Manera.az gənc yazar Şəhanə Müşfiqin şeirlərini təqdim edir.
Yenə yuxusuz bir gecə
Gedir əldən, gedir əldən.
Sevgimə kəfən biçirəm
Ağ vərəqdən, ağ vərəqdən…
Ay darılıb ulduzlara,
Həsrətindən bağrı yara,
Ləpələr qayalıqlara
Baxır gendən, baxır gendən.
Uzanıb, gecə uzanıb,
Ürəyim yol üstə qalıb,
Yarıma busə aparıb
Külək məndən, külək məndən.
Gəlib çıxmır son nəfəsim,
Yalnızlıqdır mənim fəslim.
İçimdə qırılan səsim
Gəlir göydən, gəlir göydən…
***
Bir qızım gələcək dünyaya
Bir səhər
köhnə doğum evinin
alaqaranlıq otağında
doğacaq günəş;
Ölüm yuxusundan oyanacaq şəhər
bir körpə səsiylə;
Və noyabr soyuğu dağılacaq nəfəslərdən
bir ananın ilıq təbəssümüylə…
Bir qızım gələcək dünyaya
həmin səhər
bütün gedənlərin əvəzinə…
Özüylə bərabər gətirəcək dünyaya anasını da…
Minicik ovuclarından
ümid səpəcək ömrümə,
Hər gülüşündə bir az daha öyrədəcək
gülməyi mənə,
Barmağımdan yapışan
o xırdaca barmaqlarından öyrənəcəm
həyata sarılmağı
və hər gecə dünyanın ən gözəl
musiqisi səslənəcək
qaranlıq otağımda
qızımın yemək zamanı…
Bir qızım gələcək dünyaya;
Boynuma dolanan
kiçicik qolları
qılınca dönüb kəsəcək
tənhalıqları;
Bütün güllələrə cavab atəşi olacaq
qığırtıları
Və bütün tankları əzib keçəcək
qorxaq addımları…
Hər yaz bənövşə toplayıb bağçamızdan
paylayacağıq yalnızlara…
Bir qızım gələcək dünyaya;
Məsələn, anasının şeirlərini oxumaq üçün
öyrənəcək hərfləri,
ya da insanların sifətini saymaq üçün rəqəmləri…
Bir qızım gələcək dünyaya;
Saçları ipək,
gözləri huzur yuvası,
Qəmzəsində əriyəcək
bu həyatın hər cəfası…
Bir qızım gələcək dünyaya;
Bütün saxta “sevirəm”ləri külə döndərəcək
bir tək “ANA!” nidası…!
*****
Şiddətli ayrılıq sindromundan əziyyət çəkirik:
Mən də,
sən də,
məhləmizdəki sarı quyruqlu pişik də…
Mən səndən,
Sən sevgilindən,
Sarı quyruqlu pişik isə
iki gün əvvəl qəfil ürəktutmasından keçinən
Tanya xaladan ayrılıb.
Mən sənsiz,
Sən sevgilinsiz,
Sarı quyruqlu pişik isə
Tanya xalanın hər səhər ona yedirdiyi
kolbasalarsız aclıq çəkir…
Mən səni gecələr yuxumda,
Sən sevgilini gecə işığı sönən pəncərə altında,
sarı quyruqlu pişik isə
Tanya xalanın kolbasalarını gecə
gözlərdən uzaq zibil qabılarında axtarır.
Bilirəm, sən heç zaman mənim olmayaqsan,
Sevgilin isə çoxdan ərə gedib;
Gedim sarı quyruqlu pişiyə kolbasa yedirim…
Manera.az
Baxış sayı - 1 854 |
Yüklənmə tarixi:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.