manera.az
manera.az

Mətləb Ağa poeziyası - Səhər Əhməd yazır

Mətləb Ağa poeziyası - Səhər Əhməd yazır
Səhər ƏHMƏD

Tez-tez öz dövrümüzü xatırlayıram. Ədəbiyyata gəldiyimiz iyirminci əsrin 90-cı illərini. Çox xaotik, çətin dövrdü, bəlkə çoxları xatırlamaq istəməz belə, amma bizim gəncliyimiz məhz orda- keçən əsrin sonlarında qaldı. Bəlkə o üzdən iyirmi birinci yüzillik bir az ögey görünür mənə.

Bizim gəncliyimizdə internet komfortu yoxdu. Biz şeirlərimizi əlyazma şəklində bir-birimizin oxuduğu ali məktəblərə aparardıq. Hələ də mənim arxivimdə müxtəlif dostların əlyazmaları qalır. Şeirlərin əksəriyyətini əzbər bilirəm, amma yenə də ata bilmirəm o kağızları. O xətlər mənə köhnə dostlarımın üzü kimi doğmadı.

Bir Mətləb Ağası vardı bizim ədəbi gəncliyin. İmzası çox tez parlayıb çox tez də sönən özünəməxsus bir şairi. Hüquqşünasdı və universiteti bitirib doğulduğu torpaqda ixtisası üzrə işləməyə getmişdi. Zarafatla “Gedişim səssizdi, dönüşüm möhtəşəm olacaq” dediyi xatirimdədi.

Mənim yaddaşım Mətləbin şeirlərini elə xəsisliklə qoruyub saxlayıb ki, bir misrasını unudanda xatırlamaq üçün saatlarla düşündüyüm olub. Ta ki, həmin misranı tapıb “yerinə” qoyana qədər.

Çünki uzun illərdi, arxası gəlmirdi bu şeirlərin.

Mətləbin son dövrlərdə yazdığı şeirləri sübut etdi ki, istedad gerçəkdən itmir. Hansısa bir formada mütləq qayıdır. Bəzən onun yenidən çiçəkləməsi üçün kiçik bir təkan, adi bir diqqət bəs edir. Özünün bir vaxtlar zarafatla dediyi kimi, “möhtəşəm bir dönüş” oldu bu şeirlər.

Hələ doxsanıncı illərdə Mətləbin şeirlərində gəncliyə xas olan hər hansı təsirlə, axtarışla bərabər həm də bir özünəməxsusluq vardı. Son şeirlərində isə o, ortaya mükəmməl, orijinal bir dəst-xətt qoydu, öz üslubunu yaratdı. Yüzlərlə şeir içərisində tanınan, fərqlənən bir üslub, Mətləb Ağa üslubu.
Mətləb Ağa poeziyası - Səhər Əhməd yazır
O forma axtarışına vaxt sərf eləmir, zahiri cazibədən qaçır. Onun şeirləri formaca da, məzmunca da oxşardı. Amma bu oxşarlıq usandırmır, əksinə oxunduqca oxunur. Çünki Mətləb sözlərin dilini çox gözəl bilir.

Bu kiçik həcmli şeirlərdə bütöv bir ömür təsvir olunur, insan doğulur, ölür, sevir, unudur, həyatın mənasını axtarır. Bu şeirlərin mövzusu sevgi, ideyası həyat eşqi, dekorasiyası təbiətdi.

Yazın sonuncu günü
yağdı səhərə kimi.
kənddəki evimizdən
sizin şəhərə kimi.

Bu şeirlərdə gah ağ yelkənli gəmi keçir, gah ağ bir bulud, güldandakı güllər solur, saatın əqrəbləri “öpüşür”, sonuncu ulduz sönür.

Və bütün bunların fonunda bir şair həyatın mənasını axtarır. “Payız yarpağında özünə bir də baxan”, qalan ömrünü “ot kimi çürümək” istəməyən şair həyatın mənasını yenə də tapa bilmir:

Bilsən, bir kənara yaz,
Bu həyat nəyin nəsi?!


Mətləbin şeirlərində ayrılıq sevgidən daha uzunö¬mürlü, payız yazdan daha yaraşıqlı, ölüm həyatdan daha anlamlı görünür:

...durub gedim, işim var,
elə sən də yıxıl, yat...
...sən çox yaxşı ölüsən,
salamat qal, salamat...


Bu şeirlərdəki lirik mən bir az fərqli düşünür, düşündüklərini fərqli ifadə edir. Müəllif bu lirik mənə öz adını asanlıqla verir, heç bir tərəddüd etmədən:

Adımı hər gün çağır,
oğluna Mətləb denən.


Və nəhayət, bu gün Mətləb harda olmalıdırsa, ordadır.

otuzumun sonudu,
qırx yaşımın əvvəli...
kimsə döyür qapını:
– Mətləb burdadı?
– bəli...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031