Müşfiqin bir şeiri var, divara yazılan..- Şeirlər

Manera.az gənc şair Allahşükür Ağanın şeirlərini təqdim edir:
Oxu, şairim
Şair, səhər- səhər bir durna köçünə əl eyləsən,
Vaqifin ruhuna vaqif olarsan.
Dizlərini yerə qoyub bir çiçək ləçəyinə əyilsən,
Bir roman oxumuş kimi ayağa durarsan.
Yoxsa sənin oxuduğun xarici romanlar
Kimi şair eylədi deynən?
Səhər- səhər dur bax, gör çay necə tələsir,
Onu kim , çağırır,
Bir məna ver, öyrən,
Bir çay romanı oxumuşam deynən, dostlara.
Get bazara bax, adamların üzlərinə, gözlərinə
Gör nə qədər yorğundular.
Elə bil min dəfə oxunmuş romandılar.
Köhnə, cildləri cırılmış bir kitabdılar.
Dünya ilə çəkilmiş haqq – hesabdılar.
Oxu şairim, bu adamlar xaricdən gəlməyiblər,
Sənin qonşularındı.
Oxu, o saat biləcəksən
Birinci hansı intihar edəcək?
Durna olmaq istəyirəm
Gecələrin ulartısuna qoşulub getmək,
Yazdan qışa
Qışdan payıza, yaya
Qəfil düşüb
Uzaqlığın üzündən öpüb
Bir durna səsi tək yerə
Enmək, necə gözəldi.
Daş kimi yox,
Bir az yayına – yayına,
Yellənə - yellənə
Bir şəhid atasının qulağına düşmək:
-Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla- söyləmək,
Necə gözəldi.
Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl – ayağını,
ağırlığını çəkmək yer üzündən.
Lap acıqca dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara:
Müharibə bitdi, müharibə bitdi-
Nə gözəl!
Bu səsi gətirmək üçün
getmək istəyirəm uzaqlara.
Vaqon qafiyəsi
Siz gecə qatarlarını duyursunuzmu?
Gecənin bağrını yara – yara uçduqlarından,
Ürək döyüntülərindən,
Içindəki xorultudan,
Yuxusu gəlməyəndən xəbəriniz olurmu?
Qadın bələdçilərinin
Düz ayaqları
Yol polisinin yola duşlanan ağacı kimi
Necə parıldayır gecələr,
Bilirsinizmi?
Vaqonların yarı işiq korudorunda
Qadın ayaqları gecə lompası kimi necə görünür,
Xəbəriniz var?
Hardan biləsiniz, ay bədbəxtlər,
Indi yatırsınz.
Vaqon bəldəçisinin ayaqlarına görə
mən gecə qatarlarını sevdim...
Vaqon pəncərəsindən düşən ay işığının
Vaqon bələdçisinin ayaqları ilə necə qafiyələndiyini bilsəydiniz əgər ,
Bir il bundan qabaq yazdığınız şerləriniz
Qafiyə ucundan ölməzdi.
Bayıl türməsi
Bu asfaltın altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə bərk vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı var.
Burda, bax burda,
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...
Yanımdakı qoca bir qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm: qanıda?
Ləpir
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
Bir it qaçırdı yolla
Bir it qaçırdı yolla,
Boynunda zənciri sürüyə - sürüyə,
Başqa itlər də itin yanınca
yüyürə - yüyürə,
Uşaqlar da itin arxasınca qaça – qaça
Gedirdi bir kənd.
Əslində tamaşaydı bu,
adamlarda yanıb baxırdılar
itin qaçışına.
Zəncirini sürüyə - sürüyə
Aparmağına.
O zəncirinecə
Qoparmağına.
Heç nəyin fərqində deyildi it,
It çəkib aparırdı azadlığını.
Bir də onun azadlığını boğan
əllərimizi...
Bizdə əllərimizin arxasınca
qaçırdıq.
Bayraq şəkli
Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.
Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayaraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ördenləri
Bir an içində qoparıb atardılar.
Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.
Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...
Məsələn
Məsələn deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik-
Bir – birimizi nədən tanıyarıq?
Məsələn, bizim adımız
Nəolaronda.
Sən mən itanımazsan
Mən səni tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.
Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn hələ yatma,
Hələ oyanma.