Rəvan CavidBu yağış məni də apara
torpağın altına,
babamın məzarına hopam.
Qopam bu dünyadan,
atamdan qopub
babamın uşağı olam,
atamdan bir yaş aşağı olam.
Atamla bir yerdə
nənəmin nağlına qulaq asım,
atamla bir yerdə
o çaydan keçim,
çayın da daşları ayağımı əzsin,
nənəm bizi çağırmaqdan bezsin.
Atamın qardaşı olum,
güləşim atamla,
belimi yerə vura-vura öyrətsin
həyatın adamları yıxdığını.
Sevginin paylaşmaq olduğunu desin,
cibindən çıxarıb ərik çəyirdəyini verəndə,
atamın qardaşı olum,
atamdan öyrənim övlad olmağı.
Küçə
Bu küçə o küçədi,
bu küçədə yetimdi balaca pişiklər də,
bu küçədə sərçələr yuva tapmır özünə,
burda heç kim inanmır dilənçinin sözünə,
bu küçənin evləri eyvansızdı niyəsə...
bu küçəyə heç ad da verilməyib deyəsən...
Buradakı məscidin minarəsi də hündür,
bu şəhərdə Allaha bura daha yaxındı.
Bu küçədə qocalar doymayıb yaşamaqdan
-gözlərində ümid var, üzlərində sıxıntı.
Bu küçənin yolları ayrılığa aparır,
bu küçənin evləri birotaq, təknəfərlik.
Əvvəl belə deyildi indiki yazıq küçə,
bu küçə də darıxıb vallah səndən ötəri...
Baxış sayı - 2 172 |
Yüklənmə tarixi: 31.07.2017 11:52