O Məmməddi, çeşmə kimi çağlayar

Manera.az ustad şair Məmməd Aslanın şeirlərini təqdim edir:
YAXŞI Kİ
Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə,sinəmdə tonqal yanarmış.
Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum,ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.
Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına,közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki,dünyada yaxşılar varmış.
ƏS,BAHAR NƏFƏSLİM
Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki,sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.
Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.
Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim,ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.
KAŞ Kİ
Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.
Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.
O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar,ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.
Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum,nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.
Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.
NİYƏ İTİRDİN MƏNİ
Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.
Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.
Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.
SƏN DEMƏ
Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.
İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.
Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş…
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.
DƏRDDAŞIM DAĞLAR
Sizsiz yaşamağım - zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd - sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
SÖZÜN XƏTRİNƏ
Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!
MƏNİM
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu yerlərin göyçək dənizi,
Ürəyimdən mənim, gözümdən mənim.
Yamacı çağırdım, dağı səslədim,
Cavab gələr deyə ümid bəslədim.
Bir çoşub-çağlayan nəğmə istədim:
Kəkliklər çıxmadı sözümdən mənim.
Yönəldim bulağa bir qurtum içim,
Yamac fərşə döndü, gül əlçim-əlçim.
Mən necə tapdayım, mən necə keçim,
Min naxış pozular izimdən mənim.
Qurşağı çəmənə sancılıb göyün,
Çiçəklər nazəndə, quşlar ərköyün.
Ürəyim yaylaqda itibdi bu gün,
Xəbərim olmayıb özümdən mənim.
TANIMADIN BƏS MƏNİ
Kaş biləsən qəlbən necə istərəm,
Məndən xəfif inciməni,küsməni.
Ürəyimin tellərində gizlərəm,
Yarpaq kimi nazlı-nazlı əsməni.
Meh olmuşam,öyrənmişəm çəm indi,
Səndən ayrı ta etmərəm qəm indi,
Heç demirsən bu çağırış kimindi,
Hardan səslər belə tanış səs məni.
Hər səninlə öpüşdükcə bulaqlar,
Duymursanmı bu öpüşdə nəsə var,
O Məmməddi,çeşmə kimi çağlayar,
Pıçıltımdan tanımadın bəs məni?
BELƏ KÜSKÜN GÖRÜNMƏ
Çinar yarpağıdı,bu nədi yoxsa,
Xəzanmı qonubdu çiyninə belə.
Dərdinə bu göylər göynədi yoxsa,
Alma bu dünyanın eyninə belə.
Aydımı,ya sənsən buludda çimən?
Yandırıdın çökərəm tezi-geci mən,
Hər Məcnun xəyalı bir güllü çəmən,
Geyin bu çəməni əyninə belə.
Qəm yemə,yurdumun gözəl gəlini,
Şaxta tanımasın çiçək telini,
Dünyanın ardınca yellət əlini,
Salma hər fikiri beyninə belə.
QOŞA YARANSAYDIQ
Biz qoşa yaransaq nə olarmış ki?
Dünya bundan şirin olardı onda.
Gəzib dolanardıq qanad-qanada,
Göylər daha dərin olardı onda.
Birgə kökləyərdik qoşa simləri,
Birgə sınıdırardıq zor tilsimləri,
Solub-saralmazdı gül mövsümləri,
Göynəyimiz sərin olardı onda.
“Ol” deəsn olmazlar olardı həmən,
Çiçək qədəmini öpərdi çəmən,
Göylərin damında ulu mərtəbən,
Bəbəyimdə yerin olardı onda.
NƏ DEYİM
Nə şirinmiş bal həsrətin,bilməzdim,
Dadmamışam yanağını,nə deyim?
Hardan bilim hansı dağın balısan?
Öpməmişəm dodağını nə deyim?
Dünya hədər,ömür hədər,mən hədər,
Küsdürdüyün xəyallarım dərbədər,
Mənsizliyə dözəmməzdin bu qədər,
Kim doldurub qulağını nə deyim?
Bu sevdadan nə yarıdım,nə yazam?
Şah pərdəsi kökdən düşmüş bir sazam,
Gül bahara əsir düşmüş payızam,
Yağdır haqlı qınağını nə deyim.
SƏNİ APARAN YOLLAR
Sən getdin,arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana,çənə büründü,
Hönkürdü yamaclar,yallar beləcə.
Sənsiz dünya mənə dərd-qəmə döndü,
Üyündü zirvələr,dağ quma döndü,
Şəkərim,şərbətim zəqquma döndü,
Zəhərə çevrildi ballar beləcə.
Bir uca dağ idin yaz görkəmində,
Şehli çəmənlərin öz görkəmində,
Səni apardığı qız görkəmində,
Geriyə qaytara yollar beləcə.