manera.az
manera.az

Əməkdar rəssamın yubiley sərgisi açılıb

📅 28.02.2019 12:28

Əməkdar rəssamın yubiley sərgisi açılıb
Fevralın 27-də Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Rafael Abasovun anadan olmasının 75 illiyinə həsr olunmuş sərgi açılıb.

Manera.az xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək mədəniyyət və incəsənət xadimlərinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib.

Bugünkü tədbirin də bu qəbildən olduğunu söyləyən nazir müavini, Rafael Abasovun yaradıcılığından söhbət açıb, incəsənətin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd edib ki, rəssam realizm üslubunda, portret, natürmort və mənzərə janrında çəkilmiş əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşməsinə töhfələr verib. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm, mədəniyyət və siyasi xadimlərinin portretlərini ustalıqla yaratmağa nail olub. Ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamın "Qızıl payız”, "Qala”, "Neft qazmaçıları”, "Yaşıl göl”, "Qala kəndi”, "Gecə”, "Bilgəh”, "Bahar təranəsi” adlı əsərlərini xüsusi qeyd etmək lazımdır.
Əməkdar rəssamın yubiley sərgisi açılıb
Vurğulanıb ki, Rafael Abasov 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Bu gün onun müxtəlif janrlarda çəkilmiş lövhələri Azərbaycanın və ayrı-ayrı dünya ölkələrinin muzeylərini, nüfuzlu şəxsi kolleksiyaları bəzəməkdədir. Ötən əsrin ortalarından geniş yayılan sərt üslubun özünəməxsus bədii prinsiplərini mənimsəyən rəssam bütün janrlarda eyni uğurla fəaliyyət göstərib.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Xalq rəssamı Arif Hüseynov və başqaları rəssamın yaradıcılığından, insani keyfiyyətlərindən söhbət açıb, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Əməkdar rəssamın yubiley sərgisi açılıb
Sonda rəssam çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi martın 5-dək davam edəcək.

MANERA.AZ


Baxış sayı - 1 019 | Yüklənmə tarixi: 28.02.2019 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031