manera.az
manera.az

Professor Əzizxan Tanrıverdinin xatirəsi anılıb

📅 17.05.2019 15:25

Professor Əzizxan Tanrıverdinin xatirəsi anılıb
Mayın 16-da Yazıçılar Birliyinin Natəvan klubunda professor Əzizxan Tanrıverdinin anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva açaraq alimin dilçilik elmindəki xidmətlərindən danışıb. Qeyd edib ki, alimin “Azərbaycan antroponimləri”, “XVI əsr qıpçaq dilinin qrammatikası”, “Kitabi-Dədə Qorqudun söz dünyası”, “Türkologiyamızın Afad Qurbanovu” əsərləri öz aktuallığı ilə hər zaman seçilir.

Vurğulayıb ki, Əzizxan Tanrıverdi türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdir. “Kitabi-Dədə Qorqud” da şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterosiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırmışdır. “Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil etmişdir.
Professor Əzizxan Tanrıverdinin xatirəsi anılıb
ADPU-nun filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova alimin yaradıcılıq yolundan bəhs edib. Bildirib ki, Ə.Tanrıverdi Azərbaycan dilinin tanınmış tədqiqatçılarındandır. Onun “Azərbaycan dilinin tarixi qrammatikası”, “Dilin poeziyası”, ''Çal qılıncını Xan qazan'' əsərləri dilimizə böyük töhfədir.

Bildirib ki, Ə.Tanrıverdi 30 kitabın, 8 proqramın, 250-dən çox tezis və məqalənin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. Alim 19 fəlsəfə doktoru, 4 doktorluq dissertasiyasına opponentlik edib, müxtəlif kitabların elmi məsləhətçisi, 100-dən çox dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub.
Professor Əzizxan Tanrıverdinin xatirəsi anılıb
Tədbirdə çıxış edən professorlar Fərrux Rüstəmov, Təyyar Salamoğlu , Minəxanım Nuriyeva və İlham Abbasov Ə.Tanrıverdinin insani keyfiyyətlərindən, o cümlədən təvazökarlığından, xeyirxahlığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, onun əsərləri təkcə respublikamızda deyil, Orta Asiyada, eləcə də qardaş Türkiyədə böyük maraqla oxunur.

Qeyd edək ki, Ə.Tanrıverdi 1959-cu ildə Gürcüstanda anadan olub. 2018-ci ilin 20 iyunda dünyasını dəyişib. ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb.

MANERA.AZ


Baxış sayı - 1 806 | Yüklənmə tarixi: 17.05.2019 15:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031