Həsrətin özündən əzizdi daha - Xatirə Rəhimbəylinin şeirləri

Manera.az Xatirə Rəhimbəylinin şeirlərini təqdim edir:
***
Səni unuduram... əriyib fikrin
Düşür lələk-lələk zər qanadları...
Səni unuduram... gözümün seli
Yuyur köksümdəki dərin çatları...
Səni unuduram... ölür ovcumda
Sözün alabəzək kəpənəkləri.
Səni unuduram... məzarı olur
Əlvan çiçəklərin çiçək ləkləri...
Səni unuduram... düşüb boşluğa
Səhra küləyitək ulayır ürək.
Bu qədər boşuna acı çəkmişəm,
Səni unudaydım əzəldən gərək.
Səni unuduram... unudam gərək
Yaddaşım da qalsın, bir dənəm, sənsiz.
.........Harda quzu mələsə,
.........Bil ki, o, mənəm sənsiz...
Səni unuduram...
Salam
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb yol düz gəlməyib
Ürəyi həsrətdə solan ey,salam
Gəzir aralıqda qatı duman çən,
Eh, nə bu mən mənəm, nə də o sən sən
Ürəyim eşitdi ürəyin verən
Allah salamını...Salam ey,Salam!
Hər dua Allaha agah olmur ki,
Quruca bir salam günah olmur ki...
Hər qəlbin salamı , Segah olmur ki,
Ürəyim inlədi:" Balam ey..." Salam.
Eh gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... Salam
***
Belə vardan könül niyə incisin,
Sən gözümdə yuxu kimi varımsan .
Sən dünyanın varı kimi yoxumsan,
Sən dünyanın yoxu kimi varımsan.
Zaman keçdi,ömür axdı su kimi,
Son nəğməmdi ,oxuyuram qu kimi...
Sən dərdimin tapılmayan həkimi,
Çəkilməyən ahı kimi varımsan.
Bu ürəkdi yanıb-yanıb qovrulan,
Yanıb-sönüb külü göyə sovrulan.
Məhəbbətin gözlərini ovduran,
Zalımların şahı kimi varımsan...
***
Mənə də xəbər et hayana getsən,
Yolların çəkilsin gözüm üstdə,get.
Qoyma səksəkədə qalsın ürəyim,
Gedəndə adımı bir yol səslə,get.
Alqışım tökülsün - qırx qoluzorlu,
Duam-sənam gəlsin-qırx incəbelli.
Tək çıxma yollara,obalı-elli
Xəyallarım olsun sənə dəstə,get...
Sözünün üstündə dur ömür boyu,
Qəlbimi qır elə,qır ömür boyu...
Sən ay ayrılığı bir ömür boyu,
Gəlişi,görüşü boyu bəstə,get...
Bilirəm ,ta düşməz güzarın mənə,
Qazdırdın bu eşqin məzarın mənə.
Heç vaxt acı çəkmə,azarın mənə,
Onsuz da salmısan canı xəstə,get...
Kim deyir həsrətin yük ürəyimə,
Çək dağı dağ üstdən,çək ürəyimə.
Gözünün qadasın tök ürəyimə,
Ömrümün qalanın xərac istə , get...
Dəli
Gözümün yaşını selə döndərib,
Ömrün altın üstə çevirən dəli.
Yalandı bu acı giley-güzarlar,
Mən yenə də səni sevirəm,dəli.
Neyləyim bu qədər sərtsən,soyuqsan?
Çaşaram hardasa qarşıma çıxsan..
Sən ay mənim yoxum, sən həmin yoxsan,
Varsan ki, taxtını devirəm, dəli ?
Sən bir şirin yoxsan, mən bir acı var,
Sən lalsan, mən isə dili-dilavar,
Dəli duyğuları,noolar,gəl apar,
Hərəsin bir yana qovuram, dəli!..
Qalmaya ürəklər güman içində,
Elə ah içində, aman içində,
Noola, tufan olam bir an içində,
Bütün dərdü-səri sovuram,dəli.
Sən bir var olasan,mən bir bəxtəvər,
Döyə qapımızı hey xeyir xəbər,
Deyə bir-birinə vurğun könüllər,
Hər səhər, hər axşam "sevirəm'',dəli,
Mən sənin dərdindən ölürəm, dəli!.."
***
Yenə ürək doldu,gözlərim daşdı,
Söz-sovum tükəndi,dilim dolaşdı.
Mənəm qəlbiqiriq,gözləri yaşlı,
Bax,onsuz gəlmişəm sizə, ellər eyyy...
Soldunuz kimlərin fəndi- felində,
Kimin qəbri üstdə,kimin telində...
Dərilib dəstəylə onun əlində
Niyə gəlmədiniz mənə ,güllər eyyy...
Nə var ürək qırıb ,könül yıxmağa,
Yaxından yandırıb gendən baxmağa.
Yoxsa üzünüz yox üzə çıxmağa,
Uzanıb gedirsiz hara,çöllər eyyy...
O,oyun oynadı,mən buta bildim,
Bunu bəxt yazana bir xata bildim...
Nə yetdim,nə də ki unuda bildim,
Boşuna dolandı aylar,illər eyyy...
Gördüm bu dünyanı onun gözüylə,
Özünü itirdim ,getdim iziylə..
Yaxşı nişançıymış,bircə sözüylə
Qırıldı qanadlar,düşdü qollar eyyy..
Yenə ürək doldu,gözlərim daşdı,
Söz-sovum tükəndi,dilim dolaşdı.
Mənəm qəlbiqiriq,gözləri yaşlı,
Bax,onsuz gəlmişəm sizə ellər eyyy...
***
Ürəyim sızlayır səsindən ötrü,
sözünün acısı eynimə gəlməz.
Səsin də dünyanın keyfinə gedir -
bircə yol hərlənib bu qəmə gəlməz.
Hər sabah çarmıxa çəkilər ahım,
“Ən-əl-sən” demişəm, bumu günahım?!
Adına bir ölkə qurmuşam, şahım!
Bəs nədən...
insafın ölkəmə gəlməz?!
Yıxıb inancları, danıb dinləri,
sevginin canına saldın cinləri.
Ruhumun o xilas göyərçinləri
nə çağrışa baxmaz, nə dənə gəlməz.
Adına doğulub sevgim, hər nəsə...
Ürək sına-sına, qəlb əsə-əsə...
Bu dəfə sevdiyi rəhmə gəlməsə,
bu can bu cahana...
eh, yenə gəlməz.
Qayıt
İncidir qəlbimi ögey sevgilər ,
Neynirəm özgəni ,mənə sən qayıt!
Hər addımda yerin görünən yerə
Yenidən ,yenidən ,yenidən qayıt !
Hicrin gör neyləyib sənin naşına ,
Leylinəm ,Əslinəm , dönüm başına .
Gəlmirdi qaranlıq günüm xoşuna ,
Saldın saçlarıma daha dən ,qayıt ...
Andınmı adımı,qurban adına ,
Düşdümü ilahi eşqin yadına ?!
"Vəfasız" söyləyib sənin adına
İncidir qəlbimi hər yetən ,qayıt ...
***
Niyə vəfa umdun sözü gözəldən ,
Çələngmi olurmuş quru xəzəldən?..
Zərif yarandın ki,könül ,əzəldən ,
Elə gedib--gəlib qıralar səni?...
Hayana daşısam bu qəlbi ,yükdür,
Ağrısını kimsə çəkməyəcəkdir ...
Gedənin gedibdir,gəlməyəcəkdir,
Nahaq dilə tutur bu bahar səni...
Görürəm ,astarın üzündən baha ,
Savab gəzə-gəzə batdın günaha .
Həsrətin özündən əzizdi daha ,
Daha qəbul etməz buralar səni.
Qışı gətirmisən sən elə çoxdan ,
Bir ömür üşüyüb ürək soyuqdan .
Könlüm elə küsüb sən adlı yoxdan ,
Qoymaram ta məndən soralar səni.
Mənə qəhr eylədi bəxt yazan kişi ,
Hökm etdi,bəd gəldi ömrün gərdişi ...
Eh ,ürək tərgitmir bu pis vərdişi ,
Elə yazar,pozar ,qaralar səni...
***
Sən gedəli kəsmir gözümün seli,
Gözümdən gəlirmi əməyin,ana?
Bilirsən qəlbimi necə yandırır
'Heç məni yazmırsan" deməyin ,ana.
Havalanıb başı əsən yellərin,
Könlünü kim alsın küsən güllərin.
Ah, necə güclüymüş zərif əllərin,
Kəsilib hər yerdən köməyim,ana.
Qoymazdın ki ola qəlbi qan belə,
Başımın üstündə gəl dayan belə.
Gözümün önündən bircə an belə
Getmir ki heç deyib-gülməyin,ana.
İddiam üzümdə qaram olardı,
Ən cığal duyğum da tez ram olardı.
Qara günlərimdə bayram olardı
Qəfil qonaq kimi gəlməyin,ana.
Gül üzlüm ,ömürün gül qədər oldu,
Güldüyün ay qədər,il qədər oldu.
"Şax gəzin!" deməyin zay,hədər oldu,
Əydi qəddimizi ölməyin,ana!
Sən idin ən yaxın dostum,sirdaşım,
Ovunmur ürəyim,qarışmır başım.
Qaldı qiyamətə mənim göz yaşım,
Sənin göz yaşımı silməyin,ana...
***
Silinməz ki alnımızdan yazın ,bil,
Onu çoxun ,məni cüzin,azın ,bil.
Bu dünyada sən hər kimsən,özün bil,
Xəyalımda elə həlim olmusan.
İnciməsin,qışqanmasın əyalın,
Gözlərinə görünmür ki,camalım.
Xəyalımda köməkçimdi xəyalın,
Hər işimdə vuran əlim olmusan.
Gözün odu ağir yükdə keçibdi,
Darta-dartda ,çəkə-çəkdə keçibdi...
Ömrüm sənə yüyürməkdə keçibdi,
Sarpmadığım doğru yolum olmusan.
Həmişəlik yapişdığın yaxamsan,
Çox fazlamsan,artığımsan,dahamsan
Bu dünyadan almadığım bahamsan.
Mənə Haqdan ucuz ölüm olmusan.
Noola, bütün bilməcələr bilmlər,
Aşkarlana,aça bütün elmlər.
Unudulsun deyə bütün zülmlər,
Sən mənimçün şirin zülm olmusan
***
Aradakı buzlar əriməliymiş,
Qorxuram,dünyanı sel tutar,gəlmə.
Arada o qədər çayır-çəmən var,
Yorğun ayağını lil tutar,gəlmə.
Uzaqdan eləcə qəhrini çək sən,
Yaxından qədrini bilməyəcəksən.
Qurumuş çiçək tək töküləcəksən,
Gələrsən, bax,səni yol tutar,gəlmə.
Nə xeyri bu köhnə sandığı açsan,
Töküləni çətin toplayacaqsan...
Bu "yalan" eşq üçün ac-yalavacsan,
Gerçəklər könlünə əl tutar,gəlmə...
Daha nəm-nişan yox bu daş saraydan,
Uçuldu yalançı haydan,haraydan.
Bir dalda yeri yox,könül boş meydan,
Üzgün ürəyini yel tutar, gəlmə.
***
Sən mənə taleyin zulum payısan,
Göynəyən könlümü bir üfləsən sən ...
Ruhumun qısılıb dustaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən ?
Gördünmü quruyan qaxac ömrümü ,
Cismimi qovuran bu sac ömrümü ?
Bu kədər yarpaqlı ağac ömrümü ,
Noolar , bircə kərə silkələsən sən ?!
Namərd quyulardı , xəbərçi qamış ,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik , ümidi sınmış
Ürək nələr çəkir...Nə biləsən sən ...
MANERA.AZ