdan heç nəyə ehtiyacı yox idi.Ən lüks restoranlarda, barlarda ,əyləncə mərkəzlərində istirahət edərdi. İdmançı olduğu üçün qalmaqalsız ötüşməzdi.( Rusiya kimi bir ölkədə bu normal idi)

Özündən fiziki cəhətdən qat-qat güclü görünən insanlarla belə döyüşməkdən çəkinməzdi. Hər zaman qalib olardı. Məğlub olanlar onun qarşısında aciz dayanardılar. Dünən isə o aciz qalmışdı. Arıq, sısqa, eynəkli, portfelli Kolyanın qarşısında məğlub olmuşdu....

Ala-qarqnlıq barda siqaret dumanı içərisində əyri-üyrü siluetlər ora-bura hərəkət edirdilər. Xüsusi effektli bar işıqları divarlarda qəribə rəng çaları yaradırdı. Masaya yaxınlaşan yarıçılpaq qızlar onun başına yığışmışdı. Doğrudur o çox yaraşıqlı idi. Amma qədər gözəlin onu əhatəyə alması təkcə yaraşıqlı olması ilə əlaqədar deyildi. Axı o, həm də bu şəhərin ən sayılıb-seçilən milyonçularından olan Salman Muxtarbəyovun yeganə oğlu Muxtar Muxtarbəyov idi.

Pul xəzəl kimi idi onlarda. Kənardan onları süzən 5-6 rus gənc öz aralarında nəsə danışır,amma gözləri ilə onu nəzarətdə saxlayırdılar. Onlardan biri çox əsəbi və gərgin görünürdü. Tükü-tükdən seçən, gözündən heç nə yayınmayan, hər cür söhbətə düşən Muxtar əlbəttə bütün bunları görür, hiss edir və nəticəni gözləyirdi. O, əmin idi ki bu gənclər ona mütləq yaxınlaşacaqlar.

Bu gün o, buraya tək gəlmişdi. Gənclərin sözlü olduqlarını görüb söhbətə son qoymaq üçün qızları müxtəlif bəhanələrlə özündən kənarlaşdırdı. Gənclər ona yaxınlaşıb sözləri olduqlarını bildirdilər. Əlləri qaşınan Muxtar onlarla birlikdə çölə çıxdı.

Qəfildən gərgin görünən oğlan onun yaxasından yapışaraq bağıra-bağıra ,,Nadyadan uzaq dur! dedi.

Əlini çək yaxamdan, yoxsa o ətli sifətini param-parça edərəm! Nə Nadya!?

-Nadejdanı deyirəm! desə də əlini çəkmirdi.

İndi xatırladı... Doğrusu Nadya ilə aralarında heç nə yox idi. Bu qız yenicə ona girişmişdi.

İnsafən çox gözəl qız idi. Ancaq bir-iki dəfə diskotekada rastlaşmışdılar və yaxından tanış olmağa normal vaxtları olmamışdı. İndi bu dılğır gədə ondan yapışıb Nadyadan uzaq olmasını tələb edirdi. Adətən çox səbirsiz və davakar olan Muxtar bu gün nədənsə çox sakit idi. Bir daha oğlana əlini yaxasından çəkməsini bildirdi.

Hirsindən at kimi kükrəyib şahə qalxan və dostlarına, sayca çox olmalarına güvənən oğlan isə əl çəkmək istəmirdi. Çənəsinə dəyən yumruq zərbəsi və ardınca da deyilən şərəfsiz azərbaycanlı sözü onu dəliyə çevirdi və......dediyi kimi ətlisifətin sifətini param- parça dağıtmışdı. Oğlanlardan biri elə ilk zərbədən sonra aradan çıxmışdı. Hirsindən dəliyə dönən Muxtar oğlanların 4-ü də yerdə kötəkləyirdi.

Mühafizəçilər və ətrafdakılar birtəhər oğlanları onun zərbələrindən kənarlaşdıra bildilər. Əl-üzünü yuyub bir az rahatlamışdı. Ancaq hamı bilirdi ki o sakitləşən deyil. Oğlanları tapıb ürəyi soyuyana qədər budayacaq. Maşına tərəf gedirdi ki kimsə onu çağırdı. Muxta, dayan! Geri döndü... O idi ... Bu ucsuz-bucaqsız Rusiyada ona öküz kimi idmançı dostlarından dəfələrlə əziz olan,munis olan cismani cəhətdən olduqca zəif görünən, zəkası ilə dostlarından çox-çox fərqlənən Konstantin(Kolya) Oçakov. Gəlib onunla burun-buruna dayandı. Konstantin çəlimsiz olsa da ucaboy idi.

-Heç nədən xəbərin yoxdur. Amma mən hər şeyi öyrənmişəm. Aradan çıxan 5-ci adam milliyyətcə erməni idi. Onları qaza gətitib sənin üstünə qaldıran da məhz elə o idi. Yenə də bir azərbaycanlı olaraq ermıni bicliyini anlaya bilmədiniz. O uşaqlara ,,şərəfsiz azərbaycanlı" deməyi də Arsen söyləyibmiş. Ancaq sənə deyəcəklərim var. Məndən incisən də, məni döysən də bunları sənə deyəcəyəm. Şərəfsiz azərbaycanlı sözü sənə yer elədi deyə Dimanı o hala saldın?! Amma incimə, Dima hardasa haqlı idi. Sən milyoner oğlusan. Amma heç bir dəfə də olsun Azərbaycanda olmamısan. Sənin milyonçu atan bir Azərbaycan əsgərinə kömək edibmi? Əsla! Amma buradakı bütün ermənilər erməni döyüşçülərinə külli miqdarda yardım ediblər.

Halbuki müharibə başlayanda belə sənin atan varlı bir insan idi. Siz şərəf deyəndə fərdi düşünürsünüz, halbuki belə deyil. Hərbi xidmətdən yayınan azərbaycanlılar elə o vaxtdan bura axışırdılar. Vətəniniz və vətəndaşlarınız isə ağır günlər yaşayırdılar. Şərəfdən dəm vurursunuz. Bəs Xocalıda təcavüzə məruz qalan qızlar, qadınlar sizin şərəfiniz deyilmi?

Əsirlikdə cinsi istismara məruz qalan qızlar sizin namus və şərəfiniz deyilmi?! İtirilmiş torpaqlar sizin deyilmi?Sizin döyüşdən yayınanlarınız burada əxlaqsız Nadya, Anya, Sonyaların ağuşunda dincələndə azərbaycanlı qızlar ermənilərin cinsi istismarına məruz qalır, şərəfi, namusu tapdanır, qucaqdan-qucağa ötürülürdülər. Burdakı əxlaqsızlar pul müqabilində sizin pullulara bəndələrini satanda sizin namuslu qızlarınız təcavüzə məruz qaldıqca ölüm üçün Allaha yalvarırdılar.

Bəziləri imkan düşdükcə özlərinə qəsd edirdi!

Kolya bütün bunları birnəfəsə söyləyib soyuqqanlı tərzdə indi döyüləcəyini gözləyirdi.

Amma Muxtar heç bir reaksiya vermədi. 1-2 dəqiqə belə süküt oldu və anidən Muxtar dizi üstə yerə çökdü. Kolya ona tərəf əyiləndə Muxtarın gözlərindən səssiz axan göz yaşlarını gördü. Əlləri əsirdi, soyuq tər basmışdı, heysiz idi. Dağ kimi Muxtar indi balaca bəbəyə dönmüşdü.

-Kolya, sənə minnətdaram. Mənim milyonçu fərari atamdansa sən daha ləyaqətlisən. Ömründə mənə bu barədə danışmayan, ancaq pul və əyləncə düşünən o milyonçunun oğlu olmaqdan xəcalət çəkirəm. Hər dəfə Azərbaycandan söz düşəndə deyərdi ki bizim rayonumuz yoxdur,işğal olunub. Bəli bunları utanmadan mənim fərari atam deyirdi. Mən elə günü sabah vətəndaşlıqdan imtina edib Azərbaycan vətəndaşlığına keçəcək və öz doğma Vətənimdə ön cəbhədə hərbi xidmətə yollanacağam.

İndi bu soyuq dekabr səhərində hövsələsi darala-darala idarənin qarşısında dayanıb vaxtla mübarizə aparırdı. Tələsəndə, gözləyəndə doğrudan da zaman getmirmiş....

Özünün şəxsi idman zalı vardı və bu idman zalından kifayət qədər gəliri olurdu. Bank hesabında öz əməyinin bəhrəsi olan 168.000 dollar vəsait vardı. Onun 20.000 dollar -ı Azərbaycan Ordusu üçün açılmış xüsusi hesaba köçürdü. 10.000 dollar isə kimsəsizlər evinə yardım etdi.5000 dollar isə əzişdirdiyi uşaqlara verdi. Qalan puluna isə gələcəkdə Bakıda özünə şəxsi mənzil almağı planlaşdırırdı .

Artıq Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağrış başlamışdı. Sevinci yerə-göyə sığmırdı. Çağırışçılar arasında onun da adı vardı. Onu peşəkar idmançı və qədd-qamətli olduğu üçün xüsusi təyinatlı qoşun növünə götürdülər. Az vaxtda hər kəsin hörmətini qazanmışdı. Xüsusən də milyonçu oğlu olaraq atasının var-dövlətindən imtina edərək öz vətənində əsgəri xidmətə başlaması onun hörmətini birə-beş artırmışdı. Dəlisov, çılğın,davakar Muxtar indi o qədər səbirli və düşüncəli olmuşdu ki hərbi hissədə hamıya örnək kimi onu göstərirdilər.

Hərbin sirlərinə vaqif olduqca bu işi daha çox sevirdi. Gizirlər üçün olan kursa yazılmışdı, qərarı qəti idi. O mütləq hərbçi olacaqdı. Artıq Muxtar özünü bu işdə tapmışdı.

Gündən-günə bu peşəyə valeh olurdu. Elə bil çiynindən yük götürülmüşdü. Peşəkar kadrlar tərəfindən yetişdirilən Muxtar bilmirdi ki bir-neçə aydan sonra o, Aprel döyüşlərində xüsusi hünər və əzmkarlıq göstərərək şəhadətə qovuşan bir qəhərəman olacaq. Cismi Vətən torpağına qovuşacaq. Ruhu hər zaman oralarda dolaşacaq!

MANERA.AZ


Baxış sayı - 1 260 | Yüklənmə tarixi: 29.08.2019 10:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031