Xalçaçı sənətkarlarımız birinci Avropa Oyunlarına əl işləri ilə dəstək veriblər | MANERA.AZ
Zaqatalada yerləşən xalça evində sənətkarlar təkrarolunmaz məharətlərini göstəriblər. Belə ki, toxunan xalçaların üzərində “ Bakı 2015” birinci Avropa Oyunlarının rəmzləri öz əksini tapıb.
Əsasən suvenir üslubunda toxunan xalçaların üzərində birinci Avropa Oyunlarının rəmzi olan nar bu məkana üz tutan hər kəsin diqqətini daha çox cəlb edib.
Xalça evinin icraçı direktoru Şaiq Əlixanov bildirib ki, yaxın günlərdə istehsalına başlanılan “Bakı 2015” birinci Avropa Oyunlarına həsr olunmuş suvenir xalçalar ölkəmizə gələn turistlərə hədiyyə üçün nəzərdə tutulub. Üzərinə narla məşəlin simvol kimi həkk olunduğu xalçaların toxunmasında əsas məqsəd ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının təbliğatına dəstək verməkdir.
Qədim xalçaçılıq sənətini yaşadıb inkişaf etdirən sənətkarların yundan toxuduqları və təbii rənglərlə boyadıqları xalçalar digərləri ilə müqayisədə həm uzunömürlü, həm də sağlamlığımız üçün xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif milli ornamentləri özündə əks etdirən təbii rənglərlə boyanan suvenir xalçalar ölçüsündən və toxunma sıxlığından asılı olmayaraq böyük sənətkar bacarığı ilə ərsəyə gəlir.
Qeyd edək ki, birinci Avropa Oyunlarının açılış mərasimində məhz ən çox diqqət cəlb edən 1000-ə yaxın rəqqasın stadionda yaratdığı xalça motivləri olub, eyni zamanda, onlar enli ətəklərindən istifadə etməklə qədim xalçaçılıq sənətində istifadə edilən ornamentləri canlandırıblar. / AzərTac