manera.az
manera.az

Ayrılıqlardan başlayan sevgilər var - Şeirlər

📅 29.10.2017 15:45

Ayrılıqlardan başlayan sevgilər var - Şeirlər
Manera.az gənc şair Elçin Aslangilin şeirlərini təqdim edir:

DƏLİLƏNDİ

bu eşq nə eşq o nə yardır
qəmim ondan aşikardır
mənim iki canım vardır
birin görən dəliləndi…

çilə çəkən sevməzmi heyyy
bir gedən bir gəlməzmi heyyy
çıldıraraq deməzmi heyyy
özün bilən dəliləndi…

kədər rəhmətdən yoğruldu
tamah nəfsimdən doğuldu
Adəmdən gələn oğuldu
Həvva sevən dəliləndi…

gülün ətrin güldən alma
torpaqdan al, güldən qalma
dünyaya biganə olma
burdan köçən dəliləndi…

öz içimə yolum düşdü
özümə dərd olum düşdü
sağım düşdü solum düşdü
şeir məndən dəliləndi…

YAĞIŞA

Deyirlər islanıb o küçə yenə,
Göylərə bənd olub yolunu azıb.
Şorgöz kişilərə oxşayan küçə,
Bir yağış xanıma meylini salıb.

Uladı küləklər qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bax yenə tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin də.

Yağışlar uçurtdu küçəniz boyu,
Qırılmış qanadın döz deməyimin.
Çəkdi qapınıza kölgəmdən şəklin,
Küçə işıqları gözləməyimin.

Bir it hürüb keçdi səssiz gecədən,
Bir işıq da yandı bir uzaq evdə.
Bir Cırtdan nağıl da eşidib yatdı,
Yağəppək istədi nağıl da Div də.

Bir qız əllərini danlayıb yatdı,
Barmağı qandallı gözü yaşlı qız,
Yatdı, yuxusunda sevdiyi oğlan
Götürüb qaçmadı qızı, ağılsız..

Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə sayıqlamalar,
Keçdiyin küçələr tutur qolumu.

Bu gecə küsəyən qızcığaz kimi,
Göylərin gözləri süzülən oldu.
Gecənin qoynundan tərləyən yağış,
Bir parça şeirə düzülən oldu.

GÖYLƏR ADAMI

Bu adam başını alıb gedəcək,
Qoymayın yağışlar aparsın onu.
Deyin arakəsmə pərdələriylə,
Qoy, Allah özündən qoparsın onu.

Adamsan adamlar düzünə qayıt,
Bir şeir nədir ki, belə uzaqsan?
Sən, özü havalı ay adam oğlu,
O göylərdə bir şeirlik qonaqsan.

Bir damcı su üzü, su üzü bulud,
Su adam,yaş adam - mənə, qulaq ver.
Bir gün yalvararsan arada qalsan,
Mənə bir kəfənlik qara torpaq ver.

Bir ana laylası köçündən sonra,
Bu şeir adamı yükünə ağır.
Bir ana dilində şeirləşəndən,
Bu adam göylərdən özünə yağır.

Gəl, adam bir az da, gəl Elçin olaq,
Payızı,şəhəri,gəl verim sənə.
Gəl, anam yazıqdı gözümdən uzaq,
Qısılar bir küncə ağlayar yenə.


***
Bu gecə yağışı mənlə qalmadı,
Getdi yağış şeirlə qucaq-qucaq.
Bu gecə göylər də mənlə qalmadı,
Getdi göylər şeirlə Allah-Allah ...

Yalquzaq adamam, adamam adam,
Ulasam göylərin yuxusu qaçar.
Biz tərəf qaradı siz tərəf ağ-ağ,
Bu necə qıfıldı necə açılar?

Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə sayıqlamalar,
Keçdiyin küçələr tutur qolumu.

Qəşş edib yıxıldı ayrılıq sözü,
ayrılıq üzümü görüncə Vallah.
Bir damcı su çəkən olmadı dilə
gedirəm kəlməsi gəlincə Allah!

ANAMIN MƏNİ DÖYMƏSİ

Anamın məni döyməsi,
məndə qalıb şeir oldu.
Mən böyüdükcə anam,
qulaqlarımı çəkən əllərini şeirlərimdən oxudu.
Mən böyüdüm.
Anamın qara yaylıqla tanışlığı məndən başladı.
Anamın dərdləri artdı,çoxaldı,
Boyu boyuma uyğun dərd qocaltdı anamı.
Heç kim demədi,
bu qadın yazıqdı…
Elə mən də demədim.
Heç kim demədi,
bu qadın bir belə dərdi necə çəkdi,necə yedi?
Heç mən də demədim.
Anamın qəribə ağlamağı var,
Əlini ağzına tutub içini çəkə-çəkə ağlayar.
Anamın gülməyidə qəribədi.
Alatoran xatırlayıram,
görəsən necə idi?…
Mənim yerişimdə dərddi anama,
duruşumda,baxışımda.
Bircə şeirlərim dərd olmur ona,
Bilir ki,yüngülləşirəm yazanda.
Anamın məni döyməsi,
məndə qalıb şeir oldu…

NÖVBƏTİ STANSİYA AYRILIQ

– sən və mən bacarmırıq sevməyi…
sonra ofsiant gəldi
bir sənə baxdı
bir də mənə
içini çəkib ötəri nəzər də saldı
içmədiyimiz qəhvələrə
biz susurduq…

sonra televizorda xəbərçi danışdı-
dünən ağdam istiqamətində bir güllə
heç özü də bilmədən açılıb bir zabitin sinəsində
nişanlısı da varmış zabitin…
gedib gülləni dərib zabitin sinəsindən taxıb saçlarına
düşüb küçə-küçə başlayıb oxumağa
“Şuşanın dağları başı dumanlı
dərdindən ölməyə çoxdur gümanlı” …
biz yenə susurduq…

kədərliydik
istəyirdik ki metronun qapıları açılmasın…
açıldı…
özü də necə açıldı (?!)
əli cibindən ayrılanlar qapıdan çıxdılar
skamyadan ayrılanlar qapıdan çıxdılar
çiyin-çiyinə verənlər
kürək-kürəyə dayananlar ayrıldılar
bütün ayrılıqlar belədi
kədərliydik çox kədərli…

birdən kədərin ən sevimlisini metroda gördük-
balaca dilənçi qızlar
gizlənqaç oynayırdılar…
biz susmalıydıq
niyəsə susmalıydıq…

biz demədik
mənim ah çəkməyim
və sənin başını aşağı dikməyin dedi-
növbəti stansiya ayrılıq ….

ayrılıqlardan başlayan sevgilər var
unutdum deyənlər əslində hər gün xatırlayarlar…


Baxış sayı - 2 096 | Yüklənmə tarixi: 29.10.2017 15:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031