Tamadanın şeirləriylə xoşbəxt olmaq | MANERA.AZ
***
Xəyalpərəstliyimizin qurbanı idik
Ya da qurban olduğumuzun..
Mən sənə yaxın olduğum qədər yaxın bilməmişdim özümü tanrıya..
Bəlkə də kəbinsiz öpüşlərimizdə idi günahımız..
Bəlkə dövlət nigahı lazım idi bir-birimizin hərarətini duymağa..
Bəlkə də bir toy bəs edəcəkdi hisslərimizin bəhrəsinə "lay-lay" deməyə...
Bəlkə bir tamadanın şeirlərində yatırdı xoşbəxtliyimiz, ya da şərəfimizə qaldırılan badələrdə.. Deyəsən, bir bəylik kostyumu və ağ gəlinlik lazım idi bir yastıqda qocalmağa.
Bir sevgiyə iki libas gərək idi bəlkə də..
İki qədəh şərbətdə və iki dilim tortda olacaqdı ömrümüzün şirinliyi.
Bəlkə də sevgimizin möhkəm olması üçün "Quran" kitabının altından keçməli idik..
Bəlkə bizim məhəbbətimizi də Vağzalı qarşılamalı idi..
Nə bilim bəlkə də..
Bəlkə də bunlar baş versəydi kreditlə qurulan ailəmiz olacaqdı...
Bizim də ailəmiz restoranlardakı nəzir qutularına atılan pullardan asılı olacaqdı bəlkə də.
Bəlkə biz də şərəfinə toplanan, öz toyunda söz verilməyən ikili-lal bəy və gəlin olmalı idik...
Bəlkə bizim də sevgimizin əbədiliyi qohumların xeyir duasında idi.
Bəlkə biz də sevgimizi müqəddəs etmək üçün dini toy etməliydik..
Bəlkə bizim də belə toyumuz olmalı idi..
Bəlkə bizim də şərəfimizə bütün qohumlar xərcə düşməliydi.
Bəlkə də ilk gecəmizin xəbəri yengədən duyulmalı idi
Bəlkə də..
İki şeydən qorxurdum;
Bir mənə qismət olmamağından, bir də məcburi öz qohumunla evləndirilməyindən...
Bəlkə də olmamalı idi bunlar. Düzünü Allah bilir...
Emin Akif