Amerikalıların ən sevimli romanı

ABŞ-da bütün yayım orqanlarına nəzarət edən İctimai Yayımçılıq Xidməti şəbəkəsi bir ildir apardığı sorğunun nəticəsini açıqlayıb.
"nytimes”-ın xəbərinə görə, bir ildir aparılan sorğuda 4,2 milyon insan birbaşa "ən sevdiyiniz roman?” sualına cavab verərək, 5,6 milyon nəfər isə müxtəlif məqsədli sorğuların tərkibində oxşar sualı cavablandıraraq dolayı yolla araşdırmaya qoşulub.
Sorğu nəticəsində adı ən az 40 dəfə təkrarlanan müəlliflərdən ibarət 100 yazarlıq siyahı tərtib olunub. Ilk onluğunda Corc Oruel, Mark Tven, Fyodor Dostoyevski, JK Roulinq, Tolkien, Con Steynbek, Ceyn Osten, Şarlotta Bronte və s. kimi müəlliflərin yer aldığı siyahıda birinci yerə səs üstünlüyü ilə bütün ömrü boyu cəmi bircə roman yazmış Harper Li sahib olub.
Araşdırma nəticələri Linin dünyaca məşhur "Bülbülü öldürmək” ("Killing mockingbird”) romanının bütün nəşr və yayım hüquqlarının yeganə sahibi "Harper Collins” nəşriyyatını həyəcanlandırıb.
Nəşriyyatın sözçüsü Eymi Baker: "Mən klassika hesab edilən yazarları çəkə, müqayisə edə bilmərəm. Buna ancaq bu sorğudakı kimi milyonlarla insanın cavabı, seçimi qərar verə bilər. Bu romana nəşr olunduğu ildən lazımı qiymət verilib, müəllif haqqı olan hörmətə, nüfuza çatıb. Hər gün minlərlə roman bazara çıxır. İnsanların bayağı nümunələrə pul xərcləyərək bestseller siyahısına salması bizi məyus edir. Amma bu sorğular göstərir ki, ədəbiyyatın hələ də böyük dəyəri var". Nəşriyyat bununla da kifayətlənməyərək, sorğu nəticələrinin sosial şəbəkələrdə daha çox oxunması üçün reklama ciddi məbləğdə maliyyə ayırıb.
Adıçəkilən roman 1961-ci ildə "Pulitzer” mükafatına layiq görülüb. Nəşr olunduğu gündən dünyada 40 milyon nüsxədən çox satılıb. 46 dilə tərcümə edilib. Müəllif ötən il nəşr etdirdiyi ikinci romanında bu romanın əvvəlini, yəni hadisələrin birinci hissəsini canlandırıb. Roman ABŞ-da böyük maraq görüb, yüksək satış göstəriciləri ilə yadda qalsa da, "Bülbülü öldürmək”-in uğurunu təkrarlaya bilməyib.
MANERA.AZ