Vüqar Dəmirbəylinin hekayələr toplusu çapdan çıxıb

MANERA.AZ xəbər verir ki, Bakı Kitab klubunda uzun müddətdən bəri Almaniyada yaşayan yazıçı Vüqar Dəmirbəylinin yeni kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin 35 ildən artıq müddətdə yazmış olduğu hekayələrdən seçmələr toplanmışdır.
Hekayələr kitabda üç silsiləyə bölünür. “Əyalət” silsiləsində digərləri ilə yanaşı həm də yazarın bir çox başqa ölkələrdə çap olunmuş “Süddaşıyan”, “Pambıq plantasiyalarında”, “Həkimin oğlu” kimi tanınmış hekayələri cəmlənmişdir. “Tələbələr” silsiləsi gənclərin həyatına həsr edilmişdir: məhəbbət mövzusu ilə yanaşı cavanların sosial problemləri, cəmiyyətdəki təzadlara münasibətləri də burada geniş yer alıb. “Ordan-burdan” silsiləsi həm gənc qələm sahiblərinin, həm gənc rəssamların çətinlikləri və mübarizəsi ilə dolu hekayələri özündə birləşdirir. Kitab Qarabağ müharibəsinə həsr olunmuş “Zabit” hekayəsi ilə sona çatır. Ağdam uğrunda sonuncu ölüm-dirim vuruşuna girən döyüşçülər belə bir ümidlə özlərini fəda edirlər: əgər Ağdam uğrunda son nəfəsə qədər döyüşənlər olarsa, sabah kimsə hökmən bu şəhəri və bütövlükdə Qarabağı azad etmək istəyəcək.
Elman,
MANERA.AZ