"UNUDULMAZ" güşəsində Eldar Baxış - LAYİHƏ
![]()
22 may mərhum şair Eldar Baxışın anım günüdür.
Xatırladaq ki, Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).
Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).
"Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir.
Kukla teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. "Azərbaycan" jurnalında çap etdirdiyi "Qaravun dərənin dükançası" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Özbəkistanın ürək dostları klubunun fəxri üzvü seçilmişdir (1992).
1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir. Burada Xırdalan qəbristanlığında dəfn olunmuşdur.
Mərhum şairin şeirlərini təqdim edirik:
VƏTƏN
Pişik istədiyindən
yeyir balasını,
mən də səni yeyirəm
istədiyimdən
təndirindən çıxan çörəyi yeyirəm,
ağacın gətirən barı yeyirəm,
pətəyindən süzülən balı yeyirəm,
yemişəm,
yeyəcəyəm,
axırda səndən
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm, -
canımla,
ətimlə,
qanımla
təndirindən çıxan çörəyin,
ağacın gətirən barın,
pətəyindən süzülən balın
yerini verməkdən yana.
Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm!..
VAXT
Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdu…
… Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır, qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.
Uşaqlar gördüm ki, indi hamısı
olub ev yiyəsi, eşik yiyəsi.
İkəmmi,
üçəmmi, deyə bilmərəm,
doğub Həsigilin qaşqa düyəsi, -
bu vaxtdan nə desən gözləmək olar.
Həsinin özü də gördüm ki, elə
Gəlib üç-dörd uşaq atası olub.
Ətə-qana dolub bizim Süleyman,
ortası bir palıd ortası olub, -
bu vaxtdan nə desən gözləmək olar.
Bu vaxtdan nə desən gözləmək olar,
dünyanın çarxını döndərə bilər,
İstəsə cənnətin mələklərini
yığıb cəhənnəmə göndərə bilər.
Qələm
Olanım qələmdi vardan,dövlətdən
Dövlətdən uzağam, vardan uzağam.
Özüm öz nökərim, özüm öz bəyim,
Özüm öz qulluqçum,özüm öz ağam.
Qaşımı qaldırıb baxan deyiləm,
Dövlət sümürənə, var udana mən.
Yeməyə bir loxma çörək tapanda
Min şükür deyirəm yaradana mən.
Qızılla,gümüşlə,ipəklə, tüllə
Xurcunum, fərməşim basılı deyil.
Asılı deyiləm mən bir adamdan,
Bir adamda məndən asılı deyil.
Məni düz yolumdan döndərə bilməz
Beş adam,on adam, yüz adam canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.
Elə bu azadlıq bəsimdi mənim,
Neynirəm dövləti, neynirəm varı?
Neynirəm dilimi gödək eliyən
Qızılı,gümüşü, malı, davarı?
Bəsimdi, şeytana deməli sözü
Şeytanın üzünə şax deyirəmsə.
"Hə" deməli işə "hə" deyirəmsə,
"Yox"deməli işə "yox" deyirəmsə.
Mənə qələm verib bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi,hərdən qız kimi
Dizinə baş qoyub, yatdığım qələm.
Qələmin dizində yata-yata mən
Yuxular görmüşəm, dürlü yuxular.
Köhnə qala kimi, qalaca kimi
Sehirli yuxular, sirrli yuxular.
Ruhum uçub mənim,ruhum qovuşub
Avara, Xəzərə, Huna, Oğuza.
Qələmə demişəm dərdim olubsa,
Qələmimdə açıb, deyib kağıza.
Qələmim olanda güclü oluram,
Çaşmayan adamı mən çaşdırıram;
Bu gidi dünyanın pişiyini mən
Ağaca,divara dirmaşdırıram.
Qələmim olanda qorxu bilmirəm,-
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan,dövlətdən,
Onunda qiyməti otuz qəpiyə.
Nə yaxşı ki, qələm otuz qəpikdi,
Nə yaxşı ki, deyil od qiymətinə.
Nə yaxşı ki, qələm bazarda getmir
Maşın qiymətinə, at qiymətinə.
Axı, otuz qəpik otuz min deyil,
Kiməsə borclu da qala bilərəm.
Bu yazdığım qələm əlimdən çıxsa,
Gedib ayrısını ala bilərəm.
Manera.az