manera.az
manera.az

Filologiyamızın sultanı – Əzizxan Tanrıverdi yazır

Filologiyamızın sultanı – Əzizxan Tanrıverdi yazır
Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Şirin oğlu Kazımov professor Əbdüləzəl Dəmirçizadənin yetirməsi, onun ən layiqli, ən görkəmli davamçılarından biridir.

Bəlli olduğu kimi, Qəzənfər müəllimin ustadı Əbdüləzəl Dəmirçizadə də professor Bəkir Çobanzadənin yetirməsi olub. Bu mənada Qəzənfər Kazımov həm də Bəkir Çobanzadənin mənəvi varisi hesab oluna bilər…

Mənalı ömrünü Azərbaycan dilçiliyinin, ümumən türkologiyanın inkişafına, zənginləşməsinə həsr etmiş Qəzənfər Kazımov çoxsaylı tezis, məqalə, dərslik və monoqrafiyaların müəllifidir. Türkologiyamızda onun elmi əsərlərinin hər birinin öz yeri, öz çəkisi var, hər biri haqqında da kifayət qədər yazılar yazılıb. Bunların heç birinə kölgə salmadan qeyd edək ki, Qəzənfər Kazımovun 1997-ci ildə çap etdirdiyi “Sənət düşüncələri” kitabı onun şah əsəri statusunda çıxış edir: o kitabı ki, minillik ədəbiyyatımızın poeziya və nəsr qolları barədə dolğun təəssürat yaradır; o kitabı ki, dilimizin tarixi və müasir vəziyyəti müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirilib; o kitabı ki, rəyçilərindən biri olmağımla fəxr edirəm; həm də o kitabı ki, mənə belə bir avtoqrafla hədiyyə olunub: “Gələcəyinə böyük ümid bəslədiyim, istedadlı dilçi alim, bu kitabın hazırlanmasında xüsusi xidməti olan Əzizxan müəllimə. 25 dekabr 1997-ci il. Qəzənfər Kazımov”.

Mübaliğəsiz deyirik ki, analitik təfəkkürlü, geniş erudisiyalı Qəzənfər Kazımovun adı son 30 ildə elmi əsərlərinə istinad olunmuş alimlər sırasında xüsusi olaraq vurğulanır. Yeri gəlmişkən, çap etdirdiyim kitabların əksəriyyətində Qəzənfər Kazımovun əsərlərinə ən mötəbər istinad mənbələrindən biri kimi dönə – dönə müraciət etmişəm. Burada bəzi detalları xatırlatmaq lazım gəlir: “…Qəzənfər Kazımov problemə yeni prizmadan yanaşır, daha doğrusu, Şumer dili ilə türk dillərinin yaxınlıq dərəcəsini təkcə həmin dillərin leksikası yox, həm də fonetikası, morfologiyası və sintaksisi üzrə sistemli şəkildə tədqiq edir. Müəllif “Azərbaycan dilinin tarixi” (2003) kitabının “Protodillərin parçalanması dövrü”, “Şumer dili” adlı II fəslini də məhz Şumer dili məsələsinə həsr edib. Həmin kitaba, eləcə də digər mənbələrə istinad etməklə Şumer dili ilə Azərbaycan dilinin bəzi oxşarlıqlarını təqdim edirik…” (Əzizxan Tanrıverdi: Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 2014, səh.16). Yaxud Qəzənfər Kazımovun “… mübtəda ilə xəbərin sintezindən ibarət olur, fikir predmeti (fikir özülü) həmin predmetin əlaməti, hərəkəti, vəziyyəti ilə birgə təzahür edir” (Müasir Azərbaycan dili. Bakı, 2000, səh.184)- fikrinə “Azərbaycan dilinin tarixi qrammatikası” (Bakı, 2014) adlı kitabımın “Şəxsiz cümlələr” bölməsində istinad etmişəm. Açığını deyim ki, bu cür fikirlər irəli sürdüyüm tezisləri nəinki qüvvətləndirib, hətta arqumentləşdirib.

Qeyd etdiyimiz kimi, Qəzənfər müəllimin əsərləri ilə bağlı çoxlu sayda yazılar işıq üzü görüb. Onun 1996-cı ildə çap olunmuş “Qurbani və poetikası” kitabı ilə bağlı bir məqaləni də mən yazmışam. Taleyin işinə bax! İyirmiillik bir zaman kəsiyindən sonra burada həmin yazıdan bir parçanı eynilə təqdim etmək zərurəti yaranır: “Qəzənfər Kazımovun “Qurbani və poetikası” kitabının mərkəzində Qurbani ilə yanaşı Şah İsmayıl Xətai dayanır. Müəllif onların eyni ideoloji mənbədən – sufi ideyalarından mənəvi qida aldığını, eyni ədəbi – elmi mənbədən öyrəndiyini, dilin leksik və üslubi yaruslarından istifadə meyillərində yaxınlığını faktlarla müəyyənləşdirir və Qurbanini Xətaisiz təsəvvür etməyin mümkünsüzlüyü qənaətinə gəlir. Bununla da müəllif yazılı və şifahi ədəbiyyatımızın əlaqəli öyrənilməsinin, bir-birinə qarşılıqlı təsirinin araşdırılmasının dolğun nümunəsini yaradır”.
Qəzənfər Kazımov çoxsahəli yaradıcılığa malik alimlərimizdəndir. Onun seçilmiş əsərlərinin 10 cilddə çap olunması da çox mətləblərdən xəbər verir. Bu cildlərdə müəllifin dil tarixi, müasir dil, üslubiyyat, etimologiya, ədəbi tənqid, folklorşünaslıq və s. kimi sahələrə dair sanballı tədqiqatları sistemli şəkildə verilib. Bu cildlər vərəqləndikcə Qəzənfər Kazımovun bir alim kimi böyüklüyü, nadir istedad sahibi olması, dilçiliyimizə gətirdiyi yenilikləri açıq-aydın şəkildə görünür.

Burada onun dilçiliyimizə, ümumən filologiyamıza gətirdiyi çoxsaylı yeniliklərdən, qısa da olsa, bəhs etmək yerinə düşür: dilçiliyimizdə sözün komik potensialı barədə ilk dəfə olaraq tutarlı söz deyib, komizm yaradan xüsusiyyətlərin hər birini sistemli şəkildə, həm də müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirib; dilimizin mənşəyi və qədimliyi ilə bağlı orijinal fikirlər söyləyib; dilimizin sintaksisinə dair Məmmədağa Şirəliyev, Əlövsət Abdullayev, Yusif Seyidov kimi alimlərin əsərlərinə söykənərək ali məktəblər üçün sanballı bir dərslik yazıb; Qurbani poeziyasının poetik semantikasını, bədii siqlətini özünəqədərki alimlərdən tam fərqli formada təqdim edib; ulu abidəmiz «Kibati-Dədə Qorqud»dakı cümlə modellərinin səciyyəvi cəhətlərini müəyyənləşdirib və s. Məhz bu cür faktlara görə akademik Ağamusa Axundov Qəzənfər Kazımova yüksək qiymət verib: “Qəzənfər müəllimi dilçidən çox, sözün geniş mənasında, filoloq hesab etmək olar və bu cəhətdən o, bizim dilçi klassiklərimiz Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə kimi alimlərlə müqayisə edilə bilər”.

Qəzənfər Kazımov son 20 ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda işləsə də, nüfuzlu bir alim statusu qazansa da, əsl müəllim statusunu da özündə saxlayır. Amma bu da vurğulanmalıdır ki, Qəzənfər müəllim, sözün həqiqi mənasında, alimliklə müəllimliyi qovuşdurmağı bacarmışdır. Ali və orta məktəblərimiz üçün tərtib etdiyi proqram və metodik göstərişlər, eyni zamanda sanballı mənbələr kontekstində yazdığı dərs vəsaiti və dərslikləri, bir də sevimli tələbələri dediklərimizi arqumentləşdirir.

Qəzənfər müəllimi APİ (ADPU) formalaşdırıb: o, bu ali məktəbin tələbəsi, aspirantı (doktorantı), müəllimi, dosenti, professoru olub, eyni zamanda 1989 – 1997-ci illərdə bu ali məktəbin filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb; nüfuzlu müəllim statusunu da məhz bu ali məktəbdə qazanıb… Bu fikirlərin assosiativliyi isə istər-istəməz Qəzənfər müəllimin obyektivliyini təsdiq edən bəzi faktları ifadə etməyi də diktə edir: 1985-ci ilin may ayında Afad müəllimin məsləhəti ilə sənədlərimi “Azərbaycan dili” ixtisası üzrə APİ-nin (ADPU-nun) aspiranturasına təqdim etdim. Azərbaycan dili imtahanını auditoriyada yox, rektorluqda – Afad müəllimin kabinetində verməli oldum. İmtahan komissiyasının 4 nəfər üzvü var idi: prof. Afad Qurbanov, dos. Azər Hüseynov, dos. Əlisa Şükürlü, dos. Qəzənfər Kazımov (Əlisa Şükürlü və Qəzənfər Kazımov sonralar professor elmi adını aldılar)… biletdəki suallardan üçünə yaxşı 57 cavab verdim, xoşlarına gəldi. Sonuncu sual isə cümlə təhlili ilə bağlı idi, daha dəqiqi, Mehdi Hüseynin əsərlərindən götürülmüş böyük bir cümləni sintaktik baxımdan təhlil etmək lazım idi.

Həmin cümlənin leksik, qrammatik və intonativ mənalarını müəyyənləşdirdikdən sonra onu mövcud normalara uyğun şəkildə sintaktik baxımdan təhlil etdim. Nədənsə, izahlarım Əlisa Şükürlünü qane etmədi. Mən müxtəlif arqumentlər gətirsəm də, əlavə şərhlər versəm də, Əlisa müəllim razılaşmadı. Bu da mübahisəyə səbəb oldu. Afad müəllim bir komissiya sədri kimi üzünü Qəzənfər Kazımova tutaraq dedi: “Qəzənfər, sən bu sahə üzrə tanınmış mütəxəssislərdənsən, bu fikirlərdən hansını daha düzgün hesab etmək olar?”, – Qəzənfər müəllim ustalıqla cavab verdi: “Afad müəllim, hər ikisi düzgün deyir, amma Əzizxanın dediklərində böyük həqiqət var, həm də daha elmidir…”. Qəzənfər müəllimin bu sözlərinə açıq şəkildə münasibət bildirməyən Afad müəllim komissiya üzvlərinin hər birinin rəyini dinlədikdən sonra – “dilçiliyimizə Əzizxan kimi gənclər gəlməlidir”, ̶ deyərək məni təbrik etdi.

Qəzənfər Kazımov özünəməxsus üslubu, dəst-xətti olan alimlərdəndir. Həm də o alimlərdəndir ki, onun şifahi nitqini eynilə yazıya – yazılı nitqə çevirdikdə heç bir redaktəyə ehtiyac qalmır. Qəzənfər Kazımovun yazılı nitqi olduqca aydın, səlis, məntiqli və ifadəlidir. Fakta müraciət edək: “Məclislərdə cilalanmış Ələsgər şeiri aşığın təsvir etdiyi dağ çeşmələrinin suyu kimi saf və təmiz bir dildədir”. (Sənət düşüncələri. Bakı, 1997, səh.222). Bu cür çoxsaylı nümunələr onu deməyə əsas verir ki, Qəzənfər müəllimin dili «Dədə Qorqud»dan süzülüb gələn, ozan dili kimi çevik olan bir dildir. Bir məqamı da qeyd edək ki, 58 komizmdən yaza-yaza komikləşən Qəzənfər müəllimin duzlu-məzəli söhbət və zarafatları da onu fərdiləşdirən, fərqləndirən detallardandır.

Qəzənfər müəllim! Sizin 80 yaşınızın tamam olduğunu eşidəndə assosiativ olaraq “Koroğlu” dastanındakı bir bənd yadıma düşdü:

Səksənində sinən enər dizinə,
Doxsanında qübar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.


Təbrikimi poetik siqlətli bu bəndin semantikası ilə tam əks qütbdə dayanan cümlələrlə ifadə etmək istəyirəm:

Qəzənfər müəllim, səksən yaşınızdan sonrakı zaman kəsiyində də sinəniz dizinizə enməsin! Doxsan yaşınızda gözünüzə qübar qonmasın! Yüz yaşınıza çatanda uca dağ başında kola bənzəməyəsiniz!

Ümidvaram ki, bundan sonra da sanballı əsərlərinizlə türkologiyamızı zənginləşdirəcəksiniz! Dilimizin incəliklərini tələbələrinizə daha dərindən və daha şövqlə öyrədəcəksiniz! Dilçi kadrların hazırlanmasında yenə də öz əməyinizi əsirgəməyəcəksiniz! Şirin-şəkər nəvələrinizə bayatılarımızı, nağıllarımızı, dastanlarımızı, ümumən şifahi ədəbiyyatımızı sevdirəcəksiniz! Bütün bunlar isə o deməkdir ki, Siz uca dağ başında kola yox, qocaman palıda bənzəyəcəksiniz! Sizi bir daha təbrik edir və xoş günlər diləyirəm!../"Dilimiz, düşüncəmiz".- Bakı.-2017.-S.53/

Əzizxan TANRIVERDİ,
filologiya üzrə elmlər doktoru, professor
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31