Zəka və əxlaq | MANER.AZ
İnsanın sifətində və üz ifadəsində baxmayaraq ki, hər bir xüsusiyyət və detal ifadə olunur amma ümumilikdə götürəndə simada, 2 təməl və müstəqil xətt görünür: zəka və əxlaq. Onların iki ayrı xətt kimi görünməsi; zəka və əxlaqın, -bir-biri ilə nə qədər sıx bağlı amillər olsalar belə, -bir-birindən ayrı olmasının sonucudur.
Və insanın bütün şəxsiyyətini, təbiətini, potensialını təyin edən məhz bu 2 parametrdir. Bir insanın təbiəti və potensialı zəifdirsə, bu, mütləq ki əxlaq və ya zəkanın ikisindən biri və ya hər ikisinin zəif olmasından qaynaqlanır.
Və insanda hakim olan 2 təməl varoluşsal dilemma və içgüdü var; haqlılıq və güclülük. Başqa sözlə desək; ya haqlını güclü hesab etmək ya da güclünü haqlı hesab etmək. İnsanın bütün mahiyyətini, düşüncəsini, qərarlarını, davranışlarını məhz bu dilemmadan hansı birininin üstünlük təşkil etməsi təyin edir. İnsan, hər an və hər məqamda, bir şeyi; ya güclü və haqlı hesab edir, ya da gücsüz və haqsız hesab edir. Məsələn bir qərar verirsə, həmin qərarı verməsinə səbəb, o qərarı, düzgün(haqlı) hesab etməsi olduğu qədər, həm də güclü hesab etməsidir.
Bir insan, əgər həm zəkalı həm də əxlaqlıdırsa(yəni tam və yetkindirsə) onun təbiətindəki basqın və üstün olan təmayül, mütləq ki məhz “haqlının güclü olması” şəklində olacaqdır. Yox, əgər bir insanda əxlaq və ya zəka zəifliyi varsa; onun üçün basqın olan meyil, məhz “güclünü haqlı hesab etmək” şəklində olacaqdır.
Məsələn deyək ki, küçədə bir nəfər qoluzorlu, məzlum bir insanı döyürsə; zəkalı və əxlaqlı insanlar, bu hadisədə mütləq ki, məhz məzlumu, haqlı (və güclü) hesab etməyə meyillidirlər(hansı ki, bu, olması gərəkəndir). Lakin zəkası və ya əxlaqı zəif olan insanlar üçün isə bu keçərli deyil; onlar, bu olayda, daha çox məhz döyəni, qoluzorlunu; güclü (və haqlı) hesab etməyə meyillidir ya da ən azından döyüləni, məzlumu, açıq və bariz şəkildə haqlı (və güclü) hesab etməyə meyili deyillər(məsələn bizim cəmiyyətdə yayğın olan, “günah, həmişə döyüləndə(öləndə) olur” qavrayışı, məhz cəmiyyətimizin ümumi təbiətinin(əxlaq və zəkasının) zəif olmasından qaynaqlanır).
Lakin zəkası zəif olan bir insanın, məzlumu haqlı hesab etməməsi (ya da yetərincə hesab etməməsi) nə qədər təbii bir durumdursa, zəkası güclü olan bir insan üçün bu, qeyri-təbiidir və eyb anlamına gəlir. Başqa sözlə desək, zəkası zəif olan bir insana, Allah, zatən haqlını güclü hesab etmək dürtüsü verməyib ya da yetərincə verməyib (odur ki buna görə o, məsuliyyət daşımır) lakin zəkalı bir insan üçün isə məzlumu haqlı hesab etməmək və daha çox məhz zalımı haqlı hesab etmək, kəsinliklə eybdir və bu, biləvasitə onun əxlaqsız olması səbəbindən baş verir.
Bir misalla, fikrimizi aydınlaşdıraq.
Qlobal və beynəlxalq çapda geniş tanınmışlığı olan və milyonlarla insanın bildiyi A.Hitler və ona olan münasibət, çox çarpıcı bir örnəkdir.
Bütün dünyada milyonlarla adam (o cümlədən də bizim cəmiyyətin mühüm bir qismi), Hitleri tanıyır və onun, milyonlarla insanın ölməsinə, şikəst olmasına səbəb olan, bəşəriyyətin qatili bir kəs olduğunu bilir. Lakin buna baxmayaraq onu tanıyanların çox önəmli bir qismi, onu, mənfi deyil də daha çox məhz müsbət (güclü və dolayısıyla haqlı) birisi olaraq qavrayır.
Yəni bir tərəfdən onun zalım və pis birisi olduğunu bilirlər lakin digər tərəfdən də onu müsbət birisi olaraq qəbul edirlər. Bu, təzad və ziddiyət, məhz fitri-ruhi və təbiət zəifliyindən yəni əxlaq və ya zəka zəifliyindən qaynaqlanır.
Hitleri müsbət (güclü) hesab edən zəkasız insanların onu müsbət hesab etməsi, hələ əxlaq zəifliyi anlamına gəlmir, çünki zatən zəkasız insanı, Allah belə yaradıb; haqsızı, zəif hesab etməyə, fitrətən tam meyilli deyil.
Lakin Hitleri müsbət hesab edən zəkalı insanlar üçün isə bu, birbaşa eybdir və bu, biləvasitə əxlaq zəifliyindən qaynaqlanır.
Belə bir nəticəyə gəlmək olar: ortalama olaraq bir insan, Hitleri müsbət hesab edirsə, bunun səbəbi, ya zəka ya da əxlaq(ya da həm zəka həm də əxlaq) zəifliyidir. Əgər Hitleri müsbət hesab edən, zəkalı birisidirsə; demək ki onun əxlaqsız olma ehtimalı yüksəkdir. Yox əgər bu, əxlaqlı birisidirsə; o zaman onun zəkasız olma ehtimalı yüksəkdir.
Bir sözlə, insanı idarə və təyin edən təməl 2 özəllik, məhz əxlaq və zəkadır. Və insanın varoluşsal balansını; “haqlı və güclü dilemması”nı və bütün həyatını, yaşamını, düşüncə və davranışlarını bəlirləyən də məhz onun əxlaq və zəka durumudur.
Qeyd 1. Zəka; bir çoxlarının düşündüyünün əksinə savad, bilik demək deyil; bilikdən istifadə edə bilməkdir. Savadsız ya da az savadlı bir insanın da zəki olması mümkündür. Zəka, qismən doğuşdan gələn, qismən də sonradan qazanılan və ya qismən iradəvi, qismən də qeyri-iradəvi bir bacarıqdır; genetik, mühitsəl, eyitimsəl və metafizik amillərdən asılıdır.
Qeyd 2. Əxlaq; bir insanın zəka potensialının ona imkan tanıdığı ölçüdə; anladığı həqiqətlərə və faktlara nə qədər əməl etməsidir. Daha zəki olan insanlar, daha çox şey anlaya bildikləri üçün təbii olaraq, cavabdeh olduqları əməl və sorumluluq dairəsi də daha genişdir. Zəkadan fərqli olaraq əxlaq, tam olaraq insanın öz iradəsindən asılıdır.