Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq - Sərəncam
Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
MANERA.AZ-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayacaqlar.
Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd edək ki, 2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.