Kənddə bir qız tanıyırdım...- ELÇİN ASLANGİLin ŞEİRləri | MANERA.AZ
MANERA.AZ Elçin Aslangilin şeirlərini təqdim edir:
YAĞIŞA
Deyirlər islanıb o küçə yenə,
Göylərə bənd olub yolunu azıb.
Şorgöz kişilərə oxşayan küçə,
Bir yağış xanıma meylini salıb.
Uladı küləklər qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bax yenə tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin də.
Yağışlar uçurtdu küçəniz boyu,
Qırılmış qanadın döz deməyimin.
Çəkdi qapınıza kölgəmdən şəklin,
Küçə işıqları gözləməyimin.
Bir it hürüb keçdi səssiz gecədən,
Bir işıq da yandı bir uzaq evdə.
Bir Cırtdan nağıl da eşidib yatdı,
Yağəppək istədi nağıl da Div də.
Bir qız əllərini danlayıb yatdı,
Barmağı qandallı gözü yaşlı qız,
Yatdı, yuxusunda sevdiyi oğlan
Götürüb qaçmadı qızı, ağılsız..
Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə sayıqlamalar,
Keçdiyin küçələr tutur qolumu.
Bu gecə küsəyən qızcığaz kimi,
Göylərin gözləri süzülən oldu.
Gecənin qoynundan tərləyən yağış,
Bir parça şeirə düzülən oldu.
BİR QADIN DÜŞÜNÜN
(Müharibələrdə əsir düşmüş qadınlar üçün)
Qısa saçları pərişan bir qadın düşünün,
Yalın ayaqlarını daş döşəməyə
Qorxa-qorxa basan qadın...
Bir güllə atmışdılar,
Qulağının dibindən keçmişdi.
Pis-pis söymüşdülər,
Otağın küncünə çəkilmişdi.
Adını soruşub üstünə gəlmişdilər,
Dodağı əsə-əsə, fahişəyəm- demişdi...
Qadını 4 oğul atası 5 dəfə zorlamışdı.
Biri özünə,
Dördü oğlanlarının əvəzinə.
Qadının 17 yaşlı oğlan verirdi hər gün
Çörəyini, suyunu.
Hələ çıxardıb gəzdirirdi də,
Başına ip bağlayıb,
Bir neçə il bundan əvvəl
Ölən itini xatırlayıb, gəzdirirdi.
Bir kişilik yatağı vardı,
İki kişi ilə yatırdı.
Qadındı...
Ölsəydi ağlayardı
İçini-çölünü yağışlar,
Ölə bilmirdi,
Uzun saçları da yox idi kəndir hörməyə.
ən böyük silahı əlləri idi,
O da sığal çəkməkdən başqa bir şey bilmirdi...
Bir güllə atmışdılar,
Qulağının dibindən keçmişdi,
ərinə dəymişdi.
Pis-pis söymüşdülər,
Otağın küncünə çəkilmişdi.
Adını soruşub üstünə gəlmişdilər,
Körpəsini qucaqlayıb,
Dodağı əsə-əsə, fahişəyəm- demişdi...
Fahişədi,
Anadı,
əsir qadındı.
Qısa saçları pərişan bir qadın düşünün...
MƏN KƏNDDƏ BİR QIZ TANIYIRDIM...
Mən kənddə bir qız tanıyırdım,
Elə qəşəng yeriyirdi ki,
Bakıya getdi yerişini itirdi.
Deyirlər ki,
Yolda yıxılıb neçə dəfə,
Yəqin göz dəyib gözünə...
Mən kənddə bir qız tanıyırdım
Elə qəşəng baxırdı ki,
Bakıya getdi baxışları dəyişdi,
Adamı üç dənə gördü- maşın pul ev.
Gəl indi boş ciblə bu qızı sev.
Mən kənddə bir qız tanıyırdım,
Elə qəşəng qız idi,
Qəşəng gülürdü,
Güləndə dodaqları incəlib üzülürdü.
Bakıya getdi, dodaqları böyüdü.
Mən kənddə bir qız tanıyırdım,
Əli əlimə dəyməmişdi,
Bakıya getdi,
Əl-əl gəzdi əlləri.
Mənim tanıdığım qızın
Kənddə gəzən söz-söhbətlər gedib çatmır qulağına?
Bilirsiniz nə deyirlər?
Deyirlər ki,
Ana gəzən ağacı bala budaq-budaq gəzər...
Mən kənddə bir qız tanıyırdım,
Elə qəşəng qız idi ki,
Bakıya getdi,
Getdi...
MANERA.AZ