manera.az
manera.az

İlhamiyyə Rzayeva: “İnsanlar vacib mesajları televiziyalardan almalıdırlar” – Müsahibə | MANERA.AZ

📅 10.09.2015 15:39

İlhamiyyə Rzayeva: “İnsanlar vacib mesajları televiziyalardan almalıdırlar” – Müsahibə | MANERA.AZ


Doğma vətənimiz olan Azərbaycan hal-hazırda şərqin parlayan günəşi, inkişaf edən dövlətlər sırasında güclü status sahibi olmaqla yanaşı, milli dəyərlərini özündə qoruyub saxlayan və gələcəyə çatdıran Müstəqil Respublika kimi tanınır. Bu müstəqilliyi, birliyi qurub yaradan tarixi şəxsiyyətlər zaman-zaman öz güclərini göstərmiş, cumhuriyyəti dövrümüzə qədər gətirib çıxarmışlar.

Bu dəfəki həmsöhbətim tanınmış jurnalist İlhamiyyə Rzayevadır.

- İlhamə xanım, öncə bu ilki parlament seçkilərində irəli sürdüyünüz namizədlik münasibətilə sizi təbrik edir, uğur diləyirik!

- İlk növbədə mövzuya, daha sonra isə şəxsimə maraq göstərdiyiniz üçün mən təşəkkür edirəm.

- Deputat seçilsəniz, ilk olaraq azərbaycançılıq ideologiyası ətrafında hansı işlərə imza atardınız?

- Birbaşa cavab versəm, Azərbaycançılıq ideologiyasını ilk növbədə elə televiziyalarda bərqərar etməyi təklif edərdim. Özü də bu, ideologiya haqda elmi praktiki konfransları xatırladan uzun-uzadı söhbətlər şəklində deyil, azərbaycançılıqdan irəli gələn tezislərin, mesajların müxtəlif janrlı verilişlərdə həyata keçirilməsindən ibarət olmalıdır. İnsanlar ən güclü təbliğat vasitəsi olan televiziyalardan ən vacib mesajları almalıdırlar, əməli şəkildə. Biz hansı vətəndaşı yetişdiririk. Dövlət olaraq ismarıclar nədən ibarətdir. Bu məsələdə prioritetlər nədir və s. bu kimi sualların cavabı aydın şəkildə səslənməlidir.

Eyni işi dərsliklərin məzmununda da davam etdirmək lazımdır. Mən vaxtilə Gecə kanalı verilişimdə bu barədə alimlərimizin də fikirlərini almışdım. Təsəvvür edin ki, məsələn, Xocalı qətliamı uşaqlara elə bir tərzdə çatdırılır ki, bu, onlara ancaq qorxu və dəhşət hisləri aşılayır. Bizə isə mübariz, vətənpərvər və cəsur bir vətəndaş yetşdirmək lazımdır. Odur ki, mesajlarımız aydın, dəqiq olmalı və doğru şəkildə çatdırılmalıdır.

- İdeologiya termin kimi mövcuddur, yoxsa məfkurə kimi fəal?

- Təəssüf ki, məfkurə deyil. Yuxarıda bununla bağlı fikirlərimi söylədim və mənzərə elə o cürdür. Bu mənzərəni dəyişmək üçün tək-tək qurumlar, təbliğat kampaniyaları aciz qala bilər. Ancaq bütöv cəmiyyət azərbaycançılıq ideologiyası barədə işlənib hazırlanan dövlət siyasətini dəstəkləmiş olsa, o zaman mənzərə dəyişə bilər.

- Bəs bu anlayışın gerçəkliyinə inananlar kimlərdir?

- Azərbaycançılığı sırf termin, söz olaraq eşidənlər çoxdur, amma mahiyyəti, düşünmürəm ki, çoxlarına tanışdır. Çox vaxt ancaq milli mənəvi dəyərlərin aşılanmasından ibarət olduğunu düşünür insanlar. Əslində, Azərbaycan cümhuriyyətindən bizə miras qalmış bayrağımızda ideologiyamızın sütunları əks olunub. Müasirlik, türkçülük, islami mənsubiyyətimiz milli ideologiyamızın əsasında dayanır. Lakin, təəssüf ki, ideologiyanın məfkurəyə çevrilməsi, şüarçılıqdan əmələ keçməsi prosesi qənaətbəxş deyil.

- Bəs kütlə psixologiyasında yerləşən ayrıseçkiliyə necə baxırsız?

- Kütlə psixologiyası ümumiyyətlə mənfi bir anlayışdır. Cəmiyyət şəxsiyyətlərin birliyindən yaranır və kütlədən onu fərqləndirən əsas cəhət də yekrəng olmamasıdır. Amma kütlə psixologiyasın kerçək durumu özündə əks etdirmək baxımından bir güzgü rolunu da oynaya bilir. Burda hər hansı tendensiyaların , ayrıseçkiliyin, stereotip yanaşmaların mövcudluğu hazırda yaşadığımız durumun təzahürləridir. İnsanlara müsbət örnəklər göstərilməli, təbliğ edilməlidir. Yuxarıda mesajların düzgün ötürülməsi zərurətindən söz açmışdım, amma bəzi məqamlar üçün heç bu da kifayət etmir. Biz, gündəlik həyatımızda da həmin ismarıcların quru şüar deyil, insanlara rahatlıq və firavanlıq gətirən, milli qürur hissi aşılayan dəyər olduğunu görüb inanmalıyıq. Ötürdüyümüz mesajlar bütün hallarda inandırıcı olmalıdır ki, effektiv ola bilsin. Yəni bu məslədə səmimiyyət çox vacibdir. Tariximizin böyük şəxsiyyətləri ilə öyünmək olar, amma vətəndaş, həm də gündəlik içdiyi suyun, yediyi qidanın keyfiyyəti ilə də öyünmək istəyir.

-Məsələn?

- Dünyada ən sağlam su bizim ölkədədir - fikri və inamı insanın öz ölkəsi ilə qürur duymasına kömək edir. Bunu misal üçün dedim, ən güclü təhsil, səhiyyə bizdədir inamı sonucda vətəndaşın vətənpərvərliyinə və bu vətənə sahib çıxmasına xidmət edir.

- Şəxsən sizinçün azərbaycançılığı özündə daşımaq nə deməkdir?


- Çox qısa cavab verim. İnsanlığa sevgi deməkdir. Öz ölkənin insanına sahib çıxmaq, qayğısına qalmaq deməkdir. Öz dilini sevmək və danışanda bunun zövqünü duymaq deməkdir. Öz mədəniyyətini ruhunla, ürəyinlə sevmək, qorumaq deməkdir. Dünyada heç bir xalqdan geridə qalmamaq, daim inkişaf etmək, bunun üçün şərait yaratmaq deməkdir. Ölkənin taleyüklü məsələlərinə biganə qalmamaq, ictimai təfəkkürə sahib olmaq, bu ölkənin gələcəyini düşünmək, bir sözlə, vətəndaş olmaq gərəkdir.

- Qarşıdan gələn Parlament seçkilərində sizə bol-bol uğur diləyirik!

- Təşəkkür edirəm!

Ramilə QARDAŞXANQIZI
MANERA.AZ


Baxış sayı - 3 206 | Yüklənmə tarixi: 10.09.2015 15:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031