manera.az
manera.az

Ayrılıq ömürdə bir dalan yeri - Mikayıl Bozalqanlının şeirləri

📅 19.12.2018 17:52

Ayrılıq ömürdə bir dalan yeri - Mikayıl Bozalqanlının şeirləri
Manera.az el şairi Mikayıl Bozalqanlının 60 illiyi münasibətilə şeirlərini oxuculara təqdim edir:

QOYMA

Könül, sərrafım ol, seç sözlərimi,
Boğazdan yuxarı yazmağa qoyma.
Ağıl, bələdçim ol, aç gözlərimi,
Öz doğru yolumdan azmağa qoyma.

Vicdanim, ləkəyə batmadın, sağ ol,
İnsafı, mürvəti atmadın, sağ ol,
Hər zaman oyaqdın, yatmadın, sağ ol,
Haqq işi yalana yozmağa qoyma.

Mikayılam, ürək, yormuşam səni,
Daşlardan daşlara vurmuşam səni,
Hər addım atanda sormuşam səni,
Əhdimi, vəfamı pozmağa qoyma.

BU DÜNYADA

Qəlbim yuxalaşır, kövrəlir daha,
Gör nələr görərərmiş göz bu dünyada,
Dostların sırası seyrəlir daha,
Oğulsan tab gətir, döz bu dünyada.

Ayrılıq ömürdə bir dalan yeri,
Dərdlərin ürəkdə yurd salan yeri,
Gedən dostlarımın boş qalan yeri,
Basıbdı bağrıma köz bu dünyada.

Mikayıl salamlar sizi, a dostlar,
Itməsin heç kəsin izi, a dostlar,
Yaşadar, yaşatsa bizi, a dostlar,
Deyə bildiyimiz söz bu dünyada.

MƏNİM

Durub təbiətə gedəydim yenə,
Yaxınım, sirdaşım olaydı mənim.
Soraydı halımı hey dönə-dönə,
Ovudub, könlümü alaydı mənim.

Güləydi çöhrəsi dərənin-düzün,
Artaydı qiyməti söhbətin-sözün,
Şirin nəğmə kimi həzindən-həzin,
Gizlicə qəlbimə dolaydı mənim.

Öpüb, oxşayaydım nazlı bulağı,
Gəzəydim doyunca meşəni, dağı,
Bir az əldən düşüb, yorulan çağı,
Qoynunda laylamı çalaydı mənim.

Xətadan-bəladan sovuşan kimi,
Adamlar adama yovuşan kimi,
Ana balasına qovuşan kimi,
Mikayıl, yadımda qalaydı mənim.

YAZIQDI

Sən eşqin Allahı, mən eşqin qulu,
Qulunu kərəmdən etmə, yazıqdı.
Gözü yaşlı qoyub, ürəyi dolu,
Dağ üstdən dağ çəkib getmə, yazıqdı.

Yandır bu yaşında, yax həzin-həzin,
Qoy yansın cızhacız, bax həzin-həzin.
Qəlbimdə nəğmətək ax həzin-həzin,
Oxun, oxunduqca bitmə, yazıqdı.

Tək sənsən gümanı, sənsən pənahı,
Müqəddəs saydığı şirin günahı.
Qıymaynan ömrünə amanı, ahı,
İlğımlar içində itmə, yazıqdı.

DÜŞÜBDÜ

Qara gözlüm, mən ölmüşün gözləri,
Qara xallı al yanağa düşübdü.
Qara qaşın, qara zülfün vəsfində,
Qara gəlsin- söz sınağa düşübdü.

Qara günün, qara dərdi varıymış,
Qara başa səpiləsi qarıymış,
Qara qula qara dünya darıymış,
Qara bəxtim çox qınağa düşübdü.

Qara bulud getməz, şəfəq saçıla,
Qara gecə dan üzünə açıla,
Qara sevdam nə bitə, nə qaçıla,
Qara nəğmə lal dodağa düşübdü.


***
Vətənin sevgisi sehrdi , sirdi,
Bu sehrə düşməyən bəxtiyar olmaz.
Məğzi, mahiyyəti, qayəsi birdi-
Onuntək sevdiyim bir diyar olmaz.

Dönməsəm üstündə yay, qış çətrinə,
Yad ətirlər qatsam, doğma ətrinə,
İncitsəm, can vətən, dəysəm xətrinə,
Küsər taleyim də, mənə yar olmaz.

Vətən, çiçəyini, gülünü sevdim,
Sənin baldan şirin dilini sevdim,
Elatını sevdim, elini sevdim,
Elə arxalanan eldə xar olmaz.

Yerin ürəyimdə- saf, duru qanla,
Namusla, qeyrətlə, təmiz vicdanla,
“Öl” desən yolunda ölərəm canla,
Ölməməyə məndə ixtiyar olmaz.

Qoy sənin döyünən ürəyin olum,
Sərhəddə dayanan dirəyin olum,
Nə cürsə... nə cürsə gərəyin olum,
Hər şeyə hazıram, mənə ar olmaz.

Sən Odlar Yurdusan, şair balanam,
Gahdan kükrəyənəm, gahdan dolanam,
Bil ki, sənsiz əfsanəyəm, yalanam,
Mikayıl vtənsiz, vətən, var olmaz.



***
Musa Yaqub, nə müdətdir deyirlər,
Qara daşın gözlərindən yaş gəlir.
Nə eşq dolu, ürək açan şeirlər,
Nə bu növraq daş könlünə xoş gəlir.

Yetişibdi nəs zamana, nəs illər,
Nə taledi, sürür gələn nəsillər,
Nə müddətdir dəyişməyir fəsillər,
Dönə-dənə qış dalınca qış gəlir.

Adama dərdlər də daha naz edir,
Vallah, nə edirsə, bizə az edir,
İçimdə arzular hey pərvaz edir,
Ümidlə yol alır, dönür boş gəlir.

Olmaz ki, bəndəyə Tanrı baş qatmır,
Demirəm, dualar ağlna batmır,
Göy üzü bağlanıb, Tanrıya çatmır,
Hələ ki, cavabda ancaq daş gəlir.

Ömür sobasında canım kömürdü,
Qəfəsim döyülmüş qızğın dəmirdi,
Mikayıl, qəm etmə, bu da ömürdü.
Kişinin başına hər cür iş gəlir.



***
Buda vida dəmi: Salam! Əlvida!
Görüm ayrılığa dözəcəksənmi?
Unudub bir yolluq adımı, - ya da
Boylanıb yollara gəzəcəksənmi?

Xatirə yağacaq göydən yerlərə,
Mənə bənzəyəcək hər dağ, hər dərə,
Başını qaldırıb heç bircə kərə,
Gizlicə, gözaltı süzəcəksənmi?

Hərdən qüssələnib tək, qərib-qərib,
Nəmli dodağından bir öpüş dərib,
Əsən küləklərlə mənə göndərib,
Mənsiz tənhalıqdan bezəcəksənmi?

Eşqim ürəyində bağça becərdi,
Hər öpüş yerindən sevgi cücərdi,
Sana çiçəkləri, gör nə qədərdi,
Dərib yolllarıma düzəcəksənmi?

İllər kəsəcəkmi səbrini yoxsa,
Çəkəcəm ayrılıq cəbrini yoxsa,
Zaman qazacaqmı qəbrimi yoxsa,
Məndən ümidini üzəcəksənmi?

QURBAN

Dostun qeyrətini, dost namusunu,
Qeyrəti, namusu sanana qurban.
Çəkib cəfasını çəfakeş kimi,
Dərdini, sərini qanana qurban.

Dostlarını düşməninə qatmayan,
Aldatmayan, üzə gülüb satmayan,
Sadiq olan, ağır gündə atmayan,
Ürəkdən halına yanana qurban.

Dost adına heç biganə qalmayan,
Dostsuz dünyasında nəfəs almayan,
Yalnız xeyir-şərdə yada salmayan,
Hər zaman, hər yerdə anana qurban.

Mikayıl unutmaz ölüncə bunu,
Dostlardan alıbdı eşqin-odunu,
Dostluğa yad olan dedi-qodunu,
Pünhanca qizlədib, danana qurban.

ÜRƏK ADAMLAR

Şərə düşmənsiniz, xeyrə yarsınız,
Yixilan evlərə dirək adamlar.
Yaxşı ki, dünyada hələ varsiniz,
Hər zaman, hər yerdə gərək adamlar.

Qaranlıq komaya işıqlı baca,
Son ümid yeridir hər an möhtaca,
Əl tutar kasıba, əl tutar aca,
Bərəkət adamlar, çörək adamlar.

Saflardan safsınız, sulardan duru,
Günəşin atəşi, istisi, nuru,
Dostların ərk yeri, fəxri, qüruru,
Ay başdan ayağa ürək adamlar.

GEDƏK

Tutum əllərindən, gedək mənimlə,
Pəmbə, buludlarin belində gedək.
Unudaq dünyanın qayğılarını,
Arzular, ümidlər selində gedək.

Dəyişək ikimiz şərtləri belə,
Keçək keçilməyən sədləri belə,
Gözü yolda qoyaq dərdləri belə,
Baş alaq nağllar dilində gedək.

Xəyalları köhlen bilək, atlanaq,
Oda düşək, odum-odum odlanaq,
Tarixləşək, Leyli-Məcnun adlanaq,
Sevgilərin xəfif yelində gedək.

NƏ BILƏR

Lələ dağı çəkməyəndən soruşma,
Lalənin bağrında xaldan nə bilər?
İşgörməzin işlərinə qarışma,
Arı zəhmətindən, baldan nə bilər?

Zər qədrini zərgər bilər əzəldən,
Naz-qəmzəni gözləginən gözəldən,
Şairlər danışar şeir, qəzəldən,
Hal əhli olmayan haldan nə bilər?

Şapalaqla qızadılan üzlər var,
Kipriyiylə köz götürən gözlər var,
Hələ neçə deyilməmiş sözlər var,
Lal dili bilməyən laldan nə bilər?

Çarıq da geyinsən, lələ, dəmirdən,
Qaramı var, qaralıqda kömürdən?
Nələr gəldi, nələr keçdı ömürdən,
Kim ki, aşmayıbdı yaldan nə bilər?

Saylı gündə irəli yox, geri yox,
Mikayıl, nadanla cəhdin yeri yox,
Deyərlər ki, ağılı yox, səri yox,
Ya aldat, ya da ki, aldan- nə bılər?

TÜRKİYƏM

Sərhəd qapiların qolların kimi,
Açıldı üzümə, salam, Türkiyəm!
Hislərim çulğaşdı yolların kimi,
Sənə yön götürən yolam, Türkiyəm!

Gəzəm addım-addım, gəzəm doyunca,
Baxam heyran-heyran gözüm doyunca,
Söhbətim doyunca, sözüm doyunca,
Sonda xəyallara dalam, Türkiyəm!

Ümid çırağımız yanan məkansan,
Türkə güvənc yeri, türkə təkansan,
Bütün türk soyuna şərəfsən, şansan,
Möhtəşəm, alınmaz qalam,Türkiyəm.

Boz Qurdlar ulaşar zülmət gecəndə,
Atatürkün ruhu yaşayar səndə,
Başının üstünü düşmən kəsəndə,
Ya şəhid, ya qazi olam, Türkiyəm!

SƏNƏ
(təcnis)

Aşiq olub oba sənə, el sənə,
Qibtə edir bu görkəmdə gül sənə.
Haqq olanı sən də duyub, bilsənə,
A bəxtəvər, sevinsənə, gülsənə.

Qoy yatım qoynunda, hara sərindi?
Üstümə zülfünü dara, sər indi,
Könül, sadağadı yara sər indi,
Quşum qondu, meylim düşdü, gül, sənə.

Mikayılla dost səddini gül əydi,
Gül bitirən kol qəddini gül əydi,
Anlayanlar sevinəydi, güləydi,
Anlamayan gülməsə nə, gülsə nə?

QEYRƏTDƏN O YANA
(ildə bircə gün anılan faciələrimiz)

Bir günlük xatirə, bir günlük anım,
Bir günlük oyanan, səsim, vicdanım,
Oyan, bəsdi yatdın, Azərbaycanım,
Qeyrətdən o yana itəcək nə var?

Nənəmin, babamın məzarı qaldı,
Ruhların əlləri uzalı qaldı,
Obalar xiffətden sozalı qaldı,
Qeyrətdən o yana itəcək nə var?

Müqəddəs olanı satıb gəldimsə,
Yurdumu-yuvamı atıb gəldimsə,
Yolu qabağıma qatıb gəldimsə,
Qeyrətdən o yana itəcək nə var?

Qar üstə çarpışan qanlı iz gördüm,
Döşləri kəsilən gəlin, qız gördüm,
İyrənc gülüş gördüm, iyrənc üz gördüm
Qeyrətdən o yana itəcək nə var?

Üzümə şıllətək vur qazancımı,
Dola boğazıma bu utancımı,
Qoy çəkim içimdə qara sancımı,
Qeyrətdən o yana itəcək nə var?

Ya qazi, ya şəhid ola biməsəm,
Düşməndən öcümü ala bilməsəm,
Ər oğlu ər kimi qala bilməsəm,
Qeyrətdən o yana itəcək nə var?

SƏN VƏ MƏN

Bir xəyal, bir nağıl, bir əfsanəsən -
Uyduran da mənəm, danışan da mən.
Bir ocaq, bir atəş, bir alov, bir od -
Yandıran da mənəm, alışan da mən.

Ömür gətirsə də nəhs illərimə,
Sənli bircə günüm bəs illərimə,
Çöhrənlə dəyişən fəsillərimə,
Sevinən də mənəm, pərişan da mən.

Sən mənə tale yox, tale yazansan,
Könlümü uyudan huşyar ozansan,
Bilmirəm müqəddəs ruhsan, ya cansan,
Ayrılan da mənəm, qarışan da mən.

Ötürdüyüm köksüm, çəkdiyim ahım,
Haqdan çox sevdiyim şirin günahim,
Ərk yerim, ümidim, sənsən pənahım,
Arabir küsən də, barışan da mən.

Açıldın gülşənin xələf gülütək,
İsitdin könlümü səmum yelitək,
O başa, bu başa qaçıb dəlitək,
Sevincdən kölgəmlə yarışan da mən.

GÜNAH

Rəngini, ruhunu duyuram, günah,
Tamını, qoxunu duyuram, günah,
Varını, yoxunu duyuram, günah,
Necə də duymayım, mən sənəm elə.

Silməyib keçdiyim yaşdan xəbər al,
Ürəyimdən yumşaq daşdan xəbər al,
Dən ilə tutduğum quşdan xəbər al,
Tələyə taxılan bir dənəm elə.

Adamam, adıma düz seçilibsən,
Paltarsan, üstümə düz biçilibsən,
Nə boyuma artıb, nə kiçilibsən,
Səninlə bir boyda, bir tənəm elə.

Tamah atan mənəm, göz anan mənəm,
Yalan dostun mənəm, söz xatan mənəm,
Səninlə qol-boyun, eh, yatan mənəm,
Dövrəndə gah duman, gah çənəm elə.

Əl uzatmadımsa yoxsula, aca,
Xəstəyə, zəifə, mənə möhtaca,
Yanından sürətlə keçdiym qoca,
Günah deyilən şey - bu mənəm elə.

GÖZƏL
(təcnis)

İşvə olar, qəmzə olar, naz olar,
Vurulmaz fürsətə gələnə gözəl.
Hicrana, həsrətə dözən az olar,
İnsafa, mürvətə, gələnə gözəl.

Ömründə hər kəsə bəxti yar ola,
Yar-yara qovuşa, bəxtiyar ola,
Kimsə oğrun-oğrun baxdı-yar ola!?-
Dönüb mənə sarı gələ, nə gözəl.

Nə sevgi bir quşdu, nə də könül dən,
Ayrılıq saçıma saldı, könül, dən,
Ruhum aşiq oldu, sevdi könüldən,
Mikayıl, haraya gələnə göz, əl.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 017 | Yüklənmə tarixi: 19.12.2018 17:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031