Bilik Fondunun Masallıda maarifləndirici tədbiri olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu fevralın 23-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Masallı Dövlət Regional kollecində “Cümhuriyyətimizin 100 ili” çərçivəsində tədbir təşkil edib.
MANERA. AZ xəbər verir ki, tədbirdə Bilik fondunun nümayəndəsi, kollecinin direktoru Vidadi Nəzərov, müəllim kollektivi, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Manera.az saytının Baş redaktoru, Bilik Fondunun lektoru Şəhla Aslan “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti” mövzusunda mühazirə oxuyub. 
Lektor mühazirəsində cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin mədəniyyət sahəsində önəmli qərarlar qəbul etdiyini diqqətə çatdıraraq bildirib ki, Xalq Cümhuriyyəti tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.
Lektor Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mövcud olduğu müddətdə qəbul etdiyi qərarların böyük əksəriyyətinin məhz elmin, mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Şəhla Aslan çıxışını davam etdirərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində qəbul edilən qərarlar nəticəsində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində böyük canlanma yarandı.
Sonda qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. 
Tədbirdə lektorun Xalq Cümhuriyyəti mövzusunda çıxışı maraqla qarşılanıb.
Tədbirdə daha sonra kollecin tələbələrinin hazırladığı “Xocalı” tamaşası göstərilib.
Sonda kollecin əldə etdiyi uğurlardan danışan kollecinin direktoru Vidadi Nəzərov, burada gənclərin mədəni tərbiyəsi işlərinə mühüm diqqət yetirildiyini bildirib. Direktor Bilik Fondu ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayaraq, gələcəkdə Masallıda da Fondun filialının açılmasının gənclərin maariflənməsində böyük əhəmiyyət daşıyacağına ümidvar olduğunu bildirib.
Tədbirin sonunda tamaşada uğurlu çıxışlarına görə bir qrup tələbəyə kollec tərəfindən Fəxri Fərmanlar təqdim olunub.