Türkiyə - Azərbaycan əlaqələri nəşriyyatı - Simpozium başladı

Sentyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türkiyə-Azərbaycan nəşriyyatı” mövzusunda konfransın açılış mərasimi keçirilib.
Manera.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyi tərəfindən təşkil olunan tədbirdə iki ölkənin nəşriyyat rəhbərləri, alim və mütəxəssislər iştirak ediblər.
Səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi ölkələrimizin tarixi birliyindən danışıb, dahi şəxsiyyət Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyətindən danışan İ.Çiftçi nəşriyyat, kitabçılıq və kitab təbliği sahəsində əməkdaşlığın, birgə fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ölkələrimizin nəşriyyatları arasında, həmçinin kitab yayımı sahəsində əlaqələrin genişləndirilməsinin səmərəli olacağına əminliyini bildirib.
Eyni zamanda, konfransın əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra ayrı-ayrı nəşriyyat rəhbərlərinin çap məsələləri, bu sahədə Türkiyə-Azərbaycan əlaqələri, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında çıxışları dinlənilib, müzakirələr aparılıb.
Konfrans sentyabrın 30-da başa çatacaq.