"Səhnə" yaradıcılıq qurumu fəaliyyətə başlayıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə "Səhnə" yaradıcılıq qurumu fəaliyyətə başlayıb. Qurumun ilk toplantısı oktyabrın 29-da AYB-nin "Natəvan" klubunda baş tutub.
İlk görüşdə gənclər tanınmış yazıçı, dramaturq, AYB-nin Dramaturgiya bölməsinin rəhbəri Firuz Mustafa ilə görüşüblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid qurumun məqsədi haqqında məlumat verib. Deyib ki, qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir. Yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulub.
"Səhnə" yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən, ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz "praktik-vizual" tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir.
Daha sonra qurumun rəhbəri dramaturq Firuz Mustafa ümumən dramaturgiya və onun digər ədəbi janrlardan fərqi haqqında geniş məruzə ilə çıxış edib. O deyib ki, dramaturgiyanın öz qayda qanunları olsa da, dramaturgiyanın aparıcı qüvvəsi şərtilikdir. Amma bu şərtiliyin arxasında bir daimilik də var. Bütün bunları bilmək üçün bu sahədə təhsil önəmlidir. Təkcə istedadla dramaturq olmaq mümkün deyil.
Firuz Mustafa məruzəsində dram əsərində məkan, zaman, remarka anlayışlarına aydınlıq gətirib. O, dünya və milli teatrlardan misallar göstərib. Eləcə də dramaturq milli teatrların fəaliyyəti, rejissorların əsər seçimi ilə bağlı düşüncələrini də bölüşüb, öz tövsiyələrini verib.
Qurumun məsul katibi rejissor Nicat Qərib teatrların hazırkı fəaliyyətinə toxunub. O deyib ki, səhnə əsərinin birinci rejissoru elə dramaturqun özüdür. O, zaman, məkan, hadisələr və obrazlar seçimi ilə artıq səhnə əsərini ümumi şəkildə qurmuş olur. Rejissor isə dramaturqla aktyorlar arasında bir növ körpü rolunu oynayır. Onun üçün əsəri ilk növbədə rejissor anlamlı, obrazların psixoloji analizini müəyyən etməli və bunu aktyora anlatmağı bacarmalıdır.
Daha sonra Firuz Mustafa və Nicat Qərib qurum iştirakçılarının suallarını cavablayıblar. Gələcək görüş üçün dramaturqun "Müqəvva" ikipərdəli monodramasının müzakirəsi nəzərdə tutulub./525.az/
MANERA.AZ