Kukla teatrında yeni tamaşa olacaq
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xalq nağılı “Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında yeni tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, rejissor Anar Məmmədovun quruluş verdiyi “Şəngülüm, Məngülüm” adlı monokukla tamaşası noyabrın sonlarında göstəriləcək. Quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar Artist Elza Seyidcahan olan tamaşa Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevanın ifasında təqdim olunacaq. Mahnıların mətnləri Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.
Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda, o cümlədən Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar rolunda çıxış edəcək.
Xatırladaq ki, bu nağıl teatrda əvvəllər tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından Şüngülüm ixtisar edilib.