Manera.az Tural İsmayılovun "Qızım" şeirini təqdim edir.***
Nə qəşəngdir əllərin,
Bapbalaca barmaqların
Üzündəki saf gülüşlərin
O balaca yumruğunda gizlidir
Yumruq boyda ürəyimin arzusu, qızım.
Saçların da buruqdur
Mənim və atamın saçları kimi
Sən bir az atansan,
Bir az da baban
Səni necə arzulayıram,
bir bilsən, qızım.
Bədənin süd qoxur
Mən də sənin kimi körpə olanda
Elə qoxurdum, elə təmiz idim
Ay kimi parıldayırsan
Parlaqlığını gözləməkdir ümidim, qızım.
Gözlərin yamyaşıldır
Sən çəmənlikdəki çiçək yox,
Çəmənliyin özü kimi yaşıl gözlüsən
Gözlərin sevdiyim qadının portretidir
Sən bir az da anansan,
Sevdiyim qadınsan, qızım.
Necə xoşbəxtsən ki, sən olmamış
Hələ dünyada yox ikən
Atan sənə şeir yazır
Məktub yığır yastığının altına
Olacağın günün həvəsiylə nəfəs alıram, qızım.
Daha atalar qızlarını çox istəyir
Qızın nəvazişi ata qabarının mələyidir
Gələcəyin gün qapımızın şənliyidir
Ananın paralanan təkliyidir
Gəl, şənləndir komamızı, qızım.
MANERA.AZ
Baxış sayı - 2 559 |
Yüklənmə tarixi: 28.03.2017 13:09