manera.az
manera.az

İstədim son dəfə basım bağrıma - Ramiz Rövşən | MANERA.AZ


İstədim son dəfə basım bağrıma - Ramiz Rövşən  | MANERA.AZ

Manera.az oxucularına tanınmış şair
Ramiz Rövşənin şeirlərini təqdim edirik:


Vətən

Səni sevmək çətindir, Vətən Nə gündəsən ki,
Təpədən dırnağacan ... Günah içindəsən ki.

Bilirsən səni sevmək bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.

O sevgidən için-için gizlicə yanar adam.
Amma açıb deməyə qorxar, utanar adam.

Bu nə haldır düşmüsən, bu necə gündür, Vətən?
Adam səni sevməyə indi utanır, Vətən.

Üstündə neft ləkəsi kim yuyacag bu ləkəni,
Milyonçular ölkəsi, dilənçilər vətəni.

Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən.
Neftlə getdi bəkarətin, borular keçdi səndən.

Qarış-qarış qazılsan da sevin hələki sağsan,
Qara neftin qurtaranda Ağ günə çıxacaqsan!

QARA PALTARLI QADIN

Kişilər bir olmur atam balası
Qorxağı var,igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var.
Sən ölənde kim olacaq gözlərini bağlayan ?
Qardaşmı olacaq,yadmı olacaq ?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
En çox ağlatdığın qadın olacaq ?!
Gğz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb,dəyəcəksən: İlahi
Illər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdı bu qədər göz yaşını ?!
Bircə kərə nə saını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axi dərd vermişəm,
İndi görən, niyə çəkir dərdimi ?
Bu qadın baş daşımı öpüb,sığallamaqdansa
Yumruğuyla döysə-döysə yaxşıdır.
Qəbrimin üstündə ağlamaqdansa
Məni söysə, yaxşıdır.
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi
Baş daşımı bəsdi basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama..

YAĞIŞ

Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da,
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.

Gələn nədir, gedən nədir?
Bələk nədir, kəfən nədir?
Bu dünya öz kefindədir,
Yağış yuyur, gün qurudur.

... Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...

İLAN BALASI

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.

Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.

... Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey...
Bu ilan balası bir vaxt
Canında
Gizlənən zəhərdən xəbər tutacaq.

Bəlkə qarğıyacaq
baxtını onda,
Bəlkə boğazını
qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!

Bu da bir ömürdü,
dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –
sevən bir ürək,
Dişinin altında –
zəhər tuluğu.

Görənlər çığırar:
- İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər
yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, -
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.

Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
Hara qaçacaqsan
göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan
öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.

Öyrən,
yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə
öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə

DÜNYA SƏNDƏN KEÇİB DURULUR BƏLKƏ

Təpədən dırnağa hirs içindəyəm
Təpədən dırnağa hirs içindəyəm
Dönmüşəm dustağa hirs içindəyəm
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz
Bir çiçək qoxusu, bir quş qoxusu
Daha ürəyimə yol tapa bilməz

Səpdim mən öz yarama mən öz külümü
Adam öz külünə bulunur belə
Dişim parça-parça kəsir dilimi
Şeirim hecaya bölünür belə
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim
Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam
Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim
Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı
Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin

MƏN KÜSÜB GEDİRƏM

Mən küsüb gedirəm...
Qoy hamı qalsın,
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam -
qoy dərdim anama qalsın,
Atayam -
qoy balam küssün özündən.
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldi,
nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
İlahi, səndən də sındı ürəyim,
məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq... ələ gəlməyən,
boğazdan keçməyən tikəsi sənsən.
Mən sənin yanına uça bilərdim.
uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim.
açmıram, beləcə susub gedirəm.
Yandırıb gedirəm bu varağı da,
bu şeirin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da, -
məni qaranlıqda itirmə ancaq.
İlahi, küssım də, səninəm yenə,
gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə
gedib çıxanacan üstümdə olsun.
... Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında
oturub duncimi alaram bir az.
Boşluğa sallaram ayaqlarımı,
Uşaqtək yellərəm ayaqlarımı,
uşaqtək sevincək olaram bir az.
Bir ölüm işığı gəzər üzümdə,
boşluqdan səs gələr:
"Yubanma, tez gəl!..
Sənə, çoxdandı ki, bu yer üzündə
hər şey maraqsızdı, ölümdən özgə..."
İlahi, gəlirəm, eşit səsimi,
kimsəyə ümid yox, sən ovut məni.
Bu nəhəng BOŞLUĞA atdım özümü,
SƏNƏ arxayınam, ÖZÜN tut məni!..


ALLAH BİZİM ALLAHDI

Allah bizim Allahdı keçər günahımızdan,
Allah bizi saxlasın hələ sabahımızdan.
Bizdə o sifətdi, nə sifətdi, belə qardaş,
Bir zərrə dəyişməz niyə ildən-ilə qardaş,
Bir razı qalan varmı bugünkü işimizdən,
Gəl, söhbət açaq, şanlı, gözəl keçmişimizdən.
Allah bizim Allahdı keçər günahımızdan,
Allah bizi saxlasın hələ sabahımızdan.

Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,
Allah bizim Allahdı keçər günahımızdan.
Bir quş kimi şeytan yuva qurmuş içimizdə,
Baxsan, görünür barmağı hər bir işimizdə,
Qardaş, niyə yoldaş, niyə bəs özü görünmür,
Şeytana papaq tikmişik, buynuzu görünmür.
Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,
Allah bizim Allahdı keçər günahımızdan.

Hamıya kələk gəlməyə biz ustayıq usta,
Hamıdan əvvəl gəl kələyi qardaşa, dosta,
Dost özgə deyil, qorxma, keçər günahımızdan,
Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,
Allah bizi saxlasın hələ sabahımızdan.

De, bunca lotu meydana birdənmi çıxıbdı,
Göydənmi enib, yoxsa ki, yerdənmi çıxıbdı,
O kimsə baxıb pozmasın öz halını indi,
Əkdiklərimizdir, dəririk barını indi,
Öz bağımızın meyvəsidir, dadına bir bax,
Heyvasına, almasına, armuduna bir bax,
Nə səpmişiksə, o cücərir torpağımızdan,
Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,
Allah bizim Allahdı keçər günahımızdan.

Ağız dolusu gör nə qədər dastanımız var,
Qarpız dolusu gör nə qədər bostanımız var.
Koroğlulara söz qoşub aşiq dilə gəlsin, E...e...ey...
Top nədir, tüfəng nədir, mizrab ələ gəlsin,
Düşmənləri sazla qovarıq torpağımızdan,
Yetimlərə paltar tikərik bayrağımızdan.
Allah bizim Allahdı, keçər günahımızdan,
Allah bizi saxlasın hələ sabahımızdan.

Son Görüş

Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç?

Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq.

Rahatlıq dilədin ev eşiyimə,körpəmin beşiyinə,
Nəvəsi diziüstə çıxan atama - anama da.
Bir vaxt səndən öncə rastıma çıxan,
Səni məndən alan qadınıma da...

İstədim son dəfə basım bağrıma
Dedin - "nəyə lazım, yox yaxşı deyil.
" Ağladın dedim ki, "kiri ağlama"
Dedin ki, "yağışdı göz yaşım deyil..."

Bu görüş sonuncu görüşdü daha
"Bu gün ayrılırıq" deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin?

Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm.

Bir sevgi yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi
Bir qızla bir kişi ayrıldı o gün
Hərəsi bir yana üz tutub getdi .

O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur.

Əli Allah ətəyində.
Əli Allah ətəyində,
Günahı var mələyin də...
Sevgini qız ürəyində
Əkən kimdi, dərən kimdi?
Min günaha bata-bata
Ömrünü sürü hər adam,
Kimdi yanımızda yatan,
Yuxumuza girən kimdi?
Göy üzü aylı-ulduzlu,
Allah baxır gizli-gizli,
"Bəlkə bir Allah təmizdi?"-
Görən kimdi?.. bilən kimdi?!..

Bu qatarın dalınca baxma

Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.

Uzaqdan, yaxından keçər bu qatar,
Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar.

Mən getdim, dünya ki qaldı yerində…
Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.


BAŞI KƏSİK GÖZƏL KÖTÜK

Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların

Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük...
Gözlə! kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Dünyanın kuləyi keçər,
Qarı yağışı keçər.
Qatar-Qatar quşu Keçər,
Daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaçlar yekələr ,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...
Məndən sənə salam olsun,
başı kesik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kesik gözəl kötük.
Eyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...

Şeirləri topladı:
Turan Etibaroğlu
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI